Məhkəmə qərarları › İş №e-2(060)-6023/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-6023/2023

31.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-6023/2023 31.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-12612/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarının dəyişdirilərək, cavabdehdən xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, cavabdeh ilə xx.xx.2012-ci il tarixində nikaha daxil olmuş, birgə nikahdan xx.xx.2013-cü il təvəllüdlü X7 doğulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-12612/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən tərəflərin birgə nikahından dünyaya gəlmiş xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün atası Cavabdeh hər ay 136.60 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Cavabdeh uşağın maddi cəhətdən saxlanılmasına lazımı köməklik etmir, çox ağır vəziyyətdə yaşayırlar. Cavabdehin kifayət qədər qazancı var, o isə heç bir yerdə işləmir. Cavabdehin onda olan məlumata görə rəsmi iş yeri yoxdur, gəliri dəyişkəndir. Hesab edir ki, hazırda bu məbləğ indiki reallıqda uşaqların saxlanılması üçün kifayət deyildir. Belə ki, təyin olunmuş məbləğ uşaqların geyimi, qidalanması, təhsili və s. bu kimi işlərin görülməsi üçün faktiki olaraq kifayət etmir. Cavabdeh məhkəməyə iddia tələbinə etiraz ərizəsi təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, cavabdeh onun maddi durumunda hər hansı bir yaxşılaşmanın baş verməsini əsas gətirmədən, yalnız 2023-cü ilin Azərbaycan Respublikasındakı uşaqlar üçün yaşayış minumumunu əsas götürmüşdür. Onun maddi vəziyyəti nə qədər çətin olsa da, övladının saxlanmasının məsuliyyətini dərk edir və bunun üçün də əlindən gələni edir. Bundan əlavə o, 2019-cu ilin may ayından rəsmi nikah münasibətlərinə girərək, ikinci dəfə ailə həyatı qurmuşdur. İkinci nikahından xx.xx.2023-cü il təvəllüdlü X9 və X5 adlı iki övladı doğulmuşdur. Qanunvericilikdə aliment tutulması əsası ilə, alimentin məbləğinin artırılması əsası bir-birindən fərqləndirilmişdir. Aliment məbləğinin artırılması üçün yeganə əsas alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmasıdır. Həmin qətnamədən sonra onun maddi vəziyyətində heç bir artım baş verməsə də, əksinə yeni ailə qurması və övladlarının doğulması, özünün xəstə olmağı onun maddi vəziyyətini biraz daha da çətinləşdirmişdir. İddiaçı bilir ki, o, İİİ qrup əlildir. Hal-hazırda da heç yerdə işləmir, onun yanında saxlanılan birinci nikahdan olan X7 doğrudan da xəstədir. Bu səbəbdən də Dövlət onun xəstəliyi üçün müavinət verir. Həmçinin onda olan məlumata görə iddiaçı uşağa baxdığı üçün də əlavə müavinət alır. O, bir valideyn kimi öz məsuliyyətini dərk edirəm və bilir ki, uşağı saxlamaq valideyinlərin borcudur. Lakin, indiki halda alimenti iddiaçının tələb etdiyi miqdarda ödəmək iqtidarında deyildir. İddiaçının hər ay uşağa görə 220 manat sabit pul məbləğində aliment tələb etməyi absurd və əsassızdır. Bunun üçün onun vəsaiti də yoxdur. Daha sonra cavabdeh məhkəməyə ərizə təqdim edərək, aliment miqdarını qismən, yəni 150 manat həcmində qəbul etdiyini bildirmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, ərizə ilə eyni məzmunlu izahat verdi və onun təmin olunmasını xahiş etdi. O, eyni zamanda qeyd etdi ki, uşağa baxmaq üçün pensiya ilə birlikdə hər ay 300 manat sosial ödəniş alır. Cavabdeh məhkəmədə iştirak etməmişdir. Cavabdehin nümayəndəsi məhkəməyə ərizə təqdim edərək, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməməsinin nəzərə alınmasını xahiş etmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə cavabdehin və nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-12612/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsindən görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2017-ci il tarixdən başlayaraq hər ay 136.60 manat sabit pul məbləğində alimentin Cavabdeh X1 xeyrinə tutulması qət edilmişdir. - Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasında olan nikah xx.xx.2018-ci ildə ləğv edilmiş və nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 167 nömrəsi ilə qeyd edilmişdir. - İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, iddiaçının nümayəndəsi ilkin məcburi mediasiya sessiyasında iştirak etmiş və mediasiyaya dair 50 manat xərci ödəmişdir, lakin cavabdeh iştirak etməmişdir. - Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, İddiaçı 100 manat pensiya alır. - Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Cavabdeh işləyir (Heykəltəraşlıq üzrə müəllimlər/fərdi təhsil), aylıq əmək haqqı 100 manat təşkil edir. - Sumqayıt “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsinin verdiyi nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X4 arasında xx.xx.2019-cu il tarixdə rəsmi nikah bağlanmışdır və bu barədə nikah haqqında akt qeydləri kitabında həmin tarixdə 1246 nömrəsi ilə qeydiyyat aparılmışdır. - Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Cavabdeh ilə X2 birgə nikahından xx.xx.2023-cü il təvəllüdlü X9 və X5 adlı övladları vardır. Beləliklə, araşdırma zamanı müəyyən olunmuşdur ki, tərəflər xx.xx.2012-ci il tarixdə nikah bağlamışlar. Bu nikahdan xx.xx.2013-cü il təvəllüdlü X7 adlı uşaq doğulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə uşağın saxlanılması üçün atadan aliment tutulmuşdur. xx.xx.2018-ci il tarixdə tərəflərin nikahı ləğv edilmişdir. Cavabdehin X6 ilə nikahlarından xx.xx.2023-cü il təvəllüdlü X9 və X5 adlı övladları vardır. İddiaçı uşağa baxmaq üçün pensiya ilə birlikdə hər ay 300 manat sosial ödəniş alır. Cavabdeh işləyir, aylıq əmək haqqısı 100 manat təşkil edir. Cavabdeh iddianı qismən, 150 manat həcmində qəbul edir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinin tələbində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. İşin məhkəmə iclasında araşdırılan hallarına əsasən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-12612/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən müəyyən olunmuş aliment miqdarı hazırda uşağın saxlanılması üçün kifayət etmir. Belə ki, uşağın böyüməsi ilə əlaqədar onun maddi tələbatları getdikcə artır, iddiaçı isə, övladını saxlamaqda maddi baxımdan çətinlik çəkir. Bu halda məhkəmə hesab edir ki, iddiaçının marağı əhəmiyyətli dərəcədə pozulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə görə, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2023-cü il uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə hesab edir ki, iddia qismən təmin olunmalı, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-12612/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməli, cavabdehdən hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay uşağa görə 195 manat sabit pul məbləğində aliment tutulub iddiaçıya verilməlidir. Belə ki, məhkəmə, qanunun qeyd edilən tələblərini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, tərəflərin maddi və ailə vəziyyətlərini, yetkinlik yaşına çatmayan uşağın yaşını, onun mənafeyini, qida və digər zəruri xərclərə tələbatlarını, eləcə də diqqətəlayiq maraqlarını, onun əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, qanunvericiliyin tələbinə görə hər iki valideynin uşaqları saxlamağa borclu olduqlarını nəzərə alır. AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumundan azad edilir. AR MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə qeyd edir ki, bir il ərzində alimentin artırılmış hissənin ödənilməli məcmu məbləği 1000 manatdan az olduğu üçün qanunvericiliyin tələbinə əsasən 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və AR MPM-nin 216-220 maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-12612/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin, Cavabdeh hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay 195 manat sabit pul məbləğində aliment tutulub xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı verilsin. İddia qalan hissədə təmin olunmasın. İddianın verilməsinə görə 30 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar