Məhkəmə qərarları › İş №e-2(060)-6057/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-6057/2024

16.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-6057/2024 16.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 10 iyul 2017-ci il tarixində rəsmi nikaha girməklə ailə qurmuşlar. Birgə nikahlarından 15 may 2018-ci il təvəllüdlü X2 adlı bir övladları vardır. Cavabdehlə ailə qurduqları ilk günlər münasibətləri yaxşı olsa da, sonradan münasibətləri korlanmışdır. Aralarında tez-tez mübahisələr yaranmış, normal ailə həyatı sürə bilmədiklərindən, onları atmış və çıxıbgetmişdir. Rusiyada yaşadığından Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(060)-6384/2022 saylı qətnaməsi ilə cavadeh Cavabdeh arasında olan Sumqayıt “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsində xx.xx.2017-ci il tarixdə bağlanmış, 1759 nömrəsi ilə qeydə alınmış nikahın pozulması, xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər onun yanında qalması, xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 200 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməsi, alimentin tutulmasının əvvəlinin xx.xx.2022-ci il tarixdən hesablanması qət edilmişdir. Eyni zamanda onu da qeyd edir ki, oğlu X3 autizm xəstəliyindən əziyyət çəkir. Bununla bağlı o, həm loqopedik Psixoloji mərkəzində və digər bu kimi yerlərdə mütəmadi olaraq müvafiq ödənişlər qarşılığında reabilitasiya xidmətləri görür. Hal-hazırda o, oğlu ilə birgə kirayədə yaşayır. Maddi vəziyyəti ağırdır. Oğlunun tələbatı hər gün artmaqdadır, ona təyin edilmiş aliment isə hazırki dövrlə heç cür uyğun gəlməməkdədir. O, dəfələrlə cavabdehə maddi vəziyyətinin ağır olduğunu və onlara maddi yardım göstərməsini təkidlə xahiş etsə də, o, buna məhəl qoymamaqdadır. Bildirir ki, məhkəmə tərəfindən müəyyən edilmiş 200 manat məbləğində aliment uşağın saxlanılması üçün kifayət etmir. Uşağın xərcləri günbə-gün artır. Cavabdeh bizneslə məşğul olur, maddi vəziyyəti yaxşıdır, aylır gəliri yüksəkdir, alimentin miqdarının artırılması onun həyat tərzinə hər hansı bir şəkildə mənfi təsir göstərməyəcəkdir. Qeyd olunanlara əsasən məhkəmədən, Sumqayıt şəhər Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, e-2(060)-6384/2022 saylı qətnaməsi ilə müəyyən edilən alimentin miqdarı dəyişdirilərək (artırılaraq) xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay Cavabdeh həm sabit pul məbləğində, həm də qazancının (gəlirinin) müəyyən hissəsindən 500 (beş yüz) manat məbəğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında iddia tələbini müdafiə edərək bildirdi ki, aliment məbləği hal-hazırda 200 manatdır. Bildirir ki, onun gəlirini heç kəs sübut edə bilməz. Burada pensiya aldığı üçün nə qədər müəyyənləşdirilə bilirdisə o qədər müəyyənləşdirilmişdir. Yaşayış minimumu artdığı, eyni zamanda himayəsində ikinci dərəcə əlil uşaq olduğu üçün aliment məbləğinin artırılması ilə bağlı müraciət etmişdir. Həmçinin övladının psixiatrik və loqopedik müalicəyə ehtiyacı vardır. Cavabdehin gəlirləri barədə sübutu yoxdur. Sadəcə olaraq qanunvericilikdə nə qədər müəyyənləşdirilibsə o məbləğə qaldırılmasını istəyir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə2 izahatında bildirdi ki, tələb olunan məbləği ödəmək gücləri yoxdur. Cavabdehin özü də əlildir. Yaşamağa yerləri yoxdur. Evləri də satılmışdır. Özü də oğlunun evində yaşayır. 235 manat miqdarında aliment məbləğini qəbul edir. Tək gəlir mənbəyi pensiyadır. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq və sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-6384/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında Sumqayıt “Asan Xidmət” mərkəzi qeydiyyat şöbəsində xx.xx.2017-ci il tarixdə bağlanmış, 1759 nömrəsi ilə qeydə alınmış nikahın pozulması, xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər anası İddiaçı yanında qalması, xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, alimentin tutulmasının əvvəlinin xx.xx.2022-ci il tarixdən hesablanması, iddia tələbinin qalan hissədə rədd edilməsi, qətnamənin aliment tələbinə dair hissədə dərhal icra edilməsi qət edilmişdir. 27 avqust 2024-cü il tarixli MŞS/MT030/2024-01802 nömrəli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, Cavabdeh mediasiyada iştirak etməmişdir. İddiaçı mediasiya sessiyasında iştirak etmiş və 50 manat mediasiyaya dair xərci və 10 manat kargüzarlıq xərci ödəmişdir. Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 127017 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2018-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Uşağın atası Cavabdeh, anası isə İddiaçıdır. Azərbaycan Respublikası 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 447912 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah ləğv edilmişdir. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2023-cü ilin 04-cü ayının 04-cü günündə 115 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra qadına Səfərova soyadı verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinin tələbində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinin tələbində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-cı il tarixli qərarı ilə müəyyən edilmişdir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və sair qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Konstitusiya Məhkəməsi yuxarıda qeyd olunan qərarına əsasən müəyyən edilmişdir ki, ailə vəziyyətinin araşdırılması zamanı, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və sair məsələlərə diqqət yetirilməlidir. Həmin qərarla diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və sair) olub-olmamasını və sair məsələlərin nəzərə alması zərurəti göstərilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideyndən hansının yanında qalması və uşaqlar üçün valideyndən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 №-li qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin məbləği dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Milli Məclisinin 21 iyul 1992-ci il tarixli 236 saylı qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu, BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən ölkə üzrə uşaqlar üçün 2024-cü ildə yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Məhkəmə iclasında müəyyən olundu ki, hazırda İddiaçı uşağa görə ödənilən 200 manat sabit pul məbləğində aliment uşağın saxlanılması üçün zəruri xərclərini və ehtiyaclarını təmin etmir. Uşağın əsaslı mənafeyi baxımından tərəflərin maddi vəziyyəti ədalətli şəkildə balanslaşdırılmaqla iddia tələbinin qismən təmin edilməsi yetkinlik yaşına çatmayan uşağın əsaslı mənafeyinə xidmət edir. Bundan əlavə cavabdeh olaraq Cavabdeh valideynlik vəzifəsini yerinə yetirmək baxımından da onun əsas öhdəliyidir. Məhkəmə hesab edir ki, iddia tələbinin əsaslı olması baxımından cavabdehin tələb olunan məbləği ödəmək iqtidarında olmasına dair sübutlar MPM-nin 77.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən sübut olunmamış, həmçinin onun təqzibi ilə bağlı dəlillər isə məhkəmə araşdırması gedişatında öz təsdiqini tapmamışdır. Məhkəmə qanunun qeyd edilən tələbini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, yetkinlik yaşına çatmayan uşağın mənafeyinin müdafiəsi baxımından, müəyyən olunmuş alimentin artırılmasından müddət keçməsi ilə bağlı halları, tərəflərin maddi vəziyyətlərini nəzərə alaraq (cavabdeh tərəfin də 235 manat miqdarında aliment ödənilməsinə razı olmaları) hesab edir ki, iddia tələbi qismən təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-6384/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq Cavabdeh İddiaçı xeyrinə xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində aliment tutulmalı, qalan hissədə iddia tələbi təmin edilməməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, artırılmış məbləğdə aliment hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.1-ci maddəsinə əsasən bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.1-ci və 108.1.1-ci maddəsinə əsasən iddia ərizəsi verildikdə dövlət rüsumu ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci və 9.1.2-ci maddəsinə əsasən məhkəmələrə verilən alimentin verilməsi baradə iddia ərizəsi üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1 və 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 112.1.6-ci maddəsinə əsasən ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda—ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə iddianın qiyməti müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, iddia tələbi qismən təmin olunduğuna görə məhkəmə hesab edir ki, 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-6384/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin və qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh İddiaçı xeyrinə xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar