Məhkəmə qərarları › İş №e-2(060)-6079/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-6079/2025

14.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-6079/2025 14.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Məhkəmə iclas katibi Həsənli Mehriban Hüseyn qızının katibliyi, Cavabdeh2 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 04 iyul 2013-cü il tarixli, BAL1338711/13 saylı müqaviləyə əsasən 373.73 manat əsas, 140.1 faiz, cəmi 513.83 manat və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, X3 ilə İddiaçı ASC arasında bağlanmış 04 iyul 2013-cü il tarixli, BAL1338711/13 saylı müqaviləyə əsasən 500 manat məbləğində kredit verilmişdir. Hazırda mərhum X1 513.83 manat banka borcu vardır. X3 05 mart 2017ci il tarixdə vəfat etmişdir. Sumqayıt Asan xidmət mərkəzində notariat qurumunun verdiyi şəhadətnaməyə əsasən cavabdeh borclu X1 vərəsələri olmaqla miras qoyana məxsus əmlak vərəsəlik qaydasında onlara keçmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddəti tətbiq olunmaqla iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 13 noyabr 2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və təqdim etdikləri mötəbər sübutlar əsasında iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək, iddia müddətinin tətbiq edilməklə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlərin iddia müddətinin tətbiqi barədə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddia müddətinin tətbiq olunması ilə bağlı məhkəməyə təqdim olunmuş ərizədə göstərilən halların nəzərə alınmaması və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Etiraz ərizəsini onunla əsaslandırmışdır ki, borclu X1 vəfatından sonra dəfələrlə cavabdehlərlə əlaqə saxlanılmış, borc barədə məlumat verilməsinə baxmayaraq, cavabdelər miras əmlakın açılmadığını bildirmiş və vərəsəlik şəhadətnaməsi barədə banka heç bir məlumat verməmiş və bankı hüquqi tədbirlərdən istifadə etmək imkanından məhrum etmişdirlər. Cavabdehlərin vərəsəliyini qəbul etdikləri X3 ilə xx.xx.2013-cü il tarixində bağlanmış müqaviləyə əsasən borcluya 500 manat məbləğində kredit verilmişdir və hazırda mərhumun banka cəmi 513,83 manat borcu vardır. Borclu xx.xx.2017-ci il tarixində vəfat etmişdir. xx.xx.2017-ci il tarixli şəhadətnamədən görünür ki, iş üzrə cavabdehlər mərhumun vərəsələridir. Cavabdehlər vərəsələri olduqları şəxsin borcu olması ilə bağlı xəbərdar olmuş və dəfələrlə borcun ödənilməsi ilə bağlı müraciət olunsa da, borcun ödənilməsindən imtina olunmuşdur. Cavabdehlər miras əmlakı qəbul edib, kreditora bu barədə bilərəkdən məlumat verməməklə bankın həmin müddət ərzində məhkəmə müdafiəsi hüququndan istifadə edə bilməməsinə səbəb olmuşdurlar. Hazırki mərhələdə isə iddia müddətinin tətbiqinə dair ərizə verilməsi borclunun iddia müddəti ilə bağlı müdafiə hüququndan sui-istifadə kimi qiymətləndirilməli və iddia müddətinin axımı iddiaçının vərəsəlik barədə məlumatlı olduğu xx.xx.2024-cü il tarixindən, yəni vərəsəlik barədə sorğuya cavabın alındığı tarixdən başlamalıdır. İş üzrə digər Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Resublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə cavadbehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş; - -Cavabdeh X3 ilə İddiaçı ASC arasında bağlanmış 17 sentyabr 2013-cü il tarixli, BAL1338711/13 saylı kredit sazişi müqaviləsindən görünür ki, İddiaçı ASC borclu X2 500 manat məbləğində kredit xətti açılmışdır. -xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X3 ilə İddiaçı ASC arasında bağlanmış BAL1338711/13 saylı müqaviləyə əsasən 373.73 manat əsas, 140.1 manat məbləğində faiz borcu vardır. -Mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən mülki işin Sumqayıt Şəhər Məhkəməsində baxılması üçün cəmi 30 manat dövlət rüsumu ödənilmişdir. -Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2017-ci il tarixli, reyestrdə 2V-841 nömrə ilə qeyd edilmiş şəhadətnamənin surətində qeyd olunur ki, xx.xx.2017-ci il tarixdə ölmüş X1 vərəsələri Cavabdeh2 Oktay qızı və Cavabdeh1 miras əmlakdan ½ hissədə pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlak Paşa Həyat Sığorta ASC-nin xx.xx.2017-ci il tarixli, PHS-**********09 nömrəli məktubuna əsasən 2479,63 manat məbləğində sığorta ödənişindən ibarətdir. Məhkəmə iclasında müəyyən edildi ki, X3 ilə İddiaçı ASC arasında bağlanmış 04 iyul 2013-cü il tarixli, BAL1338711/13 saylı müqaviləyə əsasən 500 manat məbləğində kredit verilmişdir. Hazırda mərhum X1 513.83 manat Banka borcu vardır. X3 05 mart 2017-ci il tarixdə vəfat etmişdir. Sumqayıt Asan xidmət mərkəzində notariat qurumunun verdiyi şəhadətnaməyə əsasən cavabdehlər borclu X1 vərəsələri olmaqla miras qoyana məxsus əmlak vərəsəlik qaydasında onlara keçmişdir. İddiaçı ASC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlərdən müqavilə üzrə cəmi 513.83 manat borcun tutulmasını xahiş edir. Cavabdehlər iddianı qəbul etməyərək, məhkəməyə iddia müddətinin tətbiqinə dair ərizə təqdim etmişdirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 28 oktyabr 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Lakin sözügedən qaydalar və ya onların tətbiqi tərəflərin əlçatan vasitədən istifadə etməsinin qarşısını almamalıdır”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquqnormalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli Qərarına əsasən iddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır. Qərarda həmçinin göstərilmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Məhkəmə qeyd edir ki, mülki hüquqda iddia müddətləri institutu mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır. İddia müddətləri institutunun tətbiq edilməsi zərurəti həmçinin belə bir mühüm halla əsaslandırılır ki, mülki mübahisələrə məhkəmə tərəfindən baxılması hər zaman iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi ilə əlaqədardır. Qeyri-müəyyən uzun müddətin keçməsi həqiqətə nail olmağı çətinləşdirir, bəzən isə hətta bu imkanı istisna edir. Belə ki, sübutlar itirilə bilər və ya onların mötəbərliyi kifayət qədər şübhəli hala gələ bilər, bunlar da öz növbəsində məhkəmə orqanlarının işin bütün faktiki hallarının aydınlaşdırılmasına və düzgün qərar çıxarılmasına yönəlmiş fəaliyyətini ciddi surətdə çətinləşdirə bilər. Göründüyü kimi, mülki qаnunvеricilikdə iddiа müddətinin kеçməsi iddiа tələbinin rədd еdilməsinin müstəqil əsаsı kimi müəyyən еdilmişdir. Məhkəmə cavabdehin iddia müddətinin tətbiq edilməsinə dair ərizəsinə münasibətdə qeyd edir ki, iddia müddəti iddiaçı tərəfindən ötürülmüşdür. Belə ki, iş materiallarından görünür ki, mərhum X3 ilə Bank arasında kredit müqaviləsi xx.xx.2013-cü il tarixdə istifadə zamanı seçilmiş ödəniş növünə uyğun olaraq 1, 3, 6, 12 ay müddətinə geri ödənilməlidir. Yəni kredit müqaviləsinin son icra tarixi xx.xx.2013-cü ilə təsadüf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Belə olan halda, iddiaçının öz hüququnun pozulduğu bilməli olduğu gün kredit müqaviləsinin müddətinin bitdiyi gündən-, yəni xx.xx.2013-cü ildən hesablanmalıdır. İddia müddətinin axımı xx.xx.2013-cü il tarixdən hesablandığı təqdirdə isə Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbi üzrə 3 illik iddia müddəti xx.xx.2016-cı il tarixdə bitmiş olur. İddia ərizəsi isə məhkəməyə xx.xx.2025-ci ildə daxil olmuşdur. İddiaçının nümayəndəsi iddia müddətinin tətbiqinə dair münasibət bildirməklə qeyd etmişdir ki, hazırki iş üzrə cavabdehlər X1 vəfat etməsi barədə məlumat verməmişdir. xx.xx.2017-ci il tarixli şəhadətnamədən görünür ki, iş üzrə cavabdehlər mərhumun vərəsələridirlər. Beləliklə məhkəmə işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151, 372-384-cü maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri üzrə iddia müddəti üç il olduğundan, iddiaçının cavabdehlərdən yaranmış borc məbləğini həmin müddət ərzində tələb etmədiyindən, qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Göründüyü kimi tələb üzrə iddia müddəti keçdiyindən iddia təmin oluna bilməz. Bu baxımdan cavabdehin ərizəsinə əsasən iddia tələbinə üç illik iddia müddəti tətbiq edilməli və iddia təmin olunmamalıdır. Məhkəmə həmçinin qeyd edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Sumqayıt Şəhər Məhkəməsinə xx.xx.2025-ci il tarixdə müraciət etmişdir. İddiаçı iddia müddətinin üzrlü səbəblərdən buraxılması ilə bаğlı halları Аzərbаycаn Rеspublikаsı Mülki Prоsеssuаl Məcəlləsinin (bundan sonra MPM) 77.1-ci mаddəsinə müvаfiq qаydаdа əsаslı və mötəbər sübutlаrı təqdim еtməmişdir. Bununlа dа, məhkəmə hеsаb еdir ki, iddiaçı iddia tələbi üzrə iddia müddətini üzürsüz səbəblərdən ötürmüş, həmçinin iş üzrə cаvаbdеh tərəf bu tələb üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Mülki qаnunvеricilikdə iddiа müddətinin kеçməsi iddiа tələbinin rədd еdilməsinin müstəqil əsаsı kimi müəyyən еdilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Beləliklə, yuxarıda göstərilənə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar