Məhkəmə qərarları › İş №e-2(060)-6125/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-6125/2025

03.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-6125/2025 03.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında, qiyabi icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh 31304 manat pulun və 184 manat dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı hissə-hissə olmaqla ümumilikdə 31304 manat pul vəsaiti almışdır. Pulu almaqda məqsəd guya həmin vəsait ilə lombarda gəlir əldə edilməklə, əsas məbləğ və üzərində əldə edilmiş gəlir ilə birlikdə qaytarmağı öhdəsinə götürsə də, uzun müddət keçməsinə baxmayaraq, nə əsas məbləğ nə də söz verdiyi gəliri ödəməmişdir. Bundan sonra iddiaçı məcbur qalıb 2022-ci ilin sentyabr ayında DİN-nin 102 xidmətinə müraciət şikayət etmişdir. Şikayətin nəticəsində Sumqayıt ŞPİ-nin 4-cü PB-də araşdırma aparılmışdır. xx.xx.2022-ci il tarixdə Cavabdeh vermiş olduğu izahatında almış olduğu vəsaitin bir qismini 5500 manat və 500 manatı etiraf etmişdir. Halbuki təqdim edilmiş, cavabdehin özünün də imzası ilə təsdiq etdiyi qəbzdə 31304 manat alması təsdiq olunur. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - 26.12.2022-ci il tarixli Sumqayt ŞPİ-nin 4-cü PB tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı iş üzrə xüsusatlar mülki xarakterli olduğu üçün məkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Bölmədə Cavabdeh iddiaçıdan 6000 manat borc aldığını etiraf etmişdir. - Yazılı iltizamın surətindən görünür ki, Cavabdeh yazılmış şəxs İddiaçı ümumilikdə 31304 manat borcu olması barədə iltizama qol çəkmişdir. İddia ərizəsindən görünür ki, Cavabdeh İddiaçı hissə-hissə olmaqla ümumilikdə 31304 manat pul vəsaiti almışdır. Həmin vəsait ilə lombarda gəlir əldə edilməklə, əsas məbləğ və üzərində əldə edilmiş gəlir ilə birlikdə qaytarmağı öhdəsinə götürsə də, uzun müddət keçməsinə baxmayaraq, nə əsas məbləğ nə də söz verdiyi gəliri ödəməmişdir. Məhkəməyə müraciət etməmişdən öncə İddiaçı müvafiq polis orqanına müraciət etmiş, orada araşdırma aparılarkən Cavabdeh iddiaçıdan 6000 manat borc aldığını etiraf etmişdir. Məhkəmə iclasında 31304 manat pul alınması barədə yazılı qəbzin təqdim edilməsi iddiaçı tərəfə təklif edilsə də, həmin qəbzin əsli təqdim edilməmişdir. Buna görə də məhkəmə borcun məbləğinin müəyyən edilməsi üçün qəbzin kserosurətini mötəbər sübut kimi qəbul etmir. Belə ki, MPM-nin 78.1-1-ci maddəsinə görə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslər yazılı sübutları yalnız “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim edirlər. Bununla belə bu qaydada təqdim olunmuş yazılı sübutun həqiqiliyi şübhə doğurarsa, məhkəmə həmin yazılı sübutun əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edə bilər. Həmin Məcəllənin 89.3-cü maddəsinə görə yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. İşin faktiki hallarından görünür ki, tərəflər arasında borc münasibətləri olmuşdur. Belə ki, iddiaçı cavabdehə 31304 manat borc verdiyini göstərmiş, cavabdeh isə müvafiq qurumda ondan sadəcə 6000 manat borc aldığını etiraf etmişdir. Bununla belə, işdən görünür ki, onlar arasında borcla bağlı notarial qaydada borc müqaviləsi (yazılı) bağlanmamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Məhkəmə qeyd edir ki, qüvvədə olan mülki qanunvericiliyə görə hazırki borcun predmeti 3000 manatdan yuxarı olduğundan tərəflər yazılı borc müqaviləsi bağlamalı idilər. İşdən isə görünür ki, tərəflər qanunun bu tələbinə əməl etməmiş, öz aralarında şifahi formada borc müqaviləsi bağlamaqla onu icra etməyə başlamışlar. Məhkəmə qeyd edir ki, bu şifahi borc müqaviləsi notarial qaydada təsdiq edilmədiyindən heç bir hüquqi qüvvəyə malik deyildir. Bununla belə, tərəflər arasında öhdəlik və münasibətlər bu əqdlə yarandığından məhkəmə mübahisə üzrə aşağıdakıları qeyd edir. Mülki Məcəllənin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.4-cü maddəsinə görə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Qeyd edildiyi kimi, tərəflər borc münasibətlərini, bununla bağlı hüquq və öhdəliklərini qanunun tələbinə əsasən yazılı formada qeydə aldırmadıqlarından onlar arasındakı şifahi borc müqaviləsi etibarsız hesab edilməlidir. İşdən görünür ki, cavabdeh bu şifahi əqd əsasında iddiaçıdan 6000 manat borc aldığını etiraf etmişdir və əqd etibarsız hesab edilidyindən həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir İddiaçı tərəfin təqdim etdiyi qəbzin kserosurətinə gəldikdə isə, yuxarıda da qeyd edildiyi kimi, həmin sənədin əsli məhkəməyə təqdim edilmədiyindən borcun qəbzdə göstərilən məbləğdə, yəni 31304 manat məbləğində olması qənaətinə gəlinməsi mümkün deyildir. Bu səbəbdən də məhkəmə borcun miqdarını yalnız cavabdehin polis orqanlarında etdiyi etiraf həddində müəyyən edir. Beləliklə də, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh 6000 manat pul alınaraq iddiaçıya ödənilməli, qalan hissədə isə iddia rədd olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən, yəni 6000 manat həddində təmin edilidyindən ödənilmiş dövlət rüsumunun 80 manat hissəsi də cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan rüsum isə iddiaçının özünə aid olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 238.1-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 241.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 6000 manat və ödənilmiş 80 manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçıya ödənilsin. Qalan hissədə iddia təmin olunmasın. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elçin Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar