Məhkəmə qərarları › İş №e-2(060)-613/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-613/2025

11.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-613/2025 11.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “SNTV” əmtəə nişanı ilə fəaliyyət göstərən "xxxx" MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində 39,27 manat abunə haqqı qismində vurulmuş zərərin məbləğində vurulmuş zərərin, hüquqi göstərilməsi və qrafik üzrə 50 manat, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 qəpik məbləğində bank xidmət haqqının, cəmi 119,67 manat məbləğində pulun tutulub iddiaçı "xxxx" MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh “SNTV” əmtəə nişanı ilə fəaliyyət göstərən "xxxx" MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində 85,14 manat abunə haqqı qismində vurulmuş zərərin məbləğində vurulmuş zərərin, hüquqi göstərilməsi və qrafik üzrə 50 manat, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 qəpik məbləğində bank xidmət haqqının, cəmi 165,54 manat məbləğində pulun tutulub iddiaçı "xxxx" MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

3. İddia onunla əsaslandırılmışdır ki, “SNTV” əmtəə nişanı ilə fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının, Sumqayıt şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının “Televiziya və radio yayımı haqqında” Qanununa uyğun olaraq, Milli Televiziya və Radio Şurasından 07 may 2005-ci il tarixli, TR 057 saylı və 07 may 2012-ci il tarixli, TR 066 saylı xüsusi razılıqlar (lisenziyalar) almışdır. Bu məqsədlə kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün vətəndaşlarla müqavilə əsasında onların mənzillərinə kabel xəttləri çəkir. Kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı xx.xx.2015-ci il tarixədək 9 manat, xx.xx.2015-ci il tarixdən etibarən 10 manat təşkil edir. Lakin bir çox vətəndaşlar "xxxx" MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq “SNTV”-yə məxsus kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə "xxxx" MMC tərəfindən “Ədalət-A” hüquq firması ilə xx.xx.2008-ci il, xx.xx.2011-ci il, xx.xx.2014-cü il, xx.xx.2015-ci il və xx.xx.2018-ci il tarixdə hüquqi xidmətlərin göstərilməsi dair müqavilələr imzalanmışdır. İddia ərizəsinə əlavə 22 saylı MKİS-dən olan arayışdan görünür ki, Cavabdeh, ünvan 1 ünvanında yerləşən mənzilin sahibidir. xx.xx.2023-cü il tarixdə “Ədalət-A” hüquq firmasının və “SNTV” kabel televiziyasının əməkdaşları sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman, həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə xx.xx.2023-cü il tarixli, 1922 N saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Həmin ünvanda kecirilmiş son baxış xx.xx.2023-cü il tarixində olmuşdur. Sözügedən mənzilin son baxış tarixi olan xx.xx.2023-cü il tarixdə şəbəkədən ayrılmasindan, qanunsuz qoşulma barədə tərtib olunan xx.xx.2023-cü il tarixli, 1922 N saylı aktın tərtib olunma tarixinədək olan müddət 119 gün təşkil edir. Bir günlük abunə haqqının 33 qəpik olmasını nəzərə alaraq müəyyən olunmuşdur ki, cavabdehin iddiaçıya abunə haqqı qismində vurduğu zərər 39,27 manat təşkil edir. Belə olan halda hesab edir ki, yuxarıda qeyd edilmiş qanunsuz qoşulma nəticəsində "xxxx" MMC-yə maddi ziyan vurulmuşdur. "xxxx" MMC ilə “Ədalət-A” hüquq firması arasında bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilənin 4.1-ci bəndinə əsasən xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nazarət baxışı zamanı binaların yoxlanması üçün 50 manat pul ödəyir. Ödənilən dövlət rüsumu 30 manat, bank xidməti haqqı isə 0,40 qəpik təşkiledir. Beləliklə, Cavabdeh "xxxx" MMC-yə ödəməli olduğu məbləğ cəmi 119,67 manat (39.27+30.40+50 manat) təşkil edir.

Tərəflərin mövqeləri:

4. Məhkəmə iclaslarında iştirak edən İddiaçı nümayəndəsi X2 iddia ərizəsinə məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə cavadehin yaşadığı ünvana məhkəmə bildirişi göndərilmiş, məhkəmə iclasının vaxtı və yeri barədə ona AZEMİS vasitəsilə SMS xəbərdalıq göndərilmiş, eyni zamanda cavabdehlə ona məxsus telefon nömrəsi vasitəsilə əlaqə saxlanılmış (telefonqram iş materiallarına əlavə edilmişdir), ona məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilmişdir. Lakin buna baxmayaraq cavabdeh məhkəmə iclaslarına gəlməmiş, gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tədqiq olunan sübutlar:

6. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-5726/2022 saylı, xx.xx.2022-ci il tarixli qiyabi qətnaməsindən görünür ki, Cavabdeh 193,05 manat vurulmuş zərər, nümayəndəyə çəkilən xərclərə görə 50 manat, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat məbləğində bank xidmət haqqı olmaqla, cəmi 273,45 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir.

7. İddiaçı “SNTV” kabel şəbəkəsinə qanunsuz qoşulmanın aşkar edilməsi haqqında 1922 nömrəli Aktdan görünür ki, xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında kabel şəbəkəsinə nəzarət baxışı keçirən zaman həmin binanın 144 saylı mənzilinin “SNTV” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğunu aşkar etmişdirlər.

8. İddiaçı “SNTV” kabel şəbəkəsinə qanunsuz qoşulmanın aşkar edilməsi haqqında 13 fevral 2024-cü il tarixdə tərtib edilmiş 1928 nömrəli Aktdan görünür ki, xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanında kabel şəbəkəsinə nəzarət baxışı keçirən zaman həmin binanın 144 saylı mənzilinin “SNTV” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğunu aşkar etmişdirlər.

Məhkəmə baxışının hədləri:

9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Tətbiq edilən hüquq:

10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

- 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 28. Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. -1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

11. «Telekommunikasiya haqqında» Azərbaycan Respublikası Qanunu:

35.3-cü maddəsinə əsasən telekommunikasiya şəbəkələrinə, vasitələrinə və qurğularına razılaşdırılmamış qoşulma, müdaxilə və zədələnmə nəticəsində yaranan zərərin əvəzi təqsirkar şəxslər tərəfindən aidiyyəti operatora, provayderə tam həcmdə ödənilir.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

12. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək, iddiaçını dinləyərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.

13. Belə ki, iş materialları ilə müəyyən olunur ki, xx.xx.2023-cü il və 13 fevral 2024-cü tarixlərdə ünvan 1 ünvanında kabel şəbəkəsinə baxış keçirən zaman, həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş və bu barədə xx.xx.2023-cü il tarixli, 1922 saylı və xx.xx.2024-cü il tarixli 1928 saylı aktlar tərtib olunmuşdur.

14. Cavabdehin bundan əvvəldə başqa tarixdə kabel şəbəkəsinə qanunsuz qoşulması halı ilə əlaqədar dəymiş zərərin ödənilməsi ilə bağlı məhkəmə mübahisəsi olmuş və Sumqayıt Şəhər Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, e-2(060)-5726/2022 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 193,05 manat vurulmuş zərər, nümayəndəyə çəkilən xərclərə görə 50 manat, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat məbləğində bank xidmət haqqı olmaqla, cəmi 273,45 manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Qeyd olunan mübahisənin hazırki mübahisə ilə hər hansı bir əlaqəsi olmasa da həmin qətnamədən görünür ki, cavabdeh bundan əvvəl də kabel şəbəkəsinə qanunsuz qoşulmuşdur.

15. Bundan başqa cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə ünvanına məhkəmə bildirişi və AZEMİS vasitəsilə SMS xəbərdalıq göndərilməklə, eyni zamanda cavabdehlə ona məxsus telefon nömrəsi vasitəsilə əlaqə saxlanılmaqla (telefonqram iş materiallarına əlavə edilmişdir) məlumat verilmiş, lakin o məhkəmə iclaslarında iştirak etməmiş, eyni zamanda iddia qarşı yazılı etirazını məhkəməyə təqdim etməmişdir.

16. «Telekommunikasiya haqqında» Azərbaycan Respublikası Qanununun 35-ci maddəsinə əsasən telekommunikasiya şəbəkələrinə, vasitələrinə və qurğularına razılaşdırılmamış qoşulma, müdaxilə və zədələnmə nəticəsində yaranan zərərin əvəzi təqsirkar şəxslər tərəfindən aidiyyəti operatora, provayderə tam həcmdə ödənilir.

17. Məhkəmə işin hallarına şərh olunan hüquq normalarına əsasən qiymət verərək bu qənaətə gəlir edir ki, iddiaçının zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbi əsaslıdır, cavabdeh vurduğu zərər həddində mülki məsuliyyət daşıyır.

18. Məhkəmə iddianın hüquqi xidmət xərclərinin əvəzi kimi 50 manat məbləğində pulun cavabdehdən alınıb iddiaçıya verilməsi hissəsinə qiymət verərək qeyd edir ki, iddiaçı ona hüquqi xidmət göstərilməsinə görə xərc çəkməsini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin hazırki halda iddiaçı mübahisə ilə bağlı hüquqi xidmətə görə xərc çəkdiyini sübut edə bilməmişdir.

19. Beləliklə, məhkəmə göstərilənlərə əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 85,14 manat məbləğində vurulmuş zərər, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat məbləğində bank xidmət haqqı, cəmi 115 (yüz on beş) manat, 14 (on dörd) qəpik məbləğində pul alınaraq İddiaçı MMC-yə ödənilməli, qalan hissədə təmin edilməməlidir.

QƏTETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh 85,14 manat məbləğində vurulmuş zərər, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat məbləğində bank xidmət haqqı, cəmi 115 (yüz on beş) manat, 54 (əlli dörd) qəpik məbləğində pul alınaraq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar