Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-615/2025 18.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “SNTV” əmtəə nişanı ilə fəaliyyət göstərən "xxxx" MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində 307,89 manat abunə haqqı qismində vurulmuş zərərin, hüquqi yardım göstərilməsi və qrafik üzrə 50 manat, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 qəpik məbləğində bank xidmət haqqının, cəmi 388,29 manat məbləğində pulun tutulub iddiaçı "xxxx" MMC-yə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, “SNTV” əmtəə nişanı ilə fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının, Sumqayıt şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının “Televiziya və radio yayımı haqqında” qanununa uyğun olaraq, Milli Televiziya və Radio Şurasından 07 may 2005-ci il tarixli, TR 057 saylı və 07 may 2012-ci il tarixli, TR 066 saylı xüsusi razılıqlar (lisenziyalar) almışdır. Bu məqsədlə kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün vətəndaşlarla müqavilə əsasında onların mənzillərinə kabel xəttləri çəkir. Kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı xx.xx.2015-ci il tarixədək 9 manat, xx.xx.2015-ci il tarixdən etibarən 10 manat təşkil edir Lakin bir çox vətəndaşlar "xxxx" MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq “SNTV”-yə məxsus kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə "xxxx" MMC tərəfindən "xxxx" hüquq firması ilə xx.xx.2008-ci il, xx.xx.2011-ci il, xx.xx.2014-cü il , xx.xx.2015-ci il və xx.xx.2018-ci il tarixlərində hüquqi xidmətlərin göstərilməsi dair müqavilələr imzalanmışdır. İddia ərizəsinə əlavə "xxxx" MTK-dan verilmiş xx.xx.2024-cü il tarixli, 57 №-li arayışdan görünür ki, Cavabdeh Sumqayıt şəh., 6-cı mkr., H.Salayev küçəsindəki 14 saylı evin 6 nömrəli mənzilinin 2019-cu ildən sahibidir. xx.xx.2020-ci il tarixdə "xxxx" hüquq firmasının və “SNTV” kabel televiziyasının əməkdaşları sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman, həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə, xx.xx.2020-ci il tarixli, 1714 N saylı, akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır Həmin ünvanda kecirilmiş son baxış xx.xx.2018-ci il tarixində olmuşdur. Sözügedən mənzilin son baxış tarixi olan xx.xx.2018ci il tarixdən qanunsuz qoşulma barədə tərtib olunan xx.xx.2020-ci il tarixli 1714 N saylı aktın tərtib olunma tarixinədək olan müddət olan müddət 933 gün təşkil edir. Bir günlük abunə haqqının 33 qəpik olmasını nəzərə alaraq müəyyən olunmuşdur ki, cavabdehin iddiaçıya abunə haqqı qismində vurduğu zərər 307,89 manat təşkil edir. Belə olan halda hesab edirəm ki, yuxarıda qeyd edilmiş qanunsuz qoşulma nəticəsində "xxxx" MMC-yə maddi ziyan vurulmuşdur. "xxxx" MMC ilə "xxxx" hüquq firması arasında bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilənin 4.1-ci bəndinə əsasən xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nazarət baxışı zamanı binaların yoxlanması üçün 50 manat pul ödəyir. Ödənilən dövlət rüsumu 30 manat, bank xidməti haqqı isə 0.40 qəpik təşkil edir. Beləliklə, Cavabdeh "xxxx" MMC-yə ödəməli olduğu məbləğ cəmi 388.29 manat təşkil edir Həmin müqavilənin 4.2-ci bəndinə əsasən qrafikdən kənar keçirilən nəzarət baxışı zamanı eyni ünvanda yerləşən binalarda hər bir təkrar qanunsuz qoşulma faktının rəsmiləşdirilməsi və aradan qaldırılması üçün 40 (qırx) manat ödəyir. İddiaçı "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və iddia təlləbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi izahatında göstərdi ki, iddia tələbini qəbul etmirlər. 2016-cı il ilədək sözügedən kabel şəbəkəsinə qoşulduqlarını, daha sonra isə ödənişi edə bilmədiklərinə görə həmin kabel şəbəkəsindən ayrıldıqlarını bildirmişlər. Əvvəllər “ATV+”, indi isə “Birlink” internet şəbəkəsindən istifadə edirlər. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - İddiaçı MMC-nin və "xxxx" hüquq firmasının əməkdaşlarının tərtib etdiyi xx.xx.2020-ci il tarixli, 1714 N saylı aktın surətindən görünür ki, Sumqayıt şəhəri, 6-cı mikrorayon, H.Salayev küçəsindəki 14 saylı evin 6 nömrəli mənzil sakininin “SNTV” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğu aşkar edilmişdir. - xx.xx.2024-cü il tarixli, 873 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC "xxxx" MMC-nin hesabına 50 manat məbləğində pul köçürmüşdür. - "xxxx" MMC tərəfindən "xxxx" hüquq firması ilə xx.xx.2008-ci il, xx.xx.2011-ci il, xx.xx.2014-cü il , xx.xx.2015-ci il və xx.xx.2018-ci il tarixlərində hüquqi xidmətlərin göstərilməsi dair müqavilələr imzalanmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı təşkilat "xxxx" MMC tərəfindən "xxxx" hüquq firması ilə xx.xx.2008-ci il, xx.xx.2011-ci il, xx.xx.2014-cü il, xx.xx.2015-ci il və xx.xx.2018-ci il tarixlərində hüquqi xidmətlərin göstərilməsinə dair 3 iilik müqavilələr imzalanmışlar. Buna baxmayaraq iddiaçı "xxxx" hüquq firmasının tərtib etidiyi xx.xx.2020-ci il tarixli, 1714 N saylı akta əsaslanır. Akt 2020-ci il tarixdə tərtib edilməsinə baxmayaraq xx.xx.2024-cü il tarixli, 873 nömrəli ödəniş tapşırığı ilə iddiaçı "xxxx" hüquq firmasına 50 manat məbləğində pul köçürmüşdür. Bununla yanaşı iddiaçı qeyd etsədə ki, cavabdehlə aralarında müqavilə mövcud olmuşdur, həmin müqaviləni təqdim edə bilmir. Qeyd edilən hallar ziddiyətli olduğu üçün məhkəmə iddianı əsaslı hesab etmir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Qərarda eyni zamanda qeyd olunur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri - əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri - əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri – maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri - əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin, məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Bununla bağlı, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan maddi hüquq normalarına əsaslanaraq, həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçı sözügedən mənzildə baş vermiş qanunsuz qoşulma hadisəsində cavabdehin təqsiri, ziyanın yaranma əsasları və məbləğlərin formalaşması, habelə ziyanın həcmi, cavabdehin ona birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməl törətməsini sübuta yetirə bilmədiyindən, habelə bu hal işin faktiki halları və sübutlarla təsdiqlənmədiyindən cavabdeh iddiaçıya vurulmuş ziyanla əlaqədar mülki hüquq məsuliyyəti daşımır. Belə ki, işin faktiki halları və toplanmış sübutlar cavabdehin iddiaçıya münasibətdə delikt törətməsi qənaətinə gəlməyə əsas vermir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsassızdır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbi təmin edilməməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh kabel şəbəkəsinə qanunsuz qoşulma nəticəsində abunə haqqı qismində 307,89 manat vurulmuş zərərin, hüquqi yardım göstərilməsi və qrafik üzrə 50 manat, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 qəpik məbləğində bank xidmət haqqının, cəmi 388,29 manat məbləğində məbləğində pulun tutulub iddiaçıya ödənilməsi barədə iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №e-2(060)-615/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-615/2025
18.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver