Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-6188/2024 16.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt şəhər Məhkəməsinin hakimi Tanrıverdiyeva Günel Cəbrayıl qızı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Məhərrəməli qızına qarşı pul tələbinə dair kiçik iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Məhərrəməli qızı arasında bağlanmış 02 dekabr 2022-ci il tariхli, 200804-561737/1 nömrəli kredit müqaviləsi üzrə xəbərdarlıq məktubunun tarixindən (xx.xx.2023-cü il) məhkəmə qətnaməsinin elan olunduğu tarixinədək (xx.xx.2024-cü il) olan müddət ərzində gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 55.22 (əlli beş manat (.22)) manat məbləğində əlavə faiz borcu və 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh2 arasında bağlanmış 02 dekabr 2022-ci il tariхli, 200804- 561737/1 nömrəli istehlak krеditi müqaviləsinə əsasən borcluya 24 ay müddətinə, illik 19% dərəcəsi ilə 2000 (İki min (.00)) manat məbləğində krеdit vеrilmişdir. Еyni zamanda, bank və digər cavabdeh – Cavabdeh1 Məhərrəməli qızı arasında 02 dekabr 2022-ci il tariхli, 200804-561737/1 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlər kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyi üçün 05 mart 2024-cü il tarixində bank tərəfindən onlara qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. İddia ərizəsinə əsasən cavabdehlərdən kredit müqaviləsi üzrə 1643.11 manat məbləğində əsas bоrc və 729.9 manat faiz borcu оlmaqla, cəmi 2373.01 (İkimin üç yüz yetmiş üç (.01)) manat borcun və 43.74 manat dövlət rüsumun ödənilməsinə dair qətnamənin çıxarılması məhkəmədən xahiş olunmuşdur. Sumqayıt şəhər Məhkəməsinin 30 aprel 2024-cü il tarixli e-2(060)-2643/2024 saylı qətnaməsi ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Məhərrəməli qızına qarşı 02 dekabr 2022 il tariхli, 200804-561737/1 nömrəli kredit müqaviləsi üzrə yaranmış borcun tutulması ilə bağlı iddiası qismən təmin edilmiş və faiz borcu azaldılaraq 142.47 manat məbləğində təmin edilmişdir. İş üzrə hakim hesab etmişdir ki, iddia qismən təmin olunmalı və onunla əsaslandırmışdır ki, cavabdehə bank tərəfindən sonuncu xəbərdarlıq xx.xx.2023-cü il tarixində ünvanlanmış, xəbərdarlıq məktubunda cavabdehdən 142.47 manat faiz borcun ödənilməsi tələb olunurdu. Xəbərdarlıq məktubun göndərilməsini kredit müqaviləsinin bitməsi kimi qiymətləndirilmişdir və həmin tarixdən sonra gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malik olduğu bildirilmişdir. Qeyd edilənlərə əsasən, iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarına əlavə olunmuş İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 02 dekabr 2022-ci il tariхli, 200804-561737/1 nömrəli istehlak krеditi müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh2 24 ay müddətinə, illik 19% dərəcəsi ilə 2000 manat məbləğində kredit verilmişdir. İşdə olan 02 dekabr 2022-ci il tariхli, 200804-561737/1 nömrəli zaminlik müqaviləsinə əsasən, Cavabdeh1 Məhərrəməli qızı kreditor qarşısında borclu Cavabdeh2 02 dekabr 2022-ci il tariхli, 200804-561737/1 nömrəli istehlak krеditi müqaviləsi üzrə öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti tam olaraq üzərinə götürmüşdür. İşdə olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 Bank ilə bağlanmış 02 dekabr 2022-ci il tarixli 200804-561737/1 nömrəli Kredit müqaviləsinə əsasən 19 faiz dərəcəsilə, 24 ay müddətinə 20,000 (iyirmi min (.00)) manat məbləğində kredit götürmüşdür. Sumqayıt Şəhər Məhkəməsinin 30 aprel 2024-cü il tarixli, e-2(060)- 2643/2024 saylı qətnaməsi ilə Cavabdeh2 banka 28 avqust 2023-cü il tarixli xəbərdarlıqda göstərilən faiz borcu hissəsində 142.47 manat məbləğində müəyyən edilmişdir. Odur ki, qətnamə üzrə məhkəmənin nəzərə aldığı sonuncu xəbərdarlıq məktubunun yəni, xx.xx.2023-cü il tarixindən qətnamənin çıxarıldığı xx.xx.2024-cü il tarixinədək Mərkəzi Bankın uçot faiz dərəcəsini keçməməklə hesablanmış 55,22 manat faiz borcu hesablanmışdır. Qanunvericiliyin tələblərinə müvafiq olaraq Mərkəzi Bankın uçot faiz (5%) dərəcəsini keçməməklə hesablanmış faizlərin məbləği aşağıdakı kimidir: 1643.11 (bir min altı yüz qırx üç manat, 11 qəpik) manat əsas borc üzrə: 1643.11 x 5 %/360 x 242 = 55.22 (əlli beş manat, 22 qəpik) manat. izah: 1643.11 x 5 % (MB uçot faiz dərəcəsi) = bir illik faiz məbləği; Bir illik faiz məbləği /360 = bir günlük faiz məbləği; Bir günlük faiz məbləği x 242 gecikdirilmiş gün = 242 gün üçün faiz məbləği. İşdə olan Sumqayıt şəhər Məhkəməsinin 2(060)-2643/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, həmin qətmamə ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2022-ci il tarixli, 200804-561737/1 nömrəli müqavilə üzrə 1643,11 manat əsas borc, 142,47 manat faiz borcu olmaqla, cəmi 1785. 58 manat məbləğində pul vəsaitinin və dövlət rüsumu kimi ödənilmiş 43,74 manat məbləğində pul vəsaitinin 32.90 manat hissəsinin tutularaq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə cavabdehlər Cavabdeh2və Cavabdeh1 Məhərrəməli qızına yazılı bildiriş ünvanlanmışdır. Məhkəmə iş materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında 02 dekabr 2022-ci il tariхli, 200804-561737/1 nömrəli istehlak krеditi müqaviləsi bağlanmışdır. Daha sonra kreditor qarşısında borclu Cavabdeh2 02 dekabr 2022-ci il tariхli, 200804-561737/1 nömrəli istehlak krеditi müqaviləsi üzrə öhdəliklərini tamamilə icra etməsi üçün iş üzrə digər Cavabdeh1 Məhərrəməli qızı ilə Bank arasında 02 dekabr 2022-ci il tariхli, 200804-561737/1 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı Bank sözügedən müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclu müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə banka borcu yaranmışdır. İddiaçının cavabdehlərə qarşı pul tələbinə dair mülki iş üzrə qəbul edilmiş Sumqayıt şəhər Məhkəməsinin 2(060)-2643/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2022-ci il tarixli, 200804-561737/1 nömrəli müqavilə üzrə 1643,11 manat əsas borc, 142,47 manat faiz borcu olmaqla, cəmi 1785.58 manat məbləğində pul vəsaitinin və dövlət rüsumu kimi ödənilmiş 43,74 manat məbləğində pul vəsaitinin 32.90 manat hissəsinin tutularaq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Hazırda iddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Məhərrəməli qızı arasında bağlanmış 02 dekabr 2022-ci il tariхli, 200804-561737/1 nömrəli kredit müqaviləsi üzrə xəbərdarlıq məktubunun tarixindən (xx.xx.2023-cü il) məhkəmə qətnaməsinin elan olunduğu tarixinədək (xx.xx.2024-cü il) olan müddət ərzində gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 55.22 (əlli beş manat (.22)) manat məbləğində əlavə faiz borcunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər (743.1). Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir (743.2). Məcəllənin 746.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Məhkəmə qeyd edilənlərə istinad edərək hesab edir ki, iddiaçı bank cavabdehlərdən 02 dekabr 2022-ci il tariхli, 200804-561737/1 nömrəli kredit müqaviləsi üzrə xəbərdarlıq məktubunun tarixindən (xx.xx.2023-cü il) məhkəmə qətnaməsinin elan olunduğu tarixinədək (xx.xx.2024-cü il) olan müddət ərzində gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 55.22 (əlli beş manat (.22)) manat məbləğində əlavə faiz borcunu tələb etməkdə haqlıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Məhərrəməli qızından gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 55.22 manat məbləğində əlavə faiz borcu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 30 manat da cavabdehlərdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasənmülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284-1-284-6, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Məhərrəməli qızından gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 55,22 (əlli beş manat iyirmi iki qəpik) manat məbləğində əlavə faiz borcu və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №e-2(060)-6188/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-6188/2024
16.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver