Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-630/2023 06.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X3 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi X1 Cavabdeh Hacıbala oğlunun iştirakı ilə İddiaçı Bank Olmayan Kredit X4 Cəmiyyətinin Cavabdeh Hacıbaba oğluna qarşı “borcun tutulması tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Bank Olmayan Kredit X4 Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh Hacıbaba oğlundan Bankın xeyrinə 20 avqust 2019-cu il tarixli 19 PBS saylı kredit müqaviləsinə əsasən 2850 (iki min səkkiz yüz əlli) manat 11 (on bir) qəpik əsas borc, 162 (yüz altmış iki) manat 11 (on bir) qəpik hesablanmış faiz borcu, 4423 (dörd min dörd yüz iyirmi üç) manat 37 (otuz yeddi) qəpik dəbbə pulu olmaqla, cəmi 7435 (yeddi min dörd yüz otuz beş) manat 59 (əlli doqquz) qəpik kredit borcu və 96 (doxsan altı) manat ödənilmiş dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə Bank arasında 20 avqust 2019-cu il tarixli 19 PBS saylı kredit müqaviləsi imzalanmışdır. Müvafiq olaraq 20 avqust 2019-cu il tarixli 19 PBS saylı kredit müqaviləsi üzrə 5 il müddətinə, 1%, 2877,61 manat məbləğində kredit verilmişdir. Azərbaycan Respublikası fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış əvvəlki problemli kredit müqaviləsi restruktrizasiya edilmiş və cavabdehlə hazırki müqavilə bağlanmışdır. Cavabdeh bu müqavilə üzrə də borc öhdəliyini qəsdən icra etməkdən imtina edir. Xəbərdar edilməsinə baxmayaraq, borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə borcun ödənilməsi tələbinə dair cavabdehə bildiriş verilmişdir. İddiaçının nümayəndəsi C.Mahmudov məhkəməyə ərizə göndərərək işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddianı qismən qəbul etdi və bildirdi ki, onunla Bank arasında 20 avqust 2019-cu il tarixli 19 PBS saylı kredit müqaviləsi imzalanmışdır. Bir müddət ödəniş etdikdən sonra maddi imkanı zəifləmiş və ödəniş etməmişdir. Hazırda əsas borcdan 50 manat ödəniş etmişdir. Əsas və faiz borcu ilə razıdır, lakin dəbbə pulu ödəyə bilmədiyi üçün həmin hissədə iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 19 PBS saylı, xx.xx.2019-cu il tarixli “İpoteka (girov) müqaviləsindən” görünür ki, "xxxx" ASC-i tərəfindən Cavabdeh illik faiz dərəcəsi 1 faiz olmaqla 5 il müddətinə-2877,61 manat məbləğində kredit verilmişdir. Kreditor bu müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi ilə nəticələnə bilən hallarda verdiyi kredit hesablanmış faizi ilə birlikdə qaytarılmasını borcalandan tələb edə bilər. İşdə olan 05 noyabr 2022-ci il tarixli Maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" ASC- nə 2850 (iki min səkkiz yüz əlli) manat 11 (on bir) qəpik əsas borc, 162 (yüz altmış iki) manat 11 (on bir) qəpik hesablanmış faiz borcu, 4423 (dörd min dörd yüz iyirmi üç) manat 37 (otuz yeddi) qəpik dəbbə pulu olmaqla, cəmi 7435 (yeddi min dörd yüz otuz beş) manat 59 (əlli doqquz) qəpik kredit borcu vardır. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək müəyyən etdi ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 19 PBS saylı, xx.xx.2019-cu il tarixli “İpoteka müqaviləsi” üzrə borclu götürdüyü kredit borcunu, faiz dərəcələri ilə birlikdə 60 ay müddətinə ödənilməyi öhdəsinə götürmüşdür, lakin lazımi qaydada ödəməni həyata keçirməmişdir və nəticədə kreditora borcu yaranmışdır. Buna görədə kreditorun borcun əsas hissəsinin, ona hesablanmış faiz borclarının tələb edilməsi tam əsaslıdır və buna görədə iddia tələbi əsas və faiz borc hissəsində təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci madəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci madəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhkəmə iddianın məhkəmə xərclərinin tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə onların vəziyyətini daha ağırlaşdırdığını, habelə iddiaçının əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, 4423,37 manat məbləğində dəbbə pulu (penya) tənasübsüz surətdə yüksəkdir, odur ki, dəbbə pulu (penya) azaldılaraq 100 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh Hacıbaba oğlundan 2850 (iki min səkkiz yüz əlli) manat 11 (on bir) qəpik əsas borc, 162 (yüz altmış iki) manat 11 (on bir) qəpik hesablanmış faiz borcu, 100 (yüz) dəbbə pulu olmaqla, cəmi 3112 (üç min yüz on iki) manat 22 (iyirmi iki) qəpik kredit borcu və 96 (doxsan altı) manat ödənilmiş dövlət rüsumunun “Para» Bank Olmayan Kredit Təşkilatı ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №e-2(060)-630/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-630/2023
06.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver