Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-6315/2025 02.03.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı MM Qeyri-Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması tələbinə dair iş üzrə (açar sözlər: borcun tutulması) Giriş hissə: Hakim İmamverdiyeva Pərvin Arif qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə İddiaçı MM Qeyri-Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: a) iddia tələbi
1. İddiaçı cavabdehlərə qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 əsas borc üzrə 2367.59 manat, faiz borcuna görə 202.72 manat, cərimə borcuna görə 0.00 manat, cəmi 2570.31 (iki min beş yüz yetmiş manat, otuz bir qəpik) manat məbləğində borcun və 45.71 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı MM QBKT-nın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı MM Qeyri-Bank Kredit Təşkilatı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MM QBKT ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, **********0961 saylı kredit müqaviləsinə əsasən borcluya, ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması illik 28.00 % faiz dərəcəsi olmaqla 24 ay müddətinə 3500 (üç min beş yüz) AZN məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 194.00 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği Kredit Alana nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard” adı qeyd edilmiş, kredit kartında təqdim edilir. Həmçinin, kredit müqaviləsinə üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********0961 – ******* saylı Zaminlik müqaviləsi ilə Cavabdeh1 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən, Zamin, Kredit Alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, Cavabdeh2 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2025-ci il tarixinə olan Maliyyə arayışına əsasən Cavabdeh2 əsas borc üzrə 2367.59 manat, faiz borcuna görə 202.72 manat , cərimə borcuna görə 0.00 manat, cəmi 2570.31 (iki min beş yüz yetmiş manat, otuz bir qəpik) manat təşkil edir. Qeyd etmək istəyirlər ki, mübahisənin məhkəmədən kənar həll edilməsinin təmin edilməsi üçün tərəflərindən cavabdehlərə Pretenziya məktubu göndərilmişdir.
b) iddiaya etiraz
4. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.
c) məhkəmə icraatı iştirakçılarının izahatları
3. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (sənədin elektron kabinetə yerləşdirilməsinə dair çıxarışa və SMS xəbərdarlığın AZEMİS vasitəsi ilə göndərilməsinə dair bildirişə əsasən) xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, lakin iddiaçının nümayəndəsi xx.xx.2026-cı il tarixdə elektron ərizə ilə məhkəməyə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, cavabdehlər isə məhkəməyə gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə tərəfindən Cavabdeh2 ilə əlaqə saxlanılmış, krediti şəxsi istehlak məqsədilə götürdüyünü bildirmişdir. Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Əsaslandırıcı hissə:
a) mülki işin materialları
5. İddiaçı MM QBKT ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, **********0961 saylı kredit müqaviləsindən görünür ki, cavabdehə bank tərəfindən illik 28.00 % faiz dərəcəsi olmaqla 24 ay müddətinə 3500 (üç min beş yüz) AZN məbləğində kredit verilmişdir.
6. İddiaçı MM QBKT ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2023-cü tariхli, **********0961 – ******* nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 kreditor qarşısında borclunun kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq üzərinə götürmüşdür.
7. xx.xx.2023-cü il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh2 İddiaçı MM QBKT-dan 3500 manat pul vəsaitini qəbul etmişdir.
8. xx.xx.2025-ci il tarixli, 2025/999 nömrəli və xx.xx.2025-ci il tarixli, 2025/999 nömrəli xəbərdarlıq məktublarından görünür ki, İddiaçı MM QBKT tərəfindən Cavabdeh2 və Cavabdeh1 kredit bоrcunun ödənilməsi barədə bildiriş ünvanlanmışdır.
9. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı MM QBKT ilə bağlanmış müqaviləyə əsasən Cavabdeh2 xx.xx.2025-ci il tarixə 2367.59 manat əsas, 202.72 manat faiz, 00 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 2570.31 manat borcu vardır.
b) mülki iş üzrə tətbiq edilən hüquq:
10. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 445.2.1.Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; (əvvəlki redaksiyada) Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (əvvəlki redaksiyada)
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır;
c) məhkəmənin mövqeyi
12. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, kredit müqaviləsinə əsasən borc məbləğinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə ödəməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə iddiaçıya olan borcunu ödəməlidir.
13. Bu mənada məhkəmə iddiaçı tərəfin dəlilləri ilə razılaşır.
14. Borcun əsası olan İddiaçı MM QBKT ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, **********0961 saylı kredit müqaviləsindən görünür ki, cavabdehə bank tərəfindən illik 28.00 % faiz dərəcəsi olmaqla 24 ay müddətinə 3500 (üç min beş yüz) AZN məbləğində kredit verilmişdir. Həmçinin, İddiaçı MM QBKT ilə Cavabdeh1 arasında xx.xx.2023-cü tariхli, **********0961 – ******* nömrəli zaminlik müqaviləsi bağlanmış, həmin müqavilədə əsas borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zaminin Bank qarşısında məsuliyyəti tam olaraq öz üzərinə götürdüyü və Borclu ilə birlikdə Bank qarşısında məsuliyyət daşıdığı nəzərdə tutulmuşdur.
15. Cavabdehlər aylıq ödənişlərin vaxtında yerinə yetirilməsi ilə bağlı öhdəliklərini pozmuş, iddiaçı isə qalıq əsas borc 2367.59 manat və 202.72 manat faiz borcu tələb etmişdir.
16. Məhkəmə hesab edir ki, iddia tələbi müqavilə üzrə əsas və faiz borcuna münasibətdə tam təmin edilməlidir. Belə ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməməklə kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Bu səbəbdən cavabdehdən İddiaçı MM Qeyri-Bank Kredit Təşkilatının xeyrinə 2367.59 manat və 202.72 manat faiz borcu tutulmalıdır.
17. Nəzərə almaq lazımdır ki, borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir.
18. Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur.
19. İddia eyni zamanda zamin qismində Cavabdeh1 yönəldiyindən, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıdığından, zaminin məsuliyyəti aradan qaldıran hər hansı hal aşkar edilmədiyindən məhkəmə hesab edir ki, iddia zaminə münasibətdə də təmin edilməlidir.
20. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 45.71 manat dövlət rüsumu da cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır.
21. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, 2367.59 manat əsas, 202.72 manat faiz borcu və 45.71 manat məbləğdə ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı MM Qeyri-Bank Kredit Təşkilatına ödənilməlidir.
Nəticə hissəsi:
22. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 2367.59 manat əsas, 202.72 manat faiz borcu və 45.71 manat məbləğdə ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2616.02 manat məbləğində pul İddiaçı MM Qeyri-Bank Kredit Təşkilatının xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Pərvin İmamverdiyeva