Məhkəmə qərarları › İş №e-2(060)-6329/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-6329/2025

23.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-6329/2025 23.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, Cavabdeh 27000 manat məbləğində pulun və iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 171 manat, cəmi 27171 manat məbləğində pulun Cavabdeh tutularaq ona, yəni İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh Kapital Bankın 19 saylı notariat filialının işçisi kimi tanımışdır. Bir neçə dəfə ona bank işlərində köməklik göstərmiş, onunla aralarında etibarlı şəxs kimi yoldaşlıq münasibəti yaranmışdır. Cavabdeh 2025-ci ilin iyun ayında onunla əlaqə saxlayıb, müəyyən işlərlə bağlı ona pul lazım olduğunu bildirərək ondan 27000 manat borc pul istədi və borcunu 31 iyul 2025-ci il tarixədək qaytaracağını bildirdi. Eldənizi yaxından tanıdığı və ona etibar etdiyi üçün borc istədiyi 27000 manat pulu verməyi qərara almışdır. Cavabdeh borcu yalnız müqavilə əsasında verə biləcəyini bildirmiş və xx.xx.2025-ci il tarixdə aralarında borc müqaviləsi tərtib etməklə 27000 manat pulu Eldənizə vermiş, o da öz növbəsində müqaviləni imzalyaraq borcu 31 iyul 2025-ci il tarixədək qaytaracağı barədə öhdəlik götürdü. Lakin Eldəniz götürdüyü öhdəliyə əməl etmədi. Belə ki, xx.xx.2025-ci il tarixdə onunla əlaqə saxlayıb borcunu qaytarmağı tələb etmiş, bu zaman ondan bir həftə vaxt istəmiş və bir həftə ərzində pulu qaytaracağı barədə söz vermişdir. Lakin o vədinə bir daha əməl etməyərək pulu ödəmək üçün ondan əlavə vaxt istədi, borcunu qaytaracağını bildirdiyi tarixlərdə də onunla əlaqə saxlasa da, o, müxtəlif bəhanələr gətirərək borcunu ödəməkdən yayınır. xx.xx.2025-ci il tarixdən hazırki vaxtadək Cavabdeh borc götürdüyü 27000 manat puldan ona heç bir ödəniş etməmişdir.

Tərəflərin mövqeləri:

3. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə iclaslarında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tədqiq olunan sübutlar:

6. Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2025-ci il tarixli borc müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 31 iyul 2025-ci il tarixədək qatarmaq şərtilə 27000 manat məbləğində borc vermişdir.

Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

9. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.

10. Belə ki, mülki qanunvericiliyə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

11. İş materialarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış sadə yazılı formada borc müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı tərəfindən Cavabdeh 27000 manat məbləğində borca pul verilmişdir.

12. Cavabdeh tərəfindən müqavilə ilə müəyyən edilmiş müddətdə, yəni 31 iyul 2025-ci il tarixdə borcun ödənilməsi təmin edilmədiyindən iddiaçı tərəfindən borcun ödənilməsi ilə bağlı iddia ilə məhkəməyə müraciət edilmişdir.

13. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında borc müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. Cavabdeh müqavilədən irəli gələn borcun qaytarılmasına dair öhdəliyini icra etməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş öhdəliyi yaranmışdır.

14. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi və AZEMİS vasitəsilə SMS xəbərdalıq göndərilməklə məlumat verilmiş, lakin o, məhkəmə iclaslarında iştirak etməmiş, eyni zamanda iddiaya qarşı yazılı etirazını, qeyd edilən halları təkzib edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir.

15. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

16. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh 27000 (iyirmi yeddi min) manat məbləğində pul vəsaiti və dövlət rüsumu qismində ödənilmiş 171 (yüz yetmiş bir) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməlidir.

Nəticə:

17. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 27000 (iyirmi yeddi min) manat məbləğində pul vəsaiti və dövlət rüsumu qismində ödənilmiş 171 (yüz yetmiş bir) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar