Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-6355/2021 20.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt şəhər Məhkəməsinin hakimi Tanrıverdiyeva Günel Cəbrayıl qızı İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiasına sadələşdirilmiş icraat qaydasında 20 avqust 2021-ci il tarixdə baxaraq, müəyyən etdi: İddiaçı MMC kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, BL305295 saylı 29.06.2019-cu il tarixli Nisyə satış müqaviləsi üzrə 29.07.2020-ci il tarixə yaranmış 914 manat əsas borc, 91,40 manat hesablanmış cərimə, ümumilikdə 1005,40 manat borcun və 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında BL305295 saylı 29.06.2019-cu il tarixli Nisyə satış müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 01 saylı əlavəsinə əsasən, Cavabdeh 12 ay müddətinə hər ayın 29dan gec olmamaqla 84 manat ödəməyi üzərinə götürmüşdür. Belə ki, cavabdeh qeyd olunan müqavilənin öhdəliklərini lazımınca yerinə yetirməyərək, aylıq ödənişləri vaxtında ödəməmiş və bununla da müqavilə şərtlərini pozmuşdur. Cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, o, müqavilə üzrə götürdüyü öhdəlikləri könüllü yerinə yetirməmişdir. 29.06.2021-ci il tarixli borca dair arayışdan görünür ki, BL305295 saylı 29.06.2019-cu il tarixli Nisyə satış satış müqaviləsi üzrə Cavabdeh "Baku Electronics” MMC-yə yaranmış 914 manat əsas borc, 91,40 manat hesablanmış cərimə, ümumilikdə 1005,40 manat borcu vardır. Ona görə də iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarına əlavə olunmuş BL305295 saylı 29.06.2019-cu il tarixli Nisyə satış müqaviləsinə əsasən, Cavabdeh hissə-hissə ödəmək şərti ilə İddiaçı MMC-dən ümumi dəyəri 998 manat olan bir ədəd avadanlıq almışdır. İşdə olan BL305295 saylı 29.06.2019-cu il tarixli Nisyə satış müqaviləsinə 1 saylı əlavədən görünür ki, Cavabdeh 998 manat məbləğində pulu 0 manat əvvəldən ödəmək şərtilə ayda 84 manat (sonuncu ayda 74 manat) olmaq şərti ilə 12 ay müddətinə İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. 29.06.2021-ci il tarixli borca dair arayışa əsasən, BL305295 saylı 29.06.2019-cu il tarixli Nisyə satış müqaviləsi üzrə Cavabdeh İddiaçı MMC-yə 914 manat əsas borc, 91,40 manat hesablanmış cərimə, ümumilikdə 1005,40 manat borcu vardır. İşdə olan 20.05.2020-ci il tarixli xəbərdarlıq bildirişindən görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh yazılı bildirişlər ünvanlanmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında BL305295 saylı 29.06.2019-cu il tarixli Nisyə satış müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh iddiaçıdan ümumi dəyəri 998 manat olan bir ədəd avadanlıq almış, lakin onun dəyərini tam ödəməmiş, nəticədə onun iddiaçıya 914 manat əsas borcu yaranmışdır. Cavabdeh yaranan borcun ödənilməsini təmin etməmişdir. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Azərbaycan Respublikası MM-nin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Belə olan halda, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış nisyə satış müqaviləsi üzrə yaranmış 914 manat borcun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsinə görə hesablanmış 91,40 manat məbləğində dəbbə pulu kreditorun həm əmlak, həm də bütun əsaslı mənafelərinə uyğundur, tənasübsüz surətdə yüksək deyil. Bu səbəbdən iddia həmin hissədə də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 30 manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284-1-284-6, 216- 510-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh BL305295 saylı 29.06.2019-cu il tarixli Nisyə satış müqaviləsi üzrə yaranmış 914 (doqquz yüz on dörd) manat əsas borc, 91,40 (doxsan bir manat qırx qəpik) manat hesablanmış cərimə, ümumilikdə 1005,40 (bir min beş manat qırx qəpik) manat borc və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №e-2(060)-6355/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-6355/2021
20.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver