Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-6392/2024 05.11.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia qaldıraraq Cavabdeh İddiaçı QSC-nin xeyrinə 5741,6 manat məbləğində kredit bоrcu, 819,90 manat məbləğində faiz bоrcu və 118,63 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 6680,13 manat məbləğində bоrcun və tərəfindən ödənilmiş 86,81 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı QSC ilə xx.xx.2023-cü il tarixdə bağladığı 003A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 2.1667% оlmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 6700 manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 958,4 manat ödəniş etmiş və оnun iddiaçıya 5741,6 manat məbləğində kredit bоrcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1-ci bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. O, kredit bоrcunu və faiz borcunu kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 168 gün üçün hesablanmış faiz borcu 819,90 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5% məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 168 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 118,63 manat təşkil edir.
Tərəflərin mövqeləri:
3. İddiaçı məhkəməyə ərizə göndərərək xx.xx.2024-cü il tarixə, saat 09:20-ə təyin edilmiş məhkəmə baxış iclasının iştirakları olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
4. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, hər ay 100 manata qədər ödənilməsi barədə razılaşmışdırlar. Borcu qəbul edir. İşləmədiyi üçün borcu ödəyə bilməmişdir.
Tədqiq olunan sübutlar:
5. 26 aprel 2023-cü il tarixli ərizədən görünür ki, Cavabdeh bankın internet səhifəsində yerləşdirilmiş “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”, tariflər və valyuta məzənnəsi ilə tanış olduğunu, onları qəbul etdiyini bildirmiş və 48 ay müddətinə 26%-lə 6700 manat məbləğində kredit verilməsini xahiş etmişdir.
6. 003A********** saylı kredit müqaviləsi üzrə ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə tərəflər 01 iyun 2023-cü il tarixdən 01 aprel 2027-ci il tarixədək hər ay 228 manat, 03 may 2027-ci il tarixdə 265,97 manat məbləğində pul vəsaitinin banka ödənilməsi barədə razılığa gəlmişlər.
7. 20.06.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, xx.xx.2024-cü il tarixinədək gecikdirilmiş ödəniş məbləğinin banka qaytarılması və kredit müqaviləsinin ləğv edilməsi cavabdehə təklif olunmuş, əks təqdirdə kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi və banka borclu olduğu 6791,54 manat məbləğin, həmçinin xx.xx.2024-cü il tarixdən hesablanacaq faiz və cərimə məbləğlərinin məcburi alınması üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
8. İddiaçı ASC tərəfindən tərtib edilmiş 18 iyul 2024-cü il tarixli maliyyə arayışında qeyd olunmuşdur ki, Cavabdeh 003A********** saylı, xx.xx.2023-cü il tarixli kredit razılaşması üzrə 5741,6 manat əsas borc, 819,90 manat faiz borcu, 118,63 manat cərimə olmaqla, cəmi 6680,13 manat borcu vardır.
Məhkəmə baxışının hədləri:
9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Tətbiq edilən hüquq:
10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
- 739-cu maddəsinə əsasən (əvvəlki redaksiya) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. -467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarı: - Borcalana bildiriş verilməsi və ya məhkəmə qərarının (o cümlədən birbaşa borcalana qarşı iddia tələbi irəli sürülmədən müvafiq tarixə yaranmış borcun ipoteka predmetinin hərracdan satılması hesabına tutulması barədə məhkəmə aktının) qəbul edilməsi ilə tərəflər arasında bağlanmış kredit müqaviləsi ləğv edilmiş hesab edilərsə, bu halda həmin tarixdən sonrakı dövr üçün bank kredit müqaviləsi üzrə faiz və dəbbə pulunu borcalandan tələb etmək hüququnu itirməklə borcludan yalnız öhdəliyin icrasının gecikdirilməsi nəticəsində yaranmış zərəri (Mülki Məcəllənin 443-cü maddəsi) və (və ya) pul öhdəliyinin icra edilməməsindən irəli gələn məsuliyyət üzrə digər vəsaiti tələb edə bilər.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
12. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.
13. Belə ki, mülki qanunvericiliyə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
14. İş materialarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, Cavabdeh bankın internet səhifəsində yerləşdirilmiş “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”, tariflər və valyuta məzənnəsi ilə tanış olduğunu, onları qəbul etdiyini bildirmiş və 48 ay müddətinə 26%-lə 6700 manat məbləğində kredit verilməsini xahiş etmişdir. Tərəflər arasında ödənişlərin icrası müddəti 01 iyun 2023-cü il tarixdən 03 may 2027-ci il tarixədək müəyyənləşdirilmişdir.
15. Cavabdeh tərəfindən müqavilə üzrə borcun ödənilməsi tam təmin edilmədiyindən iddiaçı tərəfindən ona bildiriş göndərilərək borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
16. Məhkəmə iclasında cavabdeh borcu qəbul etdiyini bildirərək, maddi imkanının olmaması səbəbindən ödənişləri həyata keçirə bilmədiyini bildirmişdir.
17. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. İddiaçı qeyd olunan müqavilə üzrə üzərinə düşən vəzifəni yerinə yetirərək pul vəsaitini cavabdehin hesabına köçürmüş və onlar ödənişlərin müddəti və məbləği barədə razılığa gəlmişlər. Lakin Cavabdeh müqavilədən irəli gələn kreditin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş öhdəliyi yaranmışdır. Bu səbəbdən risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliyinin təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış borcu iddiaçıya ödəməlidir.
18. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsas borcun ödənilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir.
19. Məhkəmə iddianın faiz borcunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, 18 iyul 2024-cü il tarixli maliyyə arayışında cavabdehin 819,90 manat faiz borcunun olduğu göstərilmişdir. Lakin iddiaçı tərəfindən cavabdehə göndərilmiş 20 iyun 2024-cü il tarixli bildirişdə cavabdehdən 745,77 manat məbləğində faiz borcunun ödənilməsi tələb edilmişdir.
20. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə əsaslanaraq hesab edir ki, iddiaçının cavabdehə müqavilə üzrə yaranmış bütün borcun ödənilməsi ilə müqaviləyə xitam verilməsinin tələb olunması, yəni iddiaçının pretenziya edərək cavabdehə xəbərdarlıq müddəti verməsi və cavabdehin bu müddət ərzində hərəkətsiz qalmasından sonra müddətin bitməsi ilə onlar arasında olan müqavilə münasibətləri iddiaçı tərəfindən birtərəfli qaydada ləğv edilmişdir.
21. Bu zaman nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarına görə iddiaçının məhz həmin tarixədək yaranmış faiz borcunu tələb etməyə hüququ olmuşdur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, tələb bu hissədə qismən təmin edilməli, cavabdehdən 745,77 manat faiz borcu alınaraq iddiaçıya verilməlidir.
22. Öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər.
23. Məhkəmə işin hallarını, o cümlədən tərəflərin həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, 118,63 manat təşkil edən cərimə məbləğinin 50 manata qədər azaldılmasını məqsədəmüvafiq hesab edir.
24. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 5741,6 manat əsas borc, 745,77 manat faiz, 50 manat cərimə borcu olmaqla, cəmi 6537 (altı min beş yüz otuz yeddi) manat, 37 (otuz yeddi) qəpik məbləğində pul vəsaiti və dövlət rüsumu kimi ödənilmiş 86,81 manat məbləğində pul vəsaitinin 85 (səksən beş) manat, 37 (otuz yeddi) qəpik hissəsi tutularaq İddiaçı ASC-yə ödənilməlidir.
Nəticə:
25. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh 5741,6 manat əsas borc, 745,77 manat faiz, 50 manat cərimə borcu olmaqla, cəmi 6537 (altı min beş yüz otuz yeddi) manat, 37 (otuz yeddi) qəpik məbləğində pul vəsaiti və dövlət rüsumu kimi ödənilmiş 86,81 manat məbləğində pul vəsaitinin 85 (səksən beş) manat, 37 (otuz yeddi) qəpik hissəsi tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva