Məhkəmə qərarları › İş №e-2(060)-6430/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-6430/2025

22.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-6430/2025 22.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hаkimi Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi ilə, İddiaçı "xxxx" Elmi-İstehsalat Firmasının cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qarşı “əsassız tutulmuş pul vəsaitinin geri qaytarılması” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Elmi-İstehsalat Firması cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qarşı “əsassız tutulmuş pul vəsaitinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru tərəfindən borclu "xxxx" firmasına məxsus bank hesabına qoyulmuş məcburi icra hərəkətləri ilə əlaqədar 2248 manat pul vəsaitinin cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhəri üzrə İcra idarəsi tərəfindən iddiaçı “Tural 110” firmasına geri qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin yolverilməzliyinə görə qəbulundan imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinin tələbinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə qeyd edir ki, “ərizəyə məhkəmə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə” müddəası özündə, mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda, yaxud iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olmasını, habelə qanunla xüsusi mübahisələndirmə qaydası müəyyən edilmiş aktların iddia icraatı qaydasında mübahisələndirilməsinin yolverilməzliyini ehtiva edir. Məhkəmə hesab edir ki, hazırki halda bank hesabına qoyulmuş məcburi icra hərəkətləri ilə əlaqədar 2248 manat pul vəsaitinin icra idarəsindən alınması tələbi ayrıca məhkəmə icraatının predmeti ola bilməz, həmin məsələyə icra icraatı qaydasında baxılmalıdır. (müvafiq yekun məhkəmə aktının icrası qaydasında 8 indeksi ilə) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” 10 oktyabr 2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsasən, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Mülki Prosessual Məcəllədə olduğu kimi, “İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Eyni zamanda icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən icra qurumunun rəhbərinə və ya məhkəməyə şikayət verilə bilər. Bu baxımdan iddiaçı "xxxx" Elmi-İstehsalat Firmasının cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qarşı “əsassız tutulmuş pul vəsaitinin geri qaytarılması” tələbi ayrıca məhkəmə icraatının predmeti ola bilməz, həmin məsələyə icra icraatı qaydasında baxılmalıdır. (müvafiq yekun məhkəmə aktının icrası qaydasında 8 indeksi ilə). Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı "xxxx" Elmi-İstehsalat Firmasının cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “əsassız tutulmuş pul vəsaitinin geri qaytarılması” tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilsin və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2025-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan qəbzə əsasən ödənilmiş 43 manat dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1, 153.3 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" Elmi-İstehsalat Firmasının cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qarşı “əsassız tutulmuş pul vəsaitinin geri qaytarılması” tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilsin və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçı "xxxx" Elmi-İstehsalat Firması tərəfindən xx.xx.2025-ci il tarixli, ********** saylı qəbzə əsasən ödənilmiş 43 (qırx üç) məbləğində dövlət rüsumu dövlət büdcəsindən alınaraq iddiaçıya qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar