Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-6431/2025 22.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hаkimi Şirəliyeva Vəfa Zavrulla qızı, İddiaçı Cavabdeh qarşı “maneələrin aradan qaldırılaraq cavabdehin hesabına sökülməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq Cavabdeh tərəfindən ona məxsus Abşeron rayonu, Ceyranbatan qəsəbəsində Körpü ərazisi adlanan yerdə bir mərtəbəli fərdi yaşayış evinin ara məsafəsində cavabdeh tərəfindən sonradan tikilmiş hasar, darvaza və navesin cavabdehin öz hesabına sökülərək, həmin fərdi yaşayış evləri arasında 1 metr yarım ara məsafəsi qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, işə baxılması ilə əlaqədar ərazi aidiyyatı qaydaları Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 4-cü fəsli ilə müəyyən edilir. Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə görə, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Beləliklə qanunvericilikdə iddianın bir qayda olaraq cavabdehin rəsmi qeydə alındığı yerin və ya hüquqi şəxsin ünvanının olduğu yerin məhkəməsinə verilməli olduğu təsbit edilmişdir. Eyni zamanda Mülki Prosessual Məcəllədə mübahisənin predmeti, iş üzrə iddiaçının hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət imkanının asanlaşdırılması, tərəflərin öz iradəsinə uyğun olaraq müqavilə ilə müəyyən etdikləri aidiyyət, daşınmaz əmlakın yerləşdiyi yer və s. amillər nəzərə alınmaqla ümumi qaydadan fərqli ərazi aidiyyəti qaydaları (iddiaçının seçiminə görə aidiyyat, müqavilə aidiyyatı, müstəsna aidiyyat və.s) da nəzərdə tutulmuşdur. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh qeydiyyatda olduğu ünvan Qazax rayonu, Cəfərli kəndidir. İddiaçının maneələrin aradan qaldırılaraq cavabdehin hesabına sökülməsini istədiyi əmlak isə Abşeron rayonu, Ceyranbatan qəsəbəsində Körpü ərazisi adlanan yerdə bir mərtəbəli fərdi yaşayış evidir. Məhkəmə hesab edir ki, hazırki işə ərazi aidiyyəti qaydalarına uyğun olaraq Sumqayıt Şəhər Məhkəməsində baxılmalı deyil. Məhkəmə ilk növbədə müstəsna aidiyyat qaydaları ilə bağlı Mülki Prosessual Məcəllənin tələblərindən və eyni zamanda həmin aidiyyat qaydası ilə bağlı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsi”nə dair 02 iyun 2021-ci il tarixli qərarındakı mövqeyindən çıxış edərək qeyd edir ki, Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: - daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; - daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; - sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan). Qeyd olunmalıdır ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə hər hansı xüsusiyyətdən asılı olmayaraq yalnız MPM-nin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxıla bilər və sadalanan işlər üzrə iddianın başqa məhkəmələrə verilməsinə yol verilmir. Müstəsna aidiyyət MPM-nin şərh olunan maddəsində nəzərdə tutulmuş işlərin düzgün və vaxtında həll olunması üçün maksimum dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Azərbaycan Respublikası MPM-nin 39-cu maddəsində müstəsna aidiyyətin nəzərdə tutulduğu hər bir halda işə daşınmaz əmlakın olduğu yerin məhkəməsində baxılmalı olması təsbit olunur. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, hazırki iddia sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddia olmaqla (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan) müstəsna aidiyyat qaydalarına uyğundur. Belə olan halda məhkəmə hesab edir ki, mübahisəsinin düzgün və vaxtında həll olunmasına dair maksimum dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsi üçün mülki işə müstəsna aidiyyət baxımından əmlakın yerləşdiyi yer üzrə Abşeron Rayon Məhkəməsində baxılmalıdır. Həmin Məcəllənin 152.1 və 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü bəndinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. İddia ərizəsinə əlavə edilmiş materiallardan görünür ki, iddiaçı hazırki iddia tələbi üzrə 100 manat dövlət rüsumu ödəmişdir. İddia ərizəsi geri qaytarıldığı üçün həmin rüsum iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddasinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı : İddiaçı Cavabdeh qarşı “maneələrin aradan qaldırılaraq cavabdehin hesabına sökülməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı iddia ərizəsinin verilməsi üçün ********** saylı qəbzə əsasən ödədiyi 100 (bir yüz) manat dövlət rüsumu dövlət büdcəsindən iddiaçıya qaytarılsın. Qərardadın icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X1 İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Şirəliyeva
Məhkəmə qərarları › İş №e-2(060)-6431/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-6431/2025
22.09.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver