Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-6467/2025 06.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Nəcəfzadə Əfsanə Eyvaz qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi»nə dair iddia ərizəsi ilə bağlı üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı «subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi»nə dair iddia ərizəsi üzrə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC ilə X3 arasında xx.xx.2025-ci il tarixində PAA********** saylı sığorta müqaviləsi bağlanılmış və “Mercedes Benz 1843L” markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2025-ci il tarixdə “Mercedes Benz 1843L” markalı, **- DC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Binəqədi-Novxanı- Pirşağı dənizkənarı yolunda yol-nəqliyyat hadisəsi törətmiş, “Chevrolet Malibu” markalı, **- FG-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 1170 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı Binəqədi RPİ DYPŞ-dən ünvanlarına inzibati xəta haqqında qərar daxil olmuş, həmin qərara əsasən Cavabdeh AR İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələri ilə təqsirli bilinmiş və qərarda Cavabdeh hadisə yerindən yayındığı qeyd olunmuşdur. Binəqədi RPİ DYPŞ-nin "xxxx" ASC-yə təqdim etdiyi arayışa əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Göstərilənlərə əsasən 1170 manat sığorta ödənişi məbləğinin və 31,70 manat dövlət rüsumunun, cəmi 1201,7 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci və 284-5.3-cü maddələrinə əsasən, hazırki mülki işə iddianın məbləği beş min manatdan az olduğundan sadələşdirilmiş icraat qaydasında baxılması qərara alınmış, bu barədə Cavabdeh bildiriş göndərilərək, iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməsi xahiş olunmuşdur.
4. Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi»nə dair iddia ərizəsi ilə bağlı mülki işə ümumi iddia icraatı qaydasında baxılması qərara alınmışdır. a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
5. İddiaçı "xxxx" ASC tərəfindən məhkəməyə ərizə təqdim edilərək, məhkəmə iclasının onların nümayəndələrinin iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
6. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
7. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh izahat verərək bildirmişdir ki, guya hadisə yerindən yayınmışdır. Halbuki, həmin avtomobil ondan əvvəl hadisə yerindən getmişdir. İddia tələbini qəbul etmir. Kamera görüntülərində də var ki, o, bariyerə dəyməmək üçün avtomobili sola döndərmişdir. Həmin vaxt tır sürürdü və böyük maşınlarda kor nöqtə var, ona görə də həmin avtomobili dönəndə görməmişdir. Onun avtomobilinə zərər dəymişdir. Şəxs bildirdi ki, polisə ehtiyac yoxdur. Özləri aralarında həll edə bilərlər. Ona 100 manat məbləğində cərimə gəlmişdi. Onu da müdiri ödəmişdi. Polisin qərarını mübahisələndirməmişdir. Həmin qərardan xəbəri belə yox idi. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
8. Sonuncu məhkəmə iclasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
9. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
10. Məhkəmə, cavabdehin izahatını dinləyib, iş üzrə toplanmış sübutları məcmu halda araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
11. Belə ki, iş materiallarında Binəqədi rayon DYPŞ tərəfindən tərtib edilmiş № İXP ******* saylı, xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli, № TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın vəminzibati xəta haqqında protokolun surətlərindən görünür ki, ** DC *** dövlət qeydiyyat nişanlı, “Mercedens Benz 1843LS Yük” markalı avtonəqliyyat vasitəsini idarə etmiş Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci, 332.1-ci və 327.6-cı maddələri ilə təqsirli bilinmişdir.
12. İş materiallarında olan avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsinə əsasən ** DC *** dövlət qeydiyyat nişanlı, “Mercedens Benz 1843LS Yük” markalı avtomobil xx.xx.2025-ci il tarixdən xx.xx.2026-cı il tarixədək "xxxx" ASC tərəfindən sığortalanmışdır. Sığortalı X2r.
13. İş materiallarında olan 13492 saylı, xx.xx.2019-cu il tarixli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən X1 hesabına 1170 manat məbləğində pul köçürülmüşdür.
14. İş materiallarında olan "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, cavabdehə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
15. Beləliklə məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, “Mercedes Benz 1843L” markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2025-ci il tarixində "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta» növü üzrə sığortalanmışdır. xx.xx.2025-ci il tarixində Cavabdeh idarə etdiyi “Mercedes Benz 1843L” markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə “Chevrolet Malibu” markalı, **-FG-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi zamanı zərər vurmuşdur. Cavabdeh yol-nəqliyyat hadisəsi yerindən yayınmışdır. Sığorta aktına əsasən sığorta şirkəti tərəfindən avtomobilə dəymiş zərər ödənilərək sığorta ödənişi həyata keçirilmiş, hazırda isə sığorta şirkəti ödədiyi 1170 AZN məbləğində pulu cavabdehdən tutulması barədə iddia ilə məhkəməyə müraciət etmişdir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
17. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.
18. Qeyd olunan Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
19. Həmçinin, Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
20. Bundan əlavə, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.
21. Məhkəmə iddia tələbinə qeyd olunan maddi hüquq normalarını tətbiq edərək, belə nəticəyə gəlir ki, yol-nəqliyyat hadisəsi baş verən zaman yüksək təhlükə mənbəyi olan avtomobil qanuni əsaslarla Cavabdeh sahibliyində və istifadəsində olduğundan, həmçinin, onun Binəqədi rayon DYPŞ tərəfindən tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərara əsasən təqsirli olması sübuta yetirildiyindən və o, hadisə yerindən yayındığından həmin mənbənin vurduğu zərərə görə Cavabdeh məsuliyyət daşımalıdır. Ona görə də iddia tələbi təmin edilərək, Cavabdeh 1170 (bir min yüz yetmiş) manat məbləğində pul və ödənilmiş 31,70 (otuz bir manat, yetmiş qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq iddiaçı «Atasığorta” Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.
22. Azərbaycan Respublikası MPM-nin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
23. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
24. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
25. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
26. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Nəticə hissəsi:
27. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 1170 (bir min yüz yetmiş) manat məbləğində pul və ödənilmiş 31,70 (otuz bir manat, yetmiş qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Şəbnəm Həxiyeva