Məhkəmə qərarları › İş №e-2(060)-6494/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-6494/2025

17.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-6494/2025 17.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Nəcəfzadə Əfsanə Eyvaz qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "kredit borcunun qaytarılması tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı "kredit borcunun qaytarılması tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, X4 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, FR/81650/69/11 saylı müqaviləyə əsasən 5730,24 manat məbləğlərində kredit verilmişdir. Hazırda mərhum X2 5747,52 manat Banka borcu vardır. X4 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. 1 saylı Sumqayıt regional “ASAN xidmət” notariat qurumunun verdiyi şəhadətnaməyə əsasən borclu X2 vərəsələri olmaqla miras qoyana məxsus əmlak vərəsəlik qaydasında onlara keçmişdir. Göstərilənlərə əsasən Cavabdeh xx.xx.2019-cü il tarixli, FR/81650/69/11 saylı müqaviləyə əsasən 5724 manat əsas 23,52 manat faiz, cəmi 5747,42 manat və manat məbləğində borcun və 78 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. İddiaçı ASC-nin nümayəndəsi tərəfindən məhkəməyə ərizə göndərilərək, işə onların nümayəndələrinin iştirakı olmadan baxılması və iddia tələbinin tam təmin edilməsi xahiş edilmişdir.

4. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

5. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişləri göndərilsə də, onun həmin ünvanda yaşamaması səbəbindən bildirişlər ona çatdırılmadan məhkəməyə geri qaytarılmışdır.

6. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

7. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

8. İş materiallarında olan İddiaçı ASC ilə X4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, FR/81650/69/11 saylı güzəştli kredit müqaviləsinə əsasən bank tərəfindən X3 60 ay müddətinə, illik 1% ödəmək şərtilə 5730,24 manat məbləğində kredit verilmişdir.

9. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, X2 banka 5724 manat məbləğində əsas borcu və 23,52 manat məbləğində faiz borcu mövcuddur.

10. “Elektron notariat” X1 çıxarışdan görünür ki, ölmüş şəxs (miras qoyan) X4, qanun üzrə vərəsə Cavabdehdur.

11. “Elektron notariat” X1 çıxarışdan görünür ki, ölmüş şəxs (miras qoyan) X4, qanun üzrə vərəsəsi Cavabdeh olmaqla, şəhadətnamə verilən miras əmlak – Sumqayıt RQİ və TBŞ tərəfindən verilmiş xx.xx.2007-ci l tarixli AA919669 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi, mühərrik nömrəsi, buraxılış ili 1990-cı il “Mercedens Benz 208D mikroavtobus” markalı **-BN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən ibarətdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

12. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ASC ilə X4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, FR/81650/69/11 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən X3 5 il müddətinə, illik 1% ödəmək şərtilə 5730,24 manat məbləğində X4 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Kreditor mülki qanunvericiliyin göstərişlərinə istinad edərək borclunun hüquqi varisi Cavabdehnın borclunun miras passivinə görə mülki məsuliyyət daşıdığını iddia edir və borcun ödənilməsini tələb edir.

13. Təqdim edilmiş sənədlərdən göründüyü kimi iş üzrə Cavabdeh borclu X2 qanun üzrə vərəsəsidir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

14. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

16. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

17. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

18. (köhnə redaksiya) Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

19. (köhnə redaksiya) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

21. Eyni Məcəllənin 1254-cü maddəsinə əsasən, vərəsə mirasın qəbulundan imtina üçün bu Məcəllənin 1256-cı maddəsində müəyyən edilmiş müddət bitənədək notarius tərəfindən mirasın siyahıya alınmasını tələb edə bilər. Mirasın siyahıya alınması barədə vərəsənin notariusa müraciət etdiyi andan mirasın qəbulundan imtina üçün müəyyən edilmiş müddətin axımı dayandırılır. Mirasın notarius tərəfindən siyahıya alındığı (siyahıya alınacaq əmlakın olmadığı hallarda isə vərəsənin müraciətinin cavablandırıldığı) andan mirasın qəbulundan imtina üçün müəyyən edilmiş müddətin axımı bərpa edilir. Notarius tərəfindən mirasın siyahıya alınması bu barədə müraciətin daxil olduğu gündən iki ay ərzində “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

22. Eyni Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

23. Həmin Məcəllənin 1256-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.

24. Həmin Məcəllənin 1269-cu maddəsinə əsasən, mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktik başlamış vərəsə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilər. Bu barədə ərizə ilə o, notariat orqanına müraciət etməlidir.

25. Eyni Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

26. Eyni Məcələnin 1307-ci maddəsinə əsasən, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. (21 iyun 2025-ci il tarixədək qüvvədə olan).

27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Rzazadə və R.Rzazadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 dekabr 2018-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulamışdır ki, məhkəmələr miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti ilə bağlı işlərə baxarkən, ilk növbədə, mirasın həcmini araşdırmalı və yalnız bundan sonra miras aktivinə mütənasib surətdə onların məsuliyyətinin həddini müəyyən etməlidirlər.

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 04 iyun 2018-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır.

29. Məhkəmə bu sahəni tənzimləyən qanunvericiliyin yuxarıda göstərilən və digər aidiyyəti normalarına istinad edərək ilk növbədə qeyd edir ki, hazırki mülki iş üzrə Cavabdeh xx.xx.2020-ci il tarixdə ölmüş X2 övladı olmaqla, onun birinci növbədə vərəsəsidir.

30. Bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.

31. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir

32. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan, dövlət rüsumu ilə bağlı tələb də təmin edilməli, cavabdehdən ödənilmiş 78 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir.

33. Belə olan halda, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh əsas borc üzrə 5724 (beş min yeddi yüz iyirmi dörd) manat, faiz borc üzrə 23,52 (iyirmi üç manat, əlli iki qəpik) manat olmaqla, ümumilikdə 5747,42 (beş min yeddi yüz qırx yeddi manat, qırx iki qəpik) manat məbləğində pul, 78 (yetmiş səkkiz) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinə ödənilməlidir.

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

36. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

37. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

39. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə hissəsi:

40. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh əsas borc üzrə 5724 (beş min yeddi yüz iyirmi dörd) manat, faiz borc üzrə 23,52 (iyirmi üç manat, əlli iki qəpik) manat olmaqla, ümumilikdə 5747,42 (beş min yeddi yüz qırx yeddi manat, qırx iki qəpik) manat məbləğində pul və 78 (yetmiş səkkiz) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar