Məhkəmə qərarları › İş №e-2(060)-6524/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-6524/2025

24.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-6524/2025 24.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı BOKT MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iş üzrə (açar sözlər: iddiadan imtina) Hakim İmamverdiyeva Pərvin Arif qızının sədrliyi ilə, İddiaçı BOKT MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında mülki işə baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İddia tələbi

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 300 manat əsas, 40.50 manat faiz, 82.50 manat komissiya və 78.00 manat cərimə olmaqla, cəmi 501 manat borcun və ödənilmiş dövlət rüsumu məbləğinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; Maddə 284-4.1. Məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından aşağıdakı hallarda imtina edir: 284-4.1.3. verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa; Maddə 284-4.2. Bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Maddə 284-4.3. Ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır.

Məhkəmənin mövqeyi

3. Məhkəmə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsini icraata qəbul etməkdən imtina edilməlidir.

4. Belə ki, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında işə baxılması o zaman yolveriləndir ki, iddiaçı tərəfindən tələbini təsdiq edən sübutlar iş materiallarına əlavə edilsin, məhkəmə tərəfindən tələbi təsdiq edən hər hansı əlavə sübut tələb edilməsinə ehtiyac qalmasın. Çünki, məhkəmə işə yazılı icraat qaydasında, əlavə araşdırma aparmadan və tərəfləri dinləmədən baxır.

5. Elə bu səbəbdəndir ki, mülki prosessual qanunvericilik tələbi təsdiq edən sənədlər təqdim edilmədikdə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizənin icraata qəbulundan imtina edilməsinə yol vermişdir.

6. İddiaçı BOKT MMC tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli, **********006 saylı mikrokredit müqaviləsinə əsasən, cavabdehin sorğusu əsasında ona 45 gün müddətinə illik 108 % ödəmək şərtilə 300 manat məbləğində kredit verilmişdir. İddiaçı müqavilə üzrə üzərinizə düşən öhdəliyi tam və lazımi qaydada icra etsə də, cavabdeh öhdəliyini vaxtında icra etməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur.

7. İddiaçı iddia tələbini əsaslandırdığı hal kimi işə əlavə etdiyi ödəniş qəbzlərinə əsaslanmışdır. İddia ərizəsinə əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, 4098 58** **** 7084 saylı kart hesabına 300 manat pul köçürülmüşdür. Lakin iddia ərizəsinə əlavə edilmiş sənədlərlə həmin kartın (hesabın) məhz Cavabdeh məxsus olması müəyyən edilmir.

8. Odur ki, məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş sənədləri tələbi təsdiq edən sənəd kimi qəbul edə bilməz.

9. Göründüyü kimi hazırkı iş materiallarında iddianı təsdiq edən sənədlər əlavə edilməmişdir və belə olan halda ərizənin icraata qəbulundan imtina edilməlidir.

10. Göstərilənləri və MPM-nin 153, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı BOKT MMC-nin Cavabdeh qarşı pulun tutulması tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinin icraata qəbulundan imtina olunsun. İddiaçı BOKT MMC-yə izah olunsun ki, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Qərardaddan şikayət verilə bilməz.

Hakim Pərvin İmamverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar