Məhkəmə qərarları › İş №e-2(060)-6553/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-6553/2022

13.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-6553/2022 13.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X1 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsi və kredit borcunun tutulması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC (bundan sonra - iddiaçı) Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 003A********** saylı kredit müqaviləsinin və xx.xx.2019- cu il tarixli, 003A********** saylı kredit müqaviləsinin ləğv edilməsi, xx.xx.2019-cu il tarixli 003A********** saylı kredit müqaviləsi üzrə cavabdehdən iddiaçının xeyrinə 267,14 manat məbləğində kredit bоrcu, 4,08 manat məbləğində faiz bоrcu və 150,57 manat məbləğində cərimə olmaqla, cəmi 421,79 manat bоrcun, xx.xx.2019-cu il tarixli 003A********** saylı kredit müqaviləsi üzrə cavabdehdən iddiaçının xeyrinə 1955,6 manat məbləğində kredit bоrcu, 28,16 manat məbləğində faiz bоrcu, 1158,86 manat məbləğində cərimə olmaqla, cəmi 3142,62 manat bоrcun və ödənilmiş 55,64 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçı ilə xx.xx.2019-cu il tarixdə bağladığı 003A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 0,0833% оlmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 271,9 manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 4,76 manat ödəniş etmiş və оnun iddiaçıya 267,14 manat məbləğində kredit bоrcu qalmışdır. Cavabdehin xx.xx.2022-ci il tarixə 654 gün üçün hesablanmış faiz borcu 4,08 manat təşkil edir. xx.xx.2022-ci il tarixə 654 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 150,57 manat təşkil edir. Bundan başqa, cavabdeh iddiaçı ilə xx.xx.2019-cu il tarixdə bağladığı 003A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 0,0833% оlmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1961,17 manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2020ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 5,57 manat ödəniş etmiş və оnun iddiaçıya 1955,6 manat məbləğində kredit bоrcu qalmışdır. Cavabdeh kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 683 gün üçün hesablanmış faiz borcu 28,16 manat təşkil edir. xx.xx.2022-ci il tarixə 683 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 1158,86 manat təşkil edir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq hazırkı mülki işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh izahat verərək bildirdi ki, hal-hazırda işləmir. Buna görə də banka olan borcunu qaytara bilmir. Bankı olan əsas və faiz borcunu mübahisələdirmir. Qeyd edilənlərə əsasən cavabdeh iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin izahatnı dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, cavabdeh xx.xx.1958-ci ildə, ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh ilə iddiaçı arasında bağlanan xx.xx.2019-cu il tarixli, 003A********** saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 60 ay müddətinə 271,90 manat məbləğində kredit verilmişdir. xx.xx.2019-cu il tarixli, 003A********** saylı kredit müqaviləsinə 1 saylı əlavəyə əsasən cavabdeh 60 ay müddətinə, 13-cü aydan başlayaraq hər ay 5 manat, sonuncu ay isə 43,30 manat ödəməli idi. Cavabdeh ilə iddiaçı arasında bağlanan xx.xx.2019-cu il tarixli, 003A********** saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 60 ay müddətinə 1961,17 manat məbləğində kredit verilmişdir. xx.xx.2019-cu il tarixli, 003A********** saylı kredit müqaviləsinə 1 saylı əlavəyə əsasən cavabdeh 60 ay müddətinə, 13-cü aydan başlayaraq hər ay 42 manat, sonuncu ay isə 27,74 manat ödəməli idi. İddia ərizəsinə əlavə edilmiş maliyyə arayışında göstərilmişdir ki, cavabdehin iddiaçıya xx.xx.2022-ci il tarixə xx.xx.2019-cu il tarixli, 003A********** saylı kredit müqaviləsinə əsasən 1955,6 manat əsas, 28,16 manat faiz borcu, 1158,86 manat cərimə borcu olmaqla, cəmi 3142,62 manat məbləğində borcu, xx.xx.2019-cu il tarixli, 003A********** saylı kredit müqaviləsinə əsasən 267,14 manat əsas borc, 4,08 manat faiz borcu, 150,57 manat cərimə olmaqla, cəmi 421,79 manat borcu vardır. İş materiallarında olan mədaxil qəbzlərindən müəyyən olunur ki, iddiaçı iddia ərizəsinin verilməsi ilə bağlı 55,64 manat dövlət rüsumu ödəmişdir. İşdən göründüyü kimi iddiaçı tərəfindən cavabdehə borcun qaytarılması haqqında xəbərdarlıq göndərilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Mülki Məcəllədə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Göründüyü kimi cavabdeh kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və banka xx.xx.2022-ci il tarixə xx.xx.2019-cu il tarixli, 003A********** saylı kredit müqaviləsinə əsasən 1955,6 manat əsas, 28,16 manat faiz borcu, xx.xx.2019-cu il tarixli, 003A********** saylı kredit müqaviləsinə əsasən 267,14 manat əsas borc, 4,08 manat faiz borcu qalmışdır. Ona görə də məhkəmə hesab edir ki, həmin məbləğlər cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə dəbbə pulu ilə bağlı aşağıdakıları qeyd edir. Mülki Məcəlləyə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (462.1.). Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir (467). Məhkəmə hesab edir ki, 267,14 manat əsas borc məbləğinə 150,57 manat cərimənin, 1955,6 manat əsas borc məbləğinə 1158,86 manat cərimənin hesablanaraq tələb edilməsi zamanı iddiaçı tərəfindən əsas borcla cərimə məbləği arasında tənasüb gözlənməmişdir. Bu səbəbdən məhkəmə cərimə məbləğinin azaldılaraq müvafiq olaraq 30 manat və 100 manat məbləğində müəyyən edilməsini daha ədalətli hesab edir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 55,64 manat dövlət rüsumunun 30 manatı cavabdehə aid edilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2019-cu il tarixli, 003A********** saylı kredit müqaviləsinə əsasən 267,14 manat əsas borc, 4,08 manat faiz borcu, 30 manat cərimə olmaqla, cəmi 301,22 manat məbləğində borc, xx.xx.2019-cu il tarixli, 003A********** saylı kredit müqaviləsinə əsasən 1955,6 manat əsas borc, 28,16 manat faiz borcu və 100 manat cərimə olmaqla, cəmi 2083,76 manat borc, hər iki müqaviləyə əsasən cəmi 2384 (iki min üç yüz səksən dörd) manat 98 (doxsan səkkiz) qəpik məbləğində borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar