Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-6604/2024 24.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X5 Fikrət qızının sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdeh Yusif oğluna qarşı “pul tələbi” iddiasına dair mülki işə Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında baxaraq; M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Yusif oğlundan 3220 (üç min iki yüz iyirmi) manat məbləğində pulun və 53 manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə aralarında 16 mart 2024-cü il tarixdə bağlanmış nəqliyyat vasitəsinin icarə müqaviləsinə əsasən “Honda İnsight” markalı, **-LD- *** dövlət qeydiyyat nişanlı avtomobili 16 mart 2027-ci il tarixədək üç il müddətinə cavabdehə icarəyə vermişdir. Müqavilənin 2.1.1-ci bəndinə əsasən avtomobilin icarəsinə görə cavabdeh hər ay 750 manat məbləğində pul ödənişi etməli idi. Həmçinin cavabdeh müqavilənin 3.1-ci bəndinə əsasən nəqliyyat vasitəsinin istismarı qaydalarına uyğun olaraq təyinatı üzrə istifadə etmək, mühafizəsini təmin etmək, zəruri ehtiyyat hissələri ilə təmin olunmasını, hər hansı nasazlıq yaranarsa öz vəsaitləri hesabına həyata keçirilməsini təmin etməli idi. Cavabdeh avtomobili bir müddət istifadə etmiş, lakin sonradan aylıq icarə haqlarını ödəməmiş və avtomobili xəbərləri olmadan həyətdə qoyaraq heç bir səbəb göstərmədən çıxıb getmişdir. Avtomobilə baxış keçirərkən məlum olmuşdur ki, avtomobili yararsız vəziyyətə salmış, xeyli miqdarda xərcləri əmələ gəlmişdir. Cavabdehlə əlaqə saxlamağa çalışsalar da zənglərinə cavab verməmiş, beləcə də üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən yayınmışdır. Cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən avtomobil hazırda yararsız vəziyyətdədir və avtomobilə xeyli miqdarda ziyan dəymişdir. Həmin ziyan aşağıdakılardan ibarətdir: 1. Avtomobilin kondisioner sistemi-300 manat 2. Yağın dəyişdirilməsi-70 manat 3. Buferin təmiri və rənglənməsi-300 manat 4. 8 ədəd şamlar usta xərci ilə birgə-200 manat 5. Avtomovilin yığılmış cərimələri- 600 manat 6. 2 ədəd link-20 manat 7. 4 ədəd razvalni butulka-70 manat 8. 2 ədəd sükan çubuğu-20 manat 9. Qranat, sükan və katalizatorun ölçəni-100 manat 10. Çiləyicilər-40 manat 11. 2 ayın ödənişi -1500 manat. Hazırda cavabeh tərəfindən vurulmuş ziyanın ödənilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, məhkəmə onun haqlı mövqeyini müdafiə edərək pozulan hüquqlarımı bərpa edəcəkdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Barəsində sadələşdirilmiş qaydada kiçik iddia daxil olmuş Cavabdeh iddia tələbi barədə bildiriş göndərilmiş, lakin ünvan tam olmadığına görə poçt müəssisəsi tərəfindən məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işin materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan Nəqliyyat vasitəsinin icarə müqaviləsindən görünür ki, X1 mülkiyyətində olan “Honda İnsight” madelli, dövlət nömrə nişanı ** LD *** buraxılış ili 2009, tünd boz metallik tipli minik nəqliyyat vasitəsini 16 mart 2024-cü il tarixdən 16 mart 2027-ci il tarixədək üç il (36 ay) müddətinə Cavabdeh Yusif oğlunun icarəsinə vermişdir. İş materiallarında olan vurulmuş ziyanın ödənilməsi barədə xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, S.R.Yusifova avtomobilə vurduğu zərərə görə ümumilikdə 3220 manat məbləğində pulun ödənilməsini, ödənilmədiyi halda müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi barədə Cavabdeh məlumat vermişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 329.2-ci maddəsinin tələblərinə görə əqdlər şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəllənin 406.1-ci maddəsinin tələbinə görə müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulmuş hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya ( borc alana) keçirməyi öhdəsinə göturur, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə göturur. Azərbaycan Respublikası Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 385-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İş materiallarından müəyyən edilir ki, tərəflər arasında qanunvericilklə nəzərdə tutulmuş qaydada icarə müqaviləsi bağlanılmış, iddiaçı müqavilə üzrə öhdəliklərini tam yerinə yetirsə də, cavabdeh müqavilənin şərtlərinə əməl etməmişdir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 3220 (üç min iki yüz iyirmi) manat məbləğində pulun və 53 (əlli üç) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı X2 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №e-2(060)-6604/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-6604/2024
24.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver