Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-67/2023 07.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X2 oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı «Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulması və digər tələblərinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: «Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, 37818,92 manat əsas borc, 746,46 manat faiz borcu, 1639,45 manat cərimə olmaqla, cəmi 40204,83 manat borcun, iddia ərizəsi verilməsi üçün ödənilmiş ödənilmiş 206,79 manat dövlət rüsumunun və 0,40 qəpik xidmət haqqının cavabdehdən iddiaçının xeyrinə tutulması, ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsinə dair bildirişin qeydiyyata alınmasına dair 15,68 manat dövlət rüsumunun və 30,77 manat xidmət haqqının cavabdehdən tutulması, cavabdehin ipoteka qoyulmuş ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüquqlarına xitam verilməklə çıxarılması və mənzilin boşaldılması, iddiaçıya ipotekaya qoyulmuş cavabdehin mülkiyyətində olan ünvan 1 mənzilin ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması və əldə olunmuş vəsaitin cavabdehin iddiaçıya olan kredit borcunun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 316 İK/13 nömrəli, xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə və kredit müqaviləsinin təminatı kimi bankla cavabdeh arasında 316 İK/13 nömrəli, xx.xx.2013-cü tarixli ipoteka müqaviləsinə əsasən cavabdehə illik 4 faiz olmaqla, 276 ay müddətinə 50000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi bankla cavabdeh arasında ünvan 1 ünvanında yerləşən mənzilin ipotekaya qoyulması barədə xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsi bağlanılmış və müvafiq mənzil iddiaçının xeyrinə yüklü edilmişdir. Cavabdeh kredit vəsaitindən istifadə etmiş, müqavilənin şərtlərini pozmuş, kredit üzrə əsas borcu və faizləri vaxtında və lazımi qaydada ödəməmişdir. Cavabdeh kredit müqavilələrinə əsasən öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada icra olunmasına dair iddiaçı tərəfindən dəfələrlə xəbərdar olunmuş, lakin buna baxmayaraq cavabdeh tərəfindən kredit borcunun və kreditə hesablanmış faizlərin vaxtı-vaxtında ödənilməsi üçün tədbirlər görülməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadları ilə iş üzrə məhkəmə-mühasibatlıq və məhkəmə-əmtəəşünaslıq ekspertizaları təyin edilmiş və iş üzrə icraat ekspertin rəyi alınanadək dayandırılmışdır. xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində iş üzrə ekspertin və müstəqil qiymətləndiricinin rəyləri məhkəməyə daxil olmuş və iş üzrə icraat təzələnmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bu barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 316 İK/13 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 4 faiz olmaqla, 276 ay müddətinə 50000 manat məbləğində kredit vermişdir. Kredit müqaviləsinə əlavəyə əsasən cavabdeh 276 ay müddətində birinci ay 171,82 manat, qalan hər ay isə 277,38 manat ödəniş etməli idi. Maliyyə arayışına əsasən cavabdehin xx.xx.2023-cü ilədək 37818,92 manat əsas borc, 746,46 manat faiz borcu, 1639,45 manat cərimə olmaqla, cəmi 40204,83 manat borcu vardır. xx.xx.2013-cü il tarixli, 316 İK/13 nömrəli ipoteka müqaviləsinə əsasən ünvan 1 kredit müqaviləsinin təminatı olaraq iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmin əmlakın ipoteka yüklülüyü daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2022-ci il tarixli bildirişə əsasən cavabdeh ilə iddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 316 İK/13 nömrəli ipoteka müqaviləsinə əsasən Seriya RX, № 0198584, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2013 olan çıxarışa əsasən ünvan 1-ə cavabdehin öhdəliklərinin icrasını təmin etmək tutma yönəldiləcəyi barədə cavabdehə xəbərdarlıq edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubuna əsasın iddiaçının ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişi dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş xx.xx.2022-ci il tarixli, 9/6237 saylı ekspert rəyində göstərilmişdir ki, cavabdehin məhkəməyə müraciət olunduğu xx.xx.2022-ci il tarixinə əsas borc üzrə 38662,75 manat, faiz borcu üzrə 270,64 manat borcu mövcuddur. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası əsasında "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli qiymətləndirmə hesabatında ünvan 1-ün likvid dəyəri 95 000 manat məbləğində müəyyən edilmişdir. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 206,79 manat dövlət rüsumu, ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsinə dair bildirişin qeydiyyata alınmasına dair 15 manat dövlət rüsumu və 30 manat xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Göründüyü kimi iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsi bağlanmışdır. Mülki Məcəllədə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Göründüyü kimi cavabdeh kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və kredit müqaviləsi üzrə borcunu müqaviləyə əsasən ödəməmişdir. Cavabdehin banka olan borcunun dəqiq müəyyənləşdirilməsi üçün iş üzrə ekspertiza təyin edilmiş və ekspert rəyində rəyində cavabdehin məhkəməyə müraciət olunduğu xx.xx.2022-ci il tarixinə 38662,75 manat əsas və 270,64 manat faiz borcunun olduğu göstərilmişdir. İş üzrə verilmiş ekspert rəyində cavabdehin əsas borcu iddia ərizəsində göstərilən məbləğdən çox, faiz borcu isə bir qədər az göstərilmişdir. Bu səbəbdən iddia ərizəsində göstərilən məbləğdə əsas və ekspert rəyində göstərilən faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə dəbbə pulu ilə bağlı aşağıdakıları qeyd edir. Mülki Məcəlləyə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (462.1.). Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir (467). Məhkəmə hesab edir ki, 37818,92 manat əsas borc məbləğinə 1639,45 manat cərimənin hesablanaraq cavabdehdən tələb edilməsi edilməsi zamanı iddiaçı tərəfindən əsas borcla cərimə məbləği arasında tənasüb gözlənməmişdir. Bu səbəbdən məhkəmə cərimə məbləğinin azaldılaraq 1000 manat məbləğində müəyyən edilməsini daha ədalətli hesab edir. Mülki Məcəllədə göstərilmişdir ki, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur (269.1.).Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir (269.2.). İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır (269.4.). Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır (319.1.). İşdən göründüyü kimi ünvan 1 iddiaçı qarşısında kredit öhdəliklərinin təmini üsulu kimi ipoteka ilə yüklü edilmişdir. Bu səbəbdən iddiaçı cavabdehin kredit borcu üzrə tutmanın həmin ipoteka predmetinə yönəldilməsi tələbi ilə çıxış etməkdə haqlı olmuşdur. Bu səbəbdən iddia kredit borcu üzrə tutmanın həmin ipoteka predmetinə yönəldilməsi hissəsində də təmin edilməli, cavabdehin kredit borcu üzrə tələbi həmin ipoteka predmetinə yönəldilməli, ev açıq hərracda satılmalı və əldə edilmiş vəsait hesabına iddiaçıya olan borc ödənilməlidir. Mülki Məcəllənin 319.4-cü maddəsinə əsasən açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ilkin satış qiyməti bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir (1.0.9.). İpoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer və tarix, həmçinin qanunla müəyyən edilmiş imperativ normalar nəzərə alınmaqla ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər, ipoteka predmetinin satış üsulu, ipoteka predmetinin ilkin satış qiyməti və ya bu qiyməti müəyyən edəcək müstəqil qiymətləndiricilər, ipoteka predmeti açıq bazarda satılarkən satışı həyata keçirməli şəxs və ipoteka predmetinin satılmasından əldə olunacaq gəlirlərin bölüşdürülməsi qaydası və növbəliliyi, ipoteka qoyanın elektron poçt ünvanı göstərilməlidir. Əgər əsas öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində həmin məbləği müəyyən etmə qaydası göstərilməlidir (10.5). Məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir (39.3.3.). Göründüyü kimi "xxxx" MMC-nin fərdi yaşayış evinin qiymətləndirilməsi barədə xx.xx.2022-ci il tarixli hesabatında ipoteka predmetinin likvid qiyməti 95 000 manat məbləğdə müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, evin qiyməti həmin məbləğdə müəyyən edilməlidir. Mülki Məcəllənin 319.6-cı maddəsində göstərilmişdir ki, ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. Məhkəmə hesab edir ki, ipoteka predmetinin satışından əldə edilmiş vəsait cavabdehin kredit müqaviləsi üzrə iddiaçıya olan borcundan az olduğu təqdirdə qalan borc məbləği cavabdehdən ümumi qaydada tutulmalıdır. Həmin məbləğ kredit borcundan çox olduqda isə artıq qalan məbləğ cavabdehə qaytarılmalıdır. İpoteka predmeti olan evdə qeydiyyatda olan şəxslərin mənzil satıldıqdan sonra istifadə hüquqlarına xitam verilməsi və mənzilin boşaldılması ilə bağlı məhkəmə qeyd edir ki, həmin məsələlər ipoteka predmetinə tutma yönəldildikdən və satıldıqdan sonra həll edilməli məsələlərdir ki, hazırkı halda iddiaçı ipoteka predmeti olan mənzilin mülkiyyətçisi olmadığı üçün iddia tələbi tələbi həmin hissədə təmin edilə bilməz. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyi üçün iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 206,79 manat dövlət rüsumunun yarısı - 100 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 150 manat cavabdehdən dövlət büdcəsinin xeyrinə tutulmalıdır. Həmçinin ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün resum və xidmət haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İş üzrə keçirilmiş qiymətləndirmə tədqiqatının dəyəri cavabdehdən müstəqil qiymətləndiricinin xeyrinə tutulmalıdır. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 37818,92 manat əsas borc, 270,64 manat faiz borcu, 1000 manat cərimə olmaqla, cəmi 39089 (otuz doqquz min səksən doqquz) manat 56 (əlli altı) qəpik borc, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat dövlət rüsumu, 30 (otuz) manat xidmət haqqı və iddianın verilməsi üçün ödənilmiş 206,79 manat dövlət rüsumunun 100 (yüz) manatı Cavabdeh tutularaq iddiaçı «Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tutma ipoteka predmeti olan Cavabdeh məxsus ünvan 1-ə yönəldilsin və mənzil açıq hərracda satılsın. Mənzilin satışından əldə edilmiş vəsait hesabına Cavabdeh iddiaçıya olan borcu ödənilsin. Mənzilin satışından əldə edilmiş vəsait borcun ödənilməsi üçün kifayət etmədikdə çatışmayan məbləğ Cavabdeh ümumi qaydada tutularaq «Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Borc ödənildikdən sonra mənzilin satışından əldə edilmiş vəsaitdən artıq qalan məbləğ Cavabdeh qaytarılsın. ünvan 1-in ilkin satış qiyməti 95 000 (doxsan beş min) manat məbləğində müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan 150 (yüz əlli) manat Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. 500 (beş yüz) manat qiymətləndirmə xərci Cavabdeh tutularaq iddiaçı «S-Əmlak Qiymətləndirmə Ekspert Mərkəzi” MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(060)-67/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-67/2023
07.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver