Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-6712/2022 11.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X5 oğlunun katibliyi, iddiaçının nümayəndəsi, Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı zərərin ödənilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən maddi zərərin əvəzi qismində 29416,80 manat avtomobilə dəymiş ziyanın, ödənilmiş 180 manat dövlət rüsumunun alınıb iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 09 sentyabr 2022-ci il tarixdə iddiaçıya məxsus olan “MERCEDES BENZ G 63” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobillə 12 sentyabr 2022-ci il tarixli, HF-2022/0999 saylı yol vərəqəsi əsasında X1- Saray-Xırdalan yolu ilə 14:55-də hərəkətdə olarkən, Saray istiqamətindən gələn “OPEL ASTRA H” markalı, **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobil “STOP” nişanına riayət etmədən, yol hərəkəti qaydasının tələbini pozmuş və Əziz Qasımovun hərəkətdə olduğu yola çıxaraq iddiaçıya məxsus olan avtomobillə toqquşmuşdur. Baş vermiş hadisə nəticəsində cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İddiaçıya məxsus olan avtomobili təmir etdirmək üçün X2 “Mercedes-Benz” rəsmi dillerinə müraciət edilmişdir. Mərkəzdən məlumat məktubu təqdim edilmiş, məktuba əsasən dəymiş ziyanın həmin günə olan dəyəri 34416,80 manat təşkil etdiyi qeyd edilmişdi. Sığorta şirkəti tərəfindən iddiaçıya 5000 manat sığorta ödənişi edilmişdir. Dəfələrlə cavabdeh iddiaçıya vurduğu zərəri könüllü olaraq ödəməsini xahiş esə də, o qalan 29416,80 manat ziyanı ödəməmişdir. İddiaçının nümayəndəsi, Vəkil məhkəm iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və həmçinin bildirdi ki, iddiaçıya məxsus avtomobil 2019-cu il buraxılışlı və çox bahalı avtomobildir. İddiaçı cavabdehdən artıq heç bir şey tələb etmir. Cavabdehin təqsiri inzibati xəta haqqında protokolla müəyyən edilir. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh izahat verərək bildirdi ki, xx.xx.2022-ci il saat 14:55 radələrində Abşeron rayonu Saray qəsəbəsindən Novxanı istiqamətində getdiyi zaman Saray qəsəbəsinin qurtaracağında “Stop” işarəsi qoyulan yerdə dayanıb, Masazır qəsəbəsindən Novxanı istiqamətində və Novxanı istiqamətindən Saray qəsəbəsi istiqamətinə gedən maşınları buraxıb, yolun boş olduğunu gördükdən sonra Novxanı istiqamətində yoluma davam etmək istəmişdir. Lakin Novxanı istiqamətində çox böyük sürətlə hərəkət edən **-AA-*** dövlət nömrə nişanlı “Qalenvagen” maşınını görüb saxlamışdır. Bu zaman **-AA-*** nömrəli maşının Saray, yoxsa Masazır istiqamətində hərəkət edəcəyini müəyyən etmək istəmişdir. Lakin **-AA-*** dövlət nömrə nişanlı maşın dönmə işığını yandırmadan Masazır istiqamətinə dönmüşdür. Yüksək sürət olduğuna görə idarəetməni itirmiş və 7-8 metrlik dönmə məsafəsindən çıxaraq cavabdehin **-DT-*** dövlət nömrə nişanlı köhnə opel markalı maşınının ön hissəsindən vurub yararsız hala salmış və daha sonra 20 metr kənarda saxlamışdır. O, qadağanedici nişanı təxminən yarım metr irəli keçmişdir. Həmin yerdə isə yol çox geniş idi və iddiaçıya məxsus avtomobilin keçməsi üçün çox geniş yol sahəsi var idi. Buna baxmayaraq həmin avtomobil məhz onun dayandığı yerə tərəf hərəkət etmişdir. Yol patrul xidməti gəlmiş, sənədlərinii istəmiş və cavabdeh də sənədlərini təqdim etmişdir. Qalenvageni idarə edən şəxs təxminən 23-24 yaşındakı oğlan sənədlərinin üstündə olmadığını bildirmişdir. Polis əməkdaşı cavabdehə təqsirin onda olduğunu bildirmişdir. Cavabdeh kamera görüntüsünün çıxarılmasını tələb etsə də, buna əhəmiyyət verilməyib. Onların Xırdalan şəhərində yerləşən Yol Patrul Xidmətinə gəlməklərini tələb etmişlər. Orada vətəndaşların çox olmasına və növbə gözləməsinə baxmayaraq növbəsiz içəri salmış, tələsik izahat yazdırmışlar. Həmçinin zərər aktında iddiaçıya məxsus avtomobilə dəymiş ziyan həddən artıq çox göstərilib. Belə ki, avtomobilin yalnız kosmetik təmir işlərinə ehtyacı var idi. Qeyd edilənlərə əsasən cavabdeh iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən “MERCEDES BENZ G 63” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçının mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərara əsasən cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə tətbiq olunmuşdur. Avto nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışa əsasən xx.xx.2022-ci il tarixdə, saat 14:55 dəqiqədə Novxanı-Saray-Xırdalan yolunda yol-nəqliyyat hadisəsi baş vermişdir. Nəticədə mülkiyyətçisi və hadisə baş verən anda sürücüsü Cavabdeh olan “OPEL ASTRA H” markalı, **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobillə, mülkiyyətçisi İddiaçı Qapalı Səhmdar Cəmiyyəti, hdisə baş verən anda sürücüsü X4 olan “MERCEDES BENZ G 63” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. “X2” MMC-nin arayışına əsasən iddiaçıya cəmi 34416,80 manat məbləğində zərər vurulmuşdur. İş materialına yol nəqliyyat hadisəsinin sxemi əlavə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (21.1.). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2.). Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır (21.3.). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (1096.1.). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (1096.2). Sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən iddiaçının qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçının üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Göründüyü kimi hazırkı halda iddia tələbinin təmin edilməsi üçün iddiaçıya iddia ərizəsində göstərilən məbləğdə maddi ziyanın cavabdehin təqsirli hərəkətləri nəticəsində vurulduğu sübut edilməlidir. Mülki Məcəllədə həmçinin göstərilmişdir ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur (1108.1.). İşin müəyyən edilmiş hallarından göründüyü kimi cavabdehin təqsirli olduğu yolnəqliyyat hadisəsi nəticəsində iddiaçıya ziyan dəymişdir. Həmin ziyan məbləği “X2” MMCnin arayışına əsasən ümumilikdə cəmi 34416,80 manat məbləğində müəyyən edilmişdir. Həmin məbləğin 5000 manatı sığorta şirkəti tərəfindən iddiaçıya ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddia ərizəsində göstərilən məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 29416 (iyirmi doqquz min dörd yüz on altı) manat 80 (səksən) qəpik pul Cavabdeh tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(060)-6712/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-6712/2022
11.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver