Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-6717/2021 22.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Behbudovanın sədrliyi, Nailə Xəlfəqulu qızı Novruzovanın katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə 16.12.2020-ci il tarixində bağlanmış 126566 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, iddiaçı cavabdehə ödəniş cədvəlinə əsasən 1284,7 manata nisyə notebook satmışdır. Həmin tarixdə digər Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Müqavilə bağlanarkən alıcı 168 manat ilkin ödəniş həyata keçirmiş, qalan 1116,7 manat məbləğində pulu hər ay 93,06 manat ödəmək şərti ilə 12 ay müddətinə, hər ayın 16-dək ödəməyi öz üzərinə götürmüşdür. Müvafiq müqavilə bağlandıqdan sonra cavabdeh ödəniş cədvəli üzrə heç bir ödəniş etməmişdir. Müqavilənin 6.1-ci bəndinə əsasən alıcı ödəniş cədvəli üzrə müəyyənləşdirilən öhdəliyi icra etmədiyi və ya lazımınca yerinə yetirmədiyi, o cümlədən icranı gecikdirdiyi halda hər gecikdirilmiş gün üçün aylıq ödəniş məbləğinin 1% həcmində mübahisəsiz olaraq penya ödəyir. Bununla bağlı cavabdehlərə borcun ödənilməsinə dair dəfələrlə onlara məxsus mobil və ev telefon nömrələrinə şifahi xəbərdarlıqlar edilmiş, həmçinin poçt vasitəsilə onlara rəsmi qaydada 11.06.2021-ci il tarixində xəbərdarlıq məktubu göndərilərək 1116,7 manat əsas, həmin gün üçün hesablanmış 130,2 manat cərimə, 1246,9 manat ümumi borc tələb edilmişdir. Lakin cavabdehlər onlardan tələb olunan borcu ödəməkdən yayınmış və nəticədə 1116,7 manat əsas, 15.07.2021-ci il tarixədək hesablanmış 167,4 manat cərimə borcu, cəmi 1284,1 manat borcları yaranmışdır. Göstərilənlərə əsasən məhkəmədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1116,7 manat əsas, 167,4 manat cərimə borcu, cəmi 1284,1 manat, həmçinin 30 manat dövlət rüsumu alınaraq İddiaçı (əvvəlki "xxxx") Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, cavabdehlərin adı qeyd olunarkən zamin Cavabdeh2 adının qeyd olunmadığını bildirərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1116,7 manat əsas, 167,4 manat cərimə borcu, cəmi 1284,1 manat, həmçinin 30 manat dövlət rüsumu alınaraq İddiaçı (əvvəlki "xxxx") Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq onların iştirakı olmadan işə baxılması və tələblərinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinin tələblərinə uyğun olaraq, işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Cavabdeh2 yaşayış yerinə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilmişdir. Lakin cavabdeh qeydiyyatda olduğu ünvandan köçdüyü üçün məhkəmə bildirişini ona təqdim etmək mümkün olmamışdır. Bu barədə poçt tərəfindən müvafiq qeyd yazılmış və möhürlə təsdiq edilmiş məhkəmə bildirişi məhkəməyə qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 147-ci maddəsini rəhbər tutaraq işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Cavabdeh1 ilə İddiaçı MMC arasında bağlanmış 16.12.2020ci il tarixli, 126566 saylı müqavilədən görünür ki, müqaviləyə əsasən Cavabdeh1 İddiaçı MMC-dən «X2 2» markalı qulaqcıq, «ASUS D509DJ-BR179» markalı notebook və həmin notebook üçün çanta almışdır. İş materiallarında olan Cavabdeh2 ilə İddiaçı MMC arasında bağlanmış 16.12.2020ci il tarixli, 126566 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 müqavilə əsasında almış olduğu avadanlıqlara görə borcunun ödənilməsi üzrə bütün öhdəliklər Cavabdeh2 tərəfindən zaminliklə təmin edilmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş 15.07.2021-ci il tarixli, 548 saylı maliyyə arayışından görünür ki, Cavabdeh1 16.12.2020-ci il tarixli, 126566 saylı nisyə alqı-satqı müqaviləsi üzrə İddiaçı MMC-yə 1116,7 manat əsas, 167,4 manat cərimə, cəmi 1284,1 manat borcu vardır. İş materiallarında olan 16.12.2020-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 16.12.2020-ci il tarixli müqavilə üzrə 12 ay müddətində hər ay 93,06 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 16.12.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh1 İddiaçı MMC-dən 16.12.2020-ci il tarixli müqavilədə nəzərdə tutulmuş «X2 2» markalı qulaqcığı, «ASUS D509DJ-BR179» markalı notebooku və həmin notebook üçün çantanı tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə edilmiş İddiaçı MMC-nin 11.06.2021-ci il tarixli, 96 saylı və 11.06.2021-ci il tarixli, 442 saylı pretenziya bildirişi (xəbərdarlıq) məktublarından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh1 və ona zamin durmuş Cavabdeh2 16.12.2020-ci il tarixində bağlanmış müqaviləyə əsasən yaranmış borcun ödənilməsi tələb edilmiş, cavabdehə müqavilənin şərtlərini pozması barədə xəbərdarlıq olunaraq qısa müddət ərzində müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi tələb olunmuş, əks təqdirdə borcun məhkəmə qaydasında tələb ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 184.2-ci maddəsinin mahiyyətinə əsasən hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsində göstərilir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərindən və iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə İddiaçı arasında 16.12.2020-ci il tarixdə bağlanmış müqavilə ilə üzərlərinə götürdükləri öhdəliyi lazımi qaydada icra etməmiş, nəticədə iddiaçıya 1116,7 manat əsas, 167,4 manat cərimə, ümumilikdə 1284,1 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən müqavilə üzrə tənasübsüz surətdə yüksək miqdarda maliyyə sanksiyası tətbiq edilmiş və bu tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd edilən tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 50 manat məbləğində dəbbə pulunun tutulması tərəflərin maraqlarına uyğun və qanunamüvafiq hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsini tələbinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə işin məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edilən hallarını qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1116,7 manat əsas borc, 50 manat dəbbə pulu, cəmi 1166,7 manat məbləğində pul və 30 manat dövlət rüsumu alınıb İddiaçınə verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1116,7 manat əsas borc, 50 manat dəbbə pulu, cəmi 1166,7 (min yüz altmış altı manat yetmiş qəpik) manat məbləğində pul və 30 manat dövlət rüsumu alınıb İddiaçınə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №e-2(060)-6717/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-6717/2021
22.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver