Məhkəmə qərarları › İş №e-2(060)-6747/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-6747/2022

02.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-6747/2022 02.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X2 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, onun keçmiş həyat yoldaşı Cavabdeh qarşı uşağın himayəyə verilməsi və aliment tələbinə dair iddia ərizəsi əsasında Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4698/2014 saylı, 24 iyul 2014-cü il tarixli qətnaməsi ilə birgə nikahlarından olan xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər biri üçün hər ay 90 manat olmaqla, cəmi 180 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona verilməsi qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8352/2019 saylı, 31 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə onun cavabdehə qarşı alimentin miqdarının artırılması tələbinə və Cavabdeh ona qarşı alimentin azaldılması barədə qarşılıqlı iddia tələbinə əsasən onun iddiası qismən təmin olunmuş, xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4698/2014 saylı, 24 iyul 2014-cü il tarixli qətnaməsi ilə Cavabdeh onun xeyrinə tutulmuş alimentin miqdarı artırılaraq hər ay hər uşağa görə 120 manat olmaqla, cəmi 240 manat məbləğində müəyyən edilmiş, qarşılıqlı iddia isə təmin olunmamışdır. Adı çəkilən məhkəmə qətnaməsi qanuni qüvvəyə minsə də, cavabdeh tərəfindən icra olunmamışdır. Belə ki, həmin dövrdə o, Türkiyə Respublikasına işləmək üçün getmək məcburiyyətində qaldığından övladlarının da onunla birlikdə getmələri üçün cavabdehin razılığı tələb olunmuşdur. Cavabdeh isə razılığı yalnız artırılmış aliment məbləğindən imtina edəcəyi təqdirdə verəcəyini bildirdiyindən o, həmin məhkəmə qətnaməsinin icrasından imtina etmək məcburiyyətində qalmışdır. Ancaq cavabdeh nəinki artırılmış aliment məbləğini ödəməmiş, ümumiyyətlə alimentin ödənilməsindən yayınaraq bugünədək uşaqlarının saxlanılmasından kənarlaşmışdır. Hal-hazırda maddi vəziyyətinin ağırlaşması, eyni zamanda Türkiyə Respublikasında inflasiyanın yüksəlməsi səbəbindən uşaqların saxlanılma xərcləri də artdığından və övladlarının saxlanması daha çox xərc tələb etdiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Övladları böyüdükcə onların saxlanma xərcləri də artırmışdır ki, bu xərclər çox çətinliklə onun tərəfindən çəkilir. Halbuki bu xərclərdə övladlarının atası kimi cavabdeh də iştirak etməlidir. Cavabdeh məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğini 3 ilə yaxındır ki, ödəmir və uşaqlarının saxlanılmasında iştirak etmir. 2019-cu ildən sonra həm Azərbaycan Respublikasında, həm də Türkiyə Respublikasında dolanışıq xərcləri artdığından, o cümlədən uşaqlar üçün yaşayış minimumu məbləği artırıldığından, cavabdehin ödəməli olduğu aliment məbləğinə yenidən baxılmalı və alimentin məbləği yüksəldilməlidir. Qeyd olunanlara əsasən məhkəmədən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8352/2019 saylı, 31 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh onun xeyrinə sabit pul miqdarında tutulması müəyyən olunmuş aliment məbləğinin artırılaraq hər ay hər uşağa görə 300 manat olmaqla, cəmi 600 manat məbləğində müəyyən edilməsi və mediasiya xərci olaraq ödədiyi 50 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə iddia tələbinə etiraz təqdim edərək etirazını onunla əsaslandırmışdır ki, Şəki şəhərində yerləşən mağazalardan birində satıcı işləyir. Aylıq əmək haqqı hal-hazırda 300 manatdır. Başqa yerdən isə heç bir gəliri, qazancı yoxdur. Həmçinin İddiaçı ilə evli olduğu vaxt Şəki şəhərində qeydiyyatda olduğu evdən payını (on min manat) alaraq Sumqayıt şəhəri, Corat bağlarında ev tikmişdir. Sonradan həmin ev İddiaçı tərəfindən satılaraq 10-cu mkr-da yerləşən “Kristal Abşeron”un binalarından halhazırda İddiaçı və uşaqların qeydiyyatda olduqları ev alınmışdır. Bu gün isə o, artıq Şəkidəki evdən ona düşən payını aldığına görə həmin evdə yaşaya bilmir. Ona görə də məcbur olub Şəki şəhərində hər ay 60 manat ödəməklə kirayədə qalır. Əmək haqqından hər ay 180 manat aliment vermişdir. Sonradan isə alimentin miqdarı 240 manat olmuş və o, yenə də 240 manat alimenti hər ay vaxtında ödəmişdir. Ödəniş etdiyi məbləğin qəbzlərini də hər ay mütəmadi olaraq Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinə təqdim etmişdir. 9 oktyabr 2020-ci ildən isə İddiaçı tərəfindən ərizə ilə xx.xx.2019-cu il tarixli sənəd üzrə icraata xitam verilməsi haqqında Sumqayıt şəhər “ASAN xidmət” mərkəzinin notariat ofisində İddiaçı özünün iştirakı ilə müqavilə bağlanmışdır. O, İddiaçı iddia etdiyi kimi alimentin ödənilməsindən yayınmamış, əksinə İddiaçı qarşılıqlı razılıq əsasında alimentin alınmasından imtina etmişdir. Bunun qarşılığında uşaqların ölkə xaricinə çıxarılması haqqında onun razılığını almışdır. Həmin vaxtdan da İddiaçı iki azyaşlı övladı ilə birlikdə ölkəni tərk edmiş və hal-hazırda da Türkiyə Respublikasında yaşayırlar. Belə olan halda alimentdən imtina edən bir şəxsin bu gün ona qarşı yenidən aliment tələbi ilə məhkəməyə müraciət etməsi ədalətsizlikdir, həmçinin aralarında əldə edilmiş razılığın şərtinə görə götürdüyü öhdəliyə əməl olunmayaraq hüquqlarının kobud şəkildə pozulmasıdır. İddiaçı özü məhkəməyə yanlış məlumat verərək heç yerdə işləmədiyini bildirmişdir. İddiaçı Sumqayıt şəhərində hal-hazırda qeydiyyatda olduğu evi kirayə vermiş və Türkiyə Respublikasında hansısa turizm şirkətində işləyir. İki ildən artıq müddətdə iki azyaşlı uşaqla birlikdə Türkiyədə oturum alaraq orada yaşayır. Belə qənaətə gəlmək olar ki, həmçinin Türkiyə dövlətindən uşaqlara görə müavinət də alır. Belə olan halda iki il əvvəl aralarında əldə olunan razılığı pozaraq bu gün ona qarşı yenidən aliment tələbi ilə iddia qaldırması tamamilə əsassızdır. Çünki o, övladlarının anaları ilə birlikdə ölkədən getməsinə uşaqların orada normal təhsil və yaşayış şəraitilə təminatına dair söz verdiyinə görə razılıq vermişdir. Əgər bunları təmin edə bilmirsə, uşaqların ölkədən çıxarılmasına dair razılıqdan imtina edir və uşaqların ölkəyə geri qaytarılmasını tələb edir. Qeyd olunanlara əsasən məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8352/2019 saylı,31 oktyabr 2019-cu il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə icraata icra məmurunun xx.xx.2020-ci il tarixli qərarı ilə xitam verilmişdir. Halbuki icra məmurunun adı çəkilən qərarından iddiaçının hər hansı məlumatı olmamış, qərar icra qurumu tərəfindən rəsmi qaydada ona təqdim edilməmişdir. Daha öncə iddia ərizəsində göstərdiyi kimi o, işləmək üçün Türkiyə Respublikasına getdiyi zaman övladlarının da onunla birlikdə getmələri üçün cavabdehin razılığı tələb olunduğundan və cavabdehin yalnız aliment məbləğindən imtina edəcəyi halda həmin razılığı verəcəyini bildirməsi səbəbindən o, ərizə yazaraq həmin məhkəmə qətnaməsinin icrasından imtina etmək məcburiyyətində qalmışdır. Alimentdən imtina etməyi qanunvericilik normalarına əsasən icra sənədi üzrə icraata xitam verilməsi üçün deyil, icra sənədinin icra olunmadan məhkəməyə qaytarılması üçün əsas təşkil etdiyindən bugünədək icra məmurunun qanunvericiliyə uyğun olaraq icra sənədinin məhkəməyə geri qaytarılması barədə qərar qəbul etdiyini hesab etmişdir. Alimentdən imtina olunmamış, tərəflər arasında hər hansı barışıq sazişi bağlanmamışdır. Ona görə də məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, hazırlıq iclasında məhkəməyə ərizə təqdim etmişdir. Onunla iddiaçı arasında qarşılıqlı razılıq olmuşdur. O, uşaqların ölkədən çıxarılmasına iddiaçının alimentdən imtina etməsi qarşılığında razılıq vermişdir. Belə olan halda onun hüquqları pozulur. Ona görə də məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq və sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmişdir. Cavabdeh həmin ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə əvvəlcədən poçt vasitəsi ilə məlumatlandırılsa da, sessiyada iştirak etməmişdir. İddiaçı tərəfindən 50 manat məbləğində mediasiya xərci ödənilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X3 xx.xx.2007-ci il, X4 isə xx.xx.2010-cu il tarixində doğulmuşlar. Ataları Cavabdeh, anaları Rzayeva Günel Araz qızıdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-8352/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası qismən təmin edilərək xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4698/2014 saylı, 24 iyul 2014-cü il tarixli qətnaməsi ilə Cavabdeh iddiaçının xeyrinə tutulmuş alimentin miqdarı artırılaraq hər ay hər uşağa görə 120 manat olmaqla, cəmi 240 manat məbləğində alimentin tutulması qət edilmiş, Cavabdeh İddiaçı qarşı alimentin azaldılması tələbinə dair qarşılıqlı iddiası isə təmin olunmamışdır. İş materiallarında olan Şəki rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 8352/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə borclu Cavabdeh heç bir tələbi olmadığını bildirərək icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh Hacı P/T mağazasında satıcı işləyr və aylıq əmək haqqı 300 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələbində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Eyni zamanda, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-cı il tarixli qərarı ilə müəyyən edilmişdir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Konstitusiya Məhkəməsi yuxarıda qeyd olunan qərarına əsasən müəyyən edilmişdir ki, ailə vəziyyətinin araşdırılması zamanı, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və sair məsələlərə diqqət yetirilməlidir. Həmin qərarla diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və sair) olub-olmamasını və sair məsələlərin nəzərə alması zərurəti göstərilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 6-cı maddəsinə əsasən, mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi yalnız məhkəməyə aiddir və məhkəmələr tərəfindən qanunla müəyyən olunmuş qaydada həyata keçirilir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 6.1.6-cı maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda digər orqanların qərarları icra sənədi sayılır. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. Həmin Qanunun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 oktyabr 2017-ci il tarixli qərarına əsasən icra sənədi üzrə icraata xitam verilməsi səlahiyyəti məhkəmələrdən alınaraq icra qurumuna verilsə də, qanunverici məhkəməyə öz təşəbbüsü ilə icra məmurunun icraata xitam verilməsi barədə qərarının qanuniliyini yoxlamaq səlahiyyəti vermişdir. Eyni zamanda, “İcra haqqında” Qanunun 20.4-cü maddəsində müəyyən olunmuşdur ki, icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı daxil olduqdan sonra məhkəmə 10 gün müddətində həmin qərarın bu Qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə həmin qərarı ləğv edir. İcra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın icra sənədini vermiş məhkəməyə göndərilməsi və bu məhkəməyə öz təşəbbüsü ilə həmin qərarın qanunvericiliyin tələblərinə uyğun olub-olmamasını yoxlamaq səlahiyyətinin verilməsi son nəticədə işə baxmış məhkəmənin qərarın icrasına nəzarət etməsini təmin etmək məqsədi daşıyır. Məhkəmə iclasında müəyyən olundu ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 4698/2014 saylı, 24 iyul 2014-cü il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahlarından olan xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 90 manat olmaqla, cəmi 180 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya verilməsi qət edilmişdir. İddiaçı alimentin məbləğinin artırılması ilə bağlı məhkəməyə müraciət etmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8352/2019 saylı, 31 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə yetlnlik yaşına çatmayan uşaqların saxlanılması üçün hər ay hər uşağa görə 120 manat olmaqla, cəmi 240 manat məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İddiaçı işləmək üçün Türkiyə Respublikasına gedən zaman uşaqları da özü ilə aparmaq istəmiş, cavabdeh uşaqların ölkədən getməsinə iddiaçının alimentdən imtina edəcəyi təqdirdə icazə verəcəyini bildirmiş, tərəflər arasında bununla bağlı razılıq əldə olunmuşdur. 9 oktyabr 2020-ci il tarixdə İddiaçı Şəki rayon İcra və Probasiya şöbəsinə ərizə ünvanlayaraq alimentdən imtina etdiyini bildirmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8352/2019 saylı, 31 oktyabr 2019-cu il tarixli icra sənədi üzrə icraata xx.xx.2020-ci il tarixdə xitam verilmişdir. İddiaçı uşaqların saxlanılmasında çətinlik çəkdiyinə görə alimentin artırılması tələbi ilə hazırda məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı iddia tələbinin əsasını təşkil edən sübutları məhkəməyə təqdim edə bilməmiş, aliment məbləğinin artırılması üçün əsasların olduğunu məhkəmədə sübut edə bilməmişdir. Belə ki, imtina məhkəmə iclasında tədqiq olunan sübutlara əsasən qarşılıqlı razılıq əsasında olaraq həmin vaxtdan sonra mübahisəndirilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki halda iddiaçının nümayəndəsi və vəkili alimentin tələbi üzrə məhkəmə qətnaməsi ilə artırılmış alimentin hansı mərhələdən sonra dayandırıldığı müəyyən edilməmiş, alimentinin artırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş əsaslar üçün cavabdehin maddi vəziyyətində dəyişikliyin olması(aliment ödəmək iqtidarında olması) məhkəmə iclasında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapmamışdır. Məhkəmə, qanunun qeyd edilən tələbini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumundan azad edildiyindən və iddia tələbi rədd olunduğundan ödənilmiş mediasiya xərci iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar