Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-6860/2024 24.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 19172,06 manat əsas borcun, 1174,96 manat faiz borcunun, 1222,05 manat cərimə borcunun, cəmi 21569,07 manat borcun və 156 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli Kredit müqaviləsinə əsasən bank Borcluya 36 ay müddətinə, illik 14,5 % olmaqla 26900 manat kredit vermişdir. Hazırda cavabdeh “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Cavabdeh etirazla müraciət edərək, İddiaçı ASC-nin borcun tutulması tələbinə dair iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı öz ərizəsində qeyd etmişşdir ki, cavabdeh ödəniş cədvəlinə əsasən ödəməli olduğu krediti və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəlikləri yerinə yetirmir. İddiaçının iddia ərizəsi qanunsuz və əsassızdır, hər hansı bir həqiqəti özündə əks etdirmir, cavabdehdən tələb olunan faiz və cərimə borcunun nə qanun nə də müqavilə əsası yoxdur.Ona görədə iddiaçının iddiası aşağıda göstərilənlərə görə rədd edilməli, pul tələbinə dair təmin edilməməlidir. O iddiaçı ol\ xx.xx.2023-cü ildə kredit müqaviləsi bağlayaraq Bankdan 36 ay müddətinə illik 14,5% olmaqla 26900 manat kredit götürmüşdür, həmin kredit borcumdan 7728 manat ödəniş etmişdir. Lakin 2023-cü ilin mart ayında işlədiyi müəssisədə işdən çıxarılmağı və uzun müddət xəstə olmağı kredit ödənişində çətinliklə yaratmışdır. Məhz bu səbəbdən iddiaçıya dəfələrlə müraciət edərək kredit öhdəlikləri ilə bağlı hər iki tərəfi qane edən variantlar təklif etmişdir. İddiaçı ilə kompromis əldə edə bilməmişdir, ona görə də tutmanın aldığı pensiyanın 50%-nə yönəldilməsi təklifi də iddiaçı tərəfindən rədd edilmişdir. İddiaçı ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və təqdim etdikləri sübutlar əsasında iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək əsas və faiz borcu ilə razı olduğunu, lakin cərimə borcu ilə razı olmadığını bildirdi. İşdən çıxdığına görə banka müraciət edərək aylıq ödənişləri aşağı salmalarını xahiş etsə də, bank bu təkliflə razılaşmamışdır. Odur ki, cərimə borcuna dair hissədə tələbin rədd edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit sazişindən görünür ki, bank Borcluya 36 ay müddətinə, illik 14,5 % olmaqla 26900 manat kredit vermişdir. - xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin banka 19172,06 manat əsas, 1174,96 manat faiz, 1222,05 manat cərimə borcu vardır. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli Kredit müqaviləsinə əsasən bank Borcluya 36 ay müddətinə, illik 14,5 % olmaqla 26900 manat kredit vermişdir. Hazırda cavabdeh “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Cavabdehin xx.xx.2023-cü il tarixinə 19172,06 manat əsas, 1174,96 manat faiz, 1222,05 manat cərimə borcu olmaqla, cəmi 21569,07 manat borcu yaranmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh iddiaçıdan aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək kredit müqaviləsinin tələblərini pozmuş və iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də iddiaçının xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə əsas və faiz borcunun cavabdehdən tutulması hissədə iddia tələbi təmin edilməlidir. İddia tələbindən göründüyü kimi cavabdehdən eyni zamanda hesablanmış 1222,05 manat məbləğində dəbbə pulunun tutulması tələb olunur. Məhkəmə, işin hallarını nəzərə alaraq hesab edir ki, dəbbə pulu tənasübsüz surətdə yüksək miqdarda müəyyən edilmişdir və tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Məhkəmə hesab edir ki, cavabdehdən 372,98 manat dəbbə pulunun tutulması tərəflərin maraqlarına uyğun hesab edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə də təmin edilməli, iddianın qiyməti 10000 manatdan 100000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 %-i qədər olmalıdır. (“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsi) Hazırda iddia tələbinin təmin edilən hissəsi 20720 manat olduğundan iddiaçı tərəfindən ödənilmiş 152,16 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş 3,84 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 19172,06 manat əsas, 1174,96 manat faiz borcu və 372,98 manat cərimə borcu olmaqla, cəmi 20720 manat borcun və 152,16 manat ödənilmiş dövlət rüsumunun əvəzi İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 19172,06 manat əsas, 1174,96 manat faiz borcu və 372,98 manat cərimə borcu olmaqla, cəmi 20720 manat borc və 152,16 manat ödənilmiş dövlət rüsumunun əvəzi İddiaçı ASC-nin xeyrinə tutulsun. Ödənilmiş 3,84 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №e-2(060)-6860/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-6860/2024
24.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver