Məhkəmə qərarları › İş №e-2(060)-6892/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-6892/2022

06.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-6892/2022 06.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Əzizova (Poladova) Vüsalə Xanlar qızının Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Əzizova (Poladova) Vüsalə Xanlar qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 15.000 manat maddi zərərin əvəzinin, hüquqi yardım üçün ödənilən 100 manat və ödənilmiş 135 manat dövlət rüsumunun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçının etibarından sui-istifadə edərək, onu "xxxx" Neft Şirkətində kargüzarlıq şöbəsində işə düzəldəcəyinə və ona ipoteka ilə ev alınmasına köməklik edəcəyinə dair vəd verib, aldadaraq vahid niyyətlə əhatə olunan məqsədlə xx.xx.2019-cu il tarixdə 7000 manat, xx.xx.2019-cu il tarixdə 7000 manat və xx.xx.2019-cu il tarixdə isə 1000 manat almaqla, nəticədə iddiaçıya, cəmi 15.000 manat miqdarında maddi zərər vurmuşdur. Bununla əlaqdar olaraq cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə 3 il müddətə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmişdir. Cavabdeh hazırda azadlıqda olmasına baxmayaraq ona vurmuş olduğu 15.000 manat miqdarında maddi zərəri ödəməkdən yayınır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə etdiyini bildirərək, onun təmin olunmasını xahiş etdi. Cavabdeh elektron kabinet vasitəsilə məhkəməyə müraciət edərək, iddianı qəbul etmədiyini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh ərizəsində göstərmişdir ki, o, iddiaçının yazdıqları ilə razı deyildir. Belə ki, iddiaçının qeyd etdiyi kimi xx.xx.2020-ci il tarixdə cəzalandırılmışdır. Baxmayaraq ki, bunların hamısı şər böhtan olmuşdur. Halbuki, o, iddiaçı ilə yaxın dost olmuş, pulları xərcləyəndə də həm o, həm də iddiaçı bərabər xərcləmişlər. Ancaq, iddiaçı onun etimadından istifadə edərək, onu şərləyib həbs etdirmişdir. Ancaq, Prezidentin müvafiq fərmanı ilə o, əfv edilmişdir. O, artıq öz cəzasını çəkmişdir. Onun iddiaçəya cəmi 5000 manat borcu olmuşdur. Həbsdən 3 aydır ki, çıxmışdır, hələlik heç yerdə işləmir. Hazırda himayəsində və qəyyumluğunda 1-ci qrup əlil atası - X1 və iki kiçik yaşlı qız övladları vardır. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-122/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmündən görünür ki, Cavabdeh AR CM-nin 178.2.2 və 177.2.4-cü maddələri ilə cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. - Həmin hökmdən görünür ki, Cavabdeh iddiaçıya ümumilikdə 15000 manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmiş, iddiaçıya dəymiş ziyanla bağlı mülki mühakimə üsulu qaydasında mülki iddia ilə məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. - xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən müqavilə xidmətlərinə görə 100 manat pul ödənilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, qanuni qüvvəyə minmiş məhkəmə hökmünə əsasən cavabdeh iddiaçıya 15000 manat dəyərində ziyan vurmuşdur. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Bu Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən iddiaçıya maddi ziyan vurulması və cavabdehin buna gətirib çıxaran əməldə təqsiri, habelə dəymiş zərərin məbləğinin 15000 manat həddində olması iş materialları ilə təsdiq olunur. Odur ki, iddia bu hissədə əsaslıdır. Məhkəmə iddianın ödənilmiş hüquqi xidmətə görə 100 manat vəsaitin və 135 manat dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan, iddia bu hissələrdə də təmin edilməli, cavabdehdən iddiaçı tərəfindən ödənilmiş 135 manat dövlət rüsumu və hüquqi yardıma görə ödənilmiş 100 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Bu Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdehdən 15000 manat məbləğində ziyan, ödənilmiş 135 manat dövlət rüsumu və hüquqi yardıma görə ödənilmiş 100 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 15000 manat məbləğində ziyan, ödənilmiş 135 manat dövlət rüsumu və hüquqi yardıma görə ödənilmiş 100 manat məbləğində pul tutularaq iddiaçı Əzizova (Poladova) Vüsalə Xanlar qızına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar