Məhkəmə qərarları › İş №e-2(060)-7031/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-7031/2024

16.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-7031/2024 16.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Behbudova Aynur Mirzalı qızı, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair ərizəsini ona əlavə edilmiş sənədlərlə birlikdə tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında məhkəmənin inzibati binasında nəzərdən keçirərək müəyyən etdi: "xxxx" Açıq Səhmdar Cəmiyyəti “11” oktyabr 2024-cü ildə "Elektron Məhkəmə" informasiya sistemi vasitəsi ilə kiçik iddialara dair işlərə sadələşdirilmiş icraat qaydasında Sumqayıt Şəhər Məhkəməsinə ərizə ilə müraciət edərək Cavabdeh 4140.66 manat borc, ödənilmiş 61.41 manat dövlət rüsumunun, 0.4 (qırx qəpik) manat xidmət haqqının onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə bildirir ki, iddia ərizəsi və ya hər hansı icraat növü üzrə ərizə daxil olduqda hakim onun verilməsi zamanı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. Ərizəni və ona əlavə edilmiş sənədləri qanunvericiliyin tələbləri daxilində nəzərdən keçirən məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Tələbdən aydın olur ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh olan iddianın qiyməti beş min manatdan aşağıdır və iddiaçı işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş qaydada baxılmasını xahiş etmişdir. Bu səbəbdən də qeyd edilən ərizəyə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 23-1-ci fəslində nəzərdə tutulmuş normalar tətbiq edilməklə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması mümkündür. Həmin fəsildə olan 284-4-cü maddədə isə işə baxılmasının sadələşdirilmiş qaydasının yolverilməzliyinin əsasları qeyd edilmişdir. Bu əsaslardan biri də Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-4.1.3-cü maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamasıdır. İddiaçının ərizəsini və ona əlavə edilmiş sənədlərin qeyd edilən normanının tələbləri daxilində yoxlayan məhkəmə bu nəticəyə gəlir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia tələbini X2 ilə aralarında bağlanmış 07 iyun 2021-ci il tarixli, BPM**********70 nömrəli kredit müqaviləsi ilə ona 4300 (dörd min üç yüz) manat kredit verməsi, kredit alan şəxsin 19 iyul 2021-ci ildə ölməsi, ondan miras qalmış əmlakın Cavabdeh tərəfindən qəbul edilməsi ilə əsaslandırmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; - 1146-cı maddəsinin tələbinə görə miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır; - 1151.1.-ci maddəsindən aydın olur ki, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; - 1243.1 və 1243.2-ci maddələrinin mahiyyətinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; - 1255-ci maddəsi ilə müəyyən edilir ki, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. - 1273-cü maddəsinin tələbinə əsasən mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir; - 1306.1-ci maddəsinə görə vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Qeyd edilən maddi hüquq normalarını iddiaçının ərizəsi və ona əlavə edilmiş sənədlərlə əlaqəli şəkildə tədqiq edən məhkəmə qeyd edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti X2 arasında 07 iyun 2021-ci il tarixli, BPM**********70 nömrəli kredit müqaviləsinin bağlanması müəyyən edilir. Həmçinin məhkəməyə təqdim edilmiş sənədlərdən X1 19 iyul 2021-ci ildə ölməsi də öz təsdiqini tapır. 1 saylı Sumqayıt Regional “Asan Xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 29 yanvar 2022-ci il tarixli, 141 qeydiyyat nömrəli Qanun üzrə vərəsəlik şəhadətnaməsindən mərhum X1 vərəsəsi Cavabdeh olması və onun “Opel Vectra minik” markalı, **-CO-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini miras əmlak kimi qəbul etməsi aydın olur. Sonuncu qeyd edilən faktiki hala əsaslanan məhkəmə iddiaçının nəzərinə çatdırır ki, mülki qanunvericiliyin yuxarıda qeyd edilən normasının da tələblərindən aydın olur ki, miras qoyanın vərəsəsi onun kreditoru qarşısında əldə etdiyi miras əmlakın həcmi dəyərində məsuliyyət daşıyır. Həmçinin məhkəmə onu da qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 iyun 2018-ci il tarixli Qərarında formalaşdırdığı mövqeyə əsasən zaminlik müqaviləsi aksessor xarakterli olmaqla əsas öhdəliyə təminat üsulu kimi çıxış edir. Bu səbəbdən də zaminin zaminlik müqaviləsi üzrə öhdəliyi “əlavə öhdəlik” mahiyyəti daşıyır. Yəni kreditorun zamindən öhdəliyin icrasını tələb edə bilməsi üçün, ilk öncə, borclunun, eləcə də onun vərəsələrinin öz vəzifələrini icra etməməsi və ya lazımınca icra etməməsi tələb olunur. Yalnız bundan sonra zaminə qarşı zaminlik müqaviləsindən irəli gələn öhdəliyin icrası barədə tələb irəli sürülə bilər. Borclunun ölümü halında mirası qəbul etmiş vərəsələrin miras qoyanın öhdəlikləri üzrə borcluya çevrildiyini nəzərə alaraq hesab edir ki, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdırlar. Vərəsələr əsas öhdəliyi icra etməkdən yayındıqları və ya lazımınca icra etmədikləri təqdirdə, eləcə də miras əmlakın həcmi vərəsələrə əsas öhdəliyi icra etməyə və ya lazımınca icra etməyə imkan vermədikdə, pozulmuş mənafeyinin təmin edilməsi üçün kreditorun zaminə qarşı tələb irəli sürmək hüququ yaranır. İddiaçı isə Cavabdeh ümumilikdə 4140,66 (dörd min bir yüz qırx manat, altmış altı qəpik) manat tələb etsə də, miras əmlakın dəyərinin onun tələb etdiyi borcun miqdarı ilə eyni həcmdə və ya ondan artıq olması və ya miras qoyanın adına hər hansı başqa əmlakın olub- olmaması (bununla bağlı sorğular və cavablar), habelə miras kütləsinin yalnız yuxarıda qeyd edilən daşınar əmlakdan ibarət olmaması ilə bağlı sənəd təqdim etməmişdir. Bu səbəbdən də məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-4.1-ci və 284-4.1.3-cü maddələrinin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair ərizəsi icraata qəbul edilməkdən imtina olunmalıdır. Belə ki, həmin prosessual normaların tələbinə görə verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Məhkəmə onu da qeyd edir ki, həmin Məcəllənin 284-4.2-ci maddəsinin tələbinə əsasən ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Bundan əlavə iş üzrə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə izah edilsin ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Yekunda məhkəmə onu da qeyd edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə məhkəməyə müraciət etdiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun özündə saxlanıldığından qeyd edilən sənədlərin iddiaçıya geri qaytarılmasına zərurət yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263 və 264-cü maddələrini rəhbər tutaraq, qərar v e r d i: "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair ərizənin qəbul edilməsindən imtina olunsun. "xxxx" Açıq Səhmdar Cəmiyyətinə izah olunsun ki, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Bu qərardaddan şikayət verilə bilməz. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar