Məhkəmə qərarları › İş №e-2(060)-7032/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-7032/2024

26.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-7032/2024 26.11.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Şirəliyeva Vəfa Zavrulla qızı İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” barədə kiçik iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia qaldıraraq Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 1650 manatlıq kredit müqaviləsi üzrə 1546,66 manat əsas, 419,33 manat faiz borcu olmaqla, cəmi 1965,99 manat, 300 manatlıq kredit müqaviləsi üzrə 107,23 manat əsas, 9,31 manat faiz borcu olmaqla, cəmi 116,54 manat, ümumilikdə 2082,53 manat məbləğində kredit borcunun və ödənilmiş 40,83 manat dövlət üsumunun, habelə 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, BPM**********89 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən borcluya 36 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə hesablanmaqla 1650 manat məbləğində kredit verilmişdir. Bundan əlavə "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023cü il tarixli, BPM**********89 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən borcluya 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla 300 manat məbləğində kredit kartı verilmişdir. Borclu Cavabdeh kredit müqavilələri üzrə vəsaitindən istifadə etmiş, lakin kredit borcu və hesablanmış faizləri müqavilələr ilə müəyyən edilmiş qaydada ödəməkdən boyun qaçırır. Cavabdehə xx.xx.2024-cü il tarixli, BPM**********89 nömrəli kredit müqavilələri üzrə borcun qaytarılması haqqında xx.xx.2024-cü il tarixli bildiriş göndərilərək, xəbərdarlıq edilsə də, vəsait banka geri qaytarılmamışdır. Beləliklə, Cavabdeh kreditin vaxtında qaytarılması haqqında dəfələrlə xəbərdarlıq olunmuş, lakin buna baxmayaraq bu günə kimi kredit borcunun və kreditə hesablanmış faizlərin ödənilməsi üçün cavabdeh tərəfindən tədbirlər görülməmiş, müqavilə üzrə öhdəliklər yerinə yetirilməmişdir. Hazırda iddia ərizəsinə əlavə edilən maliyyə arayışından da göründüyü kimi, Cavabdeh 1650 manatlıq kredit müqaviləsi üzrə banka borcu 1546,66 manat əsas, 419,33 manat faiz borcu olmaqla, cəmi 1965,99 manat təşkil edir. Hazırda iddia ərizəsinə əlavə edilən maliyyə arayışından da göründüyü kimi, Cavabdeh 300 manatlıq kredit müqaviləsi üzrə banka borcu 107,23 manat əsas, 9,31 manat faiz borcu olmaqla, cəmi 116,54 manat təşkil edir. Bundan başqa, hazırki mübahisə üzrə iddia qiyməti ümumilikdə 2082,53 manat olduğundan, 40,83 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı ödənilmişdir.

Tədqiq olunan sübutlar:

3. İddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, BPM**********89 nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh sonuncuya şəxsi istehlak məqsədilə 36 ay müddətinədək illik 20 faiz ödəmək şərtilə 1650 manat məbləğində kredit verilməsi ilə bağlı razılaşmışlar.

4. xx.xx.2023-cü il tarixli, BPM**********89 nömrəli kredit müqaviləsinin 8-ci bəndinə əsasən kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəlindən görünür ki, ödənişlərin icra edilməsi müddəti xx.xx.2023-cü il tarixdən xx.xx.2026-cı il tarixədək müəyyənləşdirilmişdir.

5. İddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, BPM**********89 nömrəli tam kart müqaviləsindən görünür ki, Azərbaycan Beynəlxalq Bankı» ASC ilə Cavabdeh sonuncuya 36 ay müddətinədək illik 24 faiz ödəmək şərtilə 300 manat məbləğində kredit xəttinin ayrılması ilə bağlı razılaşmışlar.

6. xx.xx.2024-cü il tarixli bildirişlərdən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən cavabdehə 5 gün müddətində öhdəlik icra olunmadığı təqdirdə borcun tutulması və sair tələblərlə bağlı qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

7. İddiaçı "xxxx" ASC tərəfindən tərtib edilmiş 18 yanvar 2024-cü il tarixli maliyyə arayışında qeyd olunmuşdur ki, Cavabdeh xx.xx.2023-cü il tarixli tam kart müqaviləsi üzrə 107,23 manat əsas borc, 9,31 manat faiz borcu olmaqla, cəmi 116,54 xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 1546,66 manat əsas borc, 419,33 manat faiz borcu olmaqla, cəmi 1965,99 manat borcu vardır.

Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Tətbiq edilən hüquq:

9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

- 739-cu maddəsinə əsasən (əvvəlki redaksiya) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. -467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarı:

- Borcalana bildiriş verilməsi və ya məhkəmə qərarının (o cümlədən birbaşa borcalana qarşı iddia tələbi irəli sürülmədən müvafiq tarixə yaranmış borcun ipoteka predmetinin hərracdan satılması hesabına tutulması barədə məhkəmə aktının) qəbul edilməsi ilə tərəflər arasında bağlanmış kredit müqaviləsi ləğv edilmiş hesab edilərsə, bu halda həmin tarixdən sonrakı dövr üçün bank kredit müqaviləsi üzrə faiz və dəbbə pulunu borcalandan tələb etmək hüququnu itirməklə borcludan yalnız öhdəliyin icrasının gecikdirilməsi nəticəsində yaranmış zərəri (Mülki Məcəllənin 443-cü maddəsi) və (və ya) pul öhdəliyinin icra edilməməsindən irəli gələn məsuliyyət üzrə digər vəsaiti tələb edə bilər.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

11. Məhkəmə iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur.

12. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.

13. Belə ki, mülki qanunvericiliyə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

14. İş materialarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, "xxxx" ASC ilə Cavabdeh sonuncuya 36 ay müddətinədək illik 20 faiz ödəmək şərtilə 1650 manat məbləğində kredit verilməsi ilə bağlı razılaşmışlar. İddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, BPM**********89 nömrəli tam kart müqaviləsinə əsasən Azərbaycan Beynəlxalq Bankı» ASC və Cavabdeh sonuncuya 36 ay müddətinədək illik 24 faiz ödəmək şərtilə 300 manat məbləğində kredit xəttinin ayrılması ilə bağlı razılaşmışlar.

15. Cavabdeh tərəfindən müqavilə üzrə borcun ödənilməsi tam təmin edilmədiyindən iddiaçı tərəfindən ona bildiriş göndərilərək borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

16. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. İddiaçı qeyd olunan müqavilə üzrə üzərinə düşən vəzifəni yerinə yetirərək pul vəsaitini cavabdehin hesabına köçürmüş və onlar ödənişlərin müddəti və məbləği barədə razılığa gəlmişlər. Lakin Cavabdeh müqavilədən irəli gələn kreditin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş öhdəliyi yaranmışdır.

17. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsas borcun və faiz borcunun ödənilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir.

18. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, BPM**********89 nömrəli kredit müqaviləsi üzrə 1546,66 manat əsas borc, 419,33 manat faiz borcu, xx.xx.2023-cü il tarixli, BPM**********89 nömrəli tam kart müqaviləsi üzrə 107,23 manat əsas borc, 9,31 manat faiz borcu olmaqla, cəmi 2082 (iki min səksən iki) manat, 53 (əlli üç) qəpik məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 40 (qırx) manat, 83 (səksən üç) qəpik pul vəsaiti tutularaq "xxxx" ASC-yə ödənilməlidir.

Nəticə:

19. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, BPM**********89 nömrəli kredit müqaviləsi üzrə 1546,66 manat əsas borc, 419,33 manat faiz borcu, xx.xx.2023-cü il tarixli, BPM**********89 nömrəli tam kart müqaviləsi üzrə 107,23 manat əsas borc, 9,31 manat faiz borcu olmaqla, cəmi 2082 (iki min səksən iki) manat, 53 (əlli üç) qəpik məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 40 (qırx) manat, 83 (səksən üç) qəpik pul vəsaiti tutularaq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar