Məhkəmə qərarları › İş №e-2(060)-7124/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-7124/2022

20.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-7124/2022 20.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 5.409,04 manat - bundan 1.980,19 manat əsas, 1.161,60 manat faiz, 1.654,33 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 612,92 manat və iş üzrə ödənilmiş 75 manat dövlət rüsumunun Cavabdeh tutularaq Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 490 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 24% hesablanmaqla 3.500 manat məbləğində kredit verilmişdir. Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. xx.xx.2022-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 5.409,04 manat təşkil edir. Bundan 1.980,19 manat əsas, 1.161,60 manat faiz, 1.654,33 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 612,92 manat faiz borcu təşkil edir. Borcalan kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********189 saylı xx.xx.2019-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bildirilir ki, Cavabdeh Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüş və tərəflərindən fiziki şəxsə yeni güzəştli kredit müqaviləsi bağlanması təklif edilmişdir. Bununla bağlı yeni müqavilələr hazırlanmışdır. Ancaq cavabdeh bu günədək bankla fərmanın şərtlərinə uyğun olaraq vaxtı keçmiş kredit borcu üzrə yeni güzəştli restrukturizasiya müqaviləsi bağlamamışdır və bu səbəbdən yenidən bank aşağıdakı borcun cavabdehdən tutulması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək eyni məzmunda izahat verdi və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Əlavə olaraq göstərdi ki, mübahisə predmeti olan kredit öhdəliyi Azərbaycan Respublikası Prezidentin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın təsir altda düşmüş və bu barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, Banka gəlməmiş və yeni kredit müqaviləsi bağlamamışdır. İddiaçının nümayəndəsi həmçinin bildirdi ki, iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. İddiaçı iddia müddəti daxilində məhkəməyə müraciət etmiş, lakin iddia Azərbaycan Respublikası Prezidentin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı ilə bağlı baxılmamış saxlanılmışdır. Bu halların məhkəmə tərəfindən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında göstərdi ki, iddia tələbini qəbul etmir. ”Zaminbank” ASC ilə onun arasında kredit müqaviləsi xx.xx.2014-cü il tarixdə, 24 ay müddətinə bağlanmışdır. Respublikada baş verən devalvasiya nəticəsində onun maddi gəlirlərində sıxıntılar olmuşdur. Bu səbəbdən krediti ödəməkdə çətinliyi yaranmışdır. Həmin vaxtdan bu günə kimi banka heç bir ödəniş etməmişdir. Həmçinin mübahisəli kredit müqaviləsi AR Prezidentininn «Azərbaycan Respublikasında fiziki şəxslərin probemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» xx.xx.2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüşdür. Eləcə də iddiaçı bank iddia müddətini ötürmüşdür. Qeyd olunanların nəzərə alınaraq iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizəni məhkəməyə təqdim etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki iş materiallarında olan: Kreditor İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 490 Kredit müqaviləsinə əsasən kreditverən kreditalana 24 ay müddətinə, illik 24% ödəmək şərti ilə 3500 manat məbləğində kredit verməyi, kreditalan həmin krediti qəbul edib təyinatı üzrə istifadə etməyi, ödəniş qrafiki üzrə kredit və hesablanmaş faizləri qaytarmağı öhdəsinə götürmüşdür. 20 oktyabr 2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh 1980,19 manat əsas, 1161,60 manat faiz, 1654,33 manat cərimə, kredit müqaviləsi bitəndən sonra gecikdirilmiş müddət üçün illik 5% hesablanmış 612,92 manat faiz borcu olmaqla cəmi 5409,04 manat borcu vardır. Xəbərdarlıq məktublarından görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445, 448.1, 739.1, 739.2-ci maddələrinə istinadən qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslıdır, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdehdir və mülki məsuliyyət daşıyır. Azərbaycan Respublikası Prezidentin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın 5-ci bəndinə əsasən fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682.000.000 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsi, eləcə də, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215.000.000 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi qərara alınmışdır. Fərmanın təsir dairəsinə (8.6-cı bəndi) fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar daxil edilmişdir. Göründüyü kimi araşdırılan mübahisə üzrə kredit müqaviləsi Fərmanın təsiri altına düşür. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi tam həcmdə təmin edilə bilməz, məhkəmə kredit öhdəliyi üzrə əsas borc tələbi ilə bağlı hisssədə iddianın təmin edilməsini qanuni hesab edir. Belə ki, qeyd olunan Fərmanın 6.2-ci bəndinə əsasən fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizaşiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə onlan işlərin geri çağrılmasını təmin edən tədbirlər görülməlidir. 8.9-cu bəndinə əsasən faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi nəzərdə tutulur. Məhkəmə hesab edir ki, araşdırılan mübahisə üzrə borc Fərmanın təsiri altına düşməklə, həmin kredit öhdəliyi üzrə tələb olunan faizlər və cərimələr silinmişdir, bu baxımdan iddiaçının qeyd olunan hissədə tələbi təmin oluna bilməz. Məhkəmə iddia müddətinin tətbiqinə münasibətdə qeyd edir ki, araşıdırlan iddia tələbi üzrə iddia müddətinin tətbiqi üçün əsas yoxdur. Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 381.1-ci maddəsinə əsasən əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Mülki iş materiallarından görünür ki, cavabdeh tərəfindən kredit müqaviləsi üzrə sonuncu ödəniş xx.xx.2018-ci il tarixdə olmuşdur. İddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə cavabdehə qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-38/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə iddia baxılmamış saxlanılmış, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2020-ci il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-38/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi iddiaçı tərəfindən iddia müddəti daxilində məhkəməyə müraciət edilmiş, bununla da iddia müddətinin axımı kəsilmiş, iddia baxılmamış saxlanıldığı tarixdən sonra (xx.xx.2020-ci il) müddətin axımı davam etmiş, iddiaçı xx.xx.2022-ci il tarixdə, yəni iddia müddəti daxilində iddia ilə məhkəməyə müracitə etmişdir. Qeyd olunanalar əsasən məhkəmə hesab edir iddia müddəti ötürülməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 75 manat dövlət rüsumu ödəmişdir. İddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 47,55 iddiaçıya aid edilməli, 27,45 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1.980,19 manat əsas kredit borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 27,45 manat tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1.980,19 (bir min doqquz yüz səksən manat on doqquz qəpik) manat əsas kredit borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 27,45 (iyirmi yeddi manat, qırx beş qəpik) manat tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar