Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-716/2024 19.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Əhmədli Şəkər Vaqif qızının katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh, X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh 32000 (otuz iki min) manat maddi ziyanın və 186 manat dövlət rüsumunun əvəzinin alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə 2015-ci ildə tanış olaraq, nikaha daxil olmadan faktiki ər-arvad münasibətlərində olmuşlar. Cavabdeh mütəmadi olaraq iddiaçının yanına, Rusiya Federasiyasına gedib-gəlmişdir. Cavabdeh ata yurdunda ferma tikəcəyini, ferma tikilib başa çatdıqdan sonra iddiaçı ilə bərabər oraya köçüb birlikdə yaşayacaqlarını vəd etmişdir. Qeyd edilən fermanın tikintisi üçün iddiaçıdan xeyli məbləğdə pul almışdır. İddiaçı pulun bir qismini nəğd şəkildə Rusiya Federasiyasında kart vasitəsilə cavabdehin kartına, digər qismini isə bank vasitəsilə Azərbaycana, iddiaçıya göndərmişdir. Hazırda iddiaçının tələb etdiyi məbləğ Rusiyadan cavabdehə göndərilən pullardır. Məhkəmə iclasında tərcüməçinin iştirakı ilə izahatı alınan İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdehlə 2015-ci ildə tanış olmuşdur. Cavabdeh ondan müxtəlif vaxtlarda ayrı-ayrı məqsədlərlə pul almış, geri qaytarmamışdır. Rusiya Federasiyasında olarkən iddiaçı cavabdehə iş tapsa da cavabdeh həmin işdə işləməmişdir. 2017-ci ildə cavabdeh ona təsərrüfat yaratmaq istədiyini bildirərək biznes layihəsini göstərmişdir. Həmin təsərrüfatı yaratmaq üçün cavabdehə ümumilikdə 32000 manat pul vermişdir. Cavabdehin ondan borc pul istədiyinə dair yazışmalar vardır ki, həmin yazışmalar məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək tələbin təmin edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, iddia tələbinə şifahi etiraz edərək bildirdi ki, iddiaçı ilə 2015-ci ildə tanış olmuş, iddiaçının təklifi ilə onunla bərabər Rusiya Federasiyasına getmişdir. Orada taksi fəaliyyəti və maşın alqı-satqısı ilə məşğul olaraq pul qazanmışdır. Qazandığı pulları Azərbaycana gələrkən buraya gətirməmiş, iddiaçıdan həmin pulları ona göndərməsini xahiş etmişdir. İddiaçının qeyd etdikləri vəsaitləri həqiqətən də, bank vasitəsilə qəbul etmişdir. Lakin həmin vəsaitlər onun Rusiya Federasiyasında özünün qazandığı vəsaitlər olmuşdur. Məhkəmə tərəfindən ona verilən suala cavab verən Cavabdeh bildirmişdir ki, xx.xx.2017-ci ildə 3 ay müddətinə, xx.xx.2017-ci ildə 6 ay müddətinə, xx.xx.2018-ci il tarixində 4 ay müddətinə, xx.xx.2019-cu il tarixində 2 ay müddətinə iddiaçının yanına (Rusiya Federasiyasına) getmişdir. Həmin müddətlərdə Rusiya Federasiyasında işləyərək özünə pul qazandığını bildirərək, iddia tələbinin həqiqətə uyğun olmadığını qeyd etdi. İddia tələbinin əsassız olduğu üçün rədd edilməsini xahiş etdi. Məhkəmə, tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2016-cı il tarixli pul məbləğini köçürmə sənədindən görünür ki, xx.xx.2016-cı ildə İddiaçı tərəfindən Cavabdeh 52260 RUB göndərilmişdir. - xx.xx.2017-ci il tarixli pul məbləğini köçürmə sənədindən görünür ki, xx.xx.2017-ci ildə İddiaçı tərəfindən Cavabdeh 22165 RUB göndərilmişdir. - xx.xx.2019-cu il tarixli pul məbləğini köçürmə sənədindən görünür ki, xx.xx.2019-cu ildə İddiaçı tərəfindən Cavabdeh 5494 AZN göndərilmişdir. - xx.xx.2019-cu il tarixli pul məbləğini köçürmə sənədindən görünür ki, xx.xx.2019-cu ildə İddiaçı tərəfindən Cavabdeh 7139 AZN göndərilmişdir. - xx.xx.2019-cu il tarixli pul məbləğini köçürmə sənədindən görünür ki, xx.xx.2019-cu ildə İddiaçı tərəfindən Cavabdeh 4586 AZN göndərilmişdir. - xx.xx.2019-cu il tarixli pul məbləğini köçürmə sənədindən görünür ki, xx.xx.2019-cu ildə İddiaçı tərəfindən Cavabdeh 600 AZN göndərilmişdir. - xx.xx.2019-cu il tarixli pul məbləğini köçürmə sənədindən görünür ki, xx.xx.2019-cu ildə İddiaçı tərəfindən Cavabdeh 9476 AZN göndərilmişdir. - xx.xx.2019-cu il tarixli pul məbləğini köçürmə sənədindən görünür ki, xx.xx.2019-cu ildə İddiaçı tərəfindən Cavabdeh 30000 RUB göndərilmişdir. - Azərbaycan Mərkəzi Bankının elektron səhifəsindən edilən çıxarışdan görünür ki, xx.xx.2016-cı il tarixində 1 RUB=0,287 AZN; xx.xx.2017-ci il tarixində 1 RUB=0,296 AZN; xx.xx.2019-cu il tarixində 1 RUB=0,263 AZN təşkil etmişdir. - Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-38-2/33-385/24 saylı Cavabdeh dövlət sərhəddindən hərəkəti barəsində İAMAS bazasındakı məlumatdan görünür ki, Cavabdeh xx.xx.2016-ci il tarixindən xx.xx.2020-ci il tarixədək Dölət sərhədindən çıxış-girişi olmuşdur. - iddiaçı tərəfindən təqdim edilmiş sms yazışmalarının fotoşəkillərindən görünür ki, cabadeh iddiaçıdan bilet almaq üçün və lombard faizlərinin ödənilməsi üçün pul istəyir. - iddiaçı tərəfindən təqdim edilmiş fotoşəkillərdə təsərrüfat təyinatlı orta ölçülü tikilillər əksini tapmışdır. -iddiaçı tərəfindən təqdim edilmiş 06 ədəd onlayn bank qəbzindən müəyyən edilir ki, iddiaçı Rusiya ərazisində cavabdehin bank hesabına köçürmələr etmişdir. - iddiaçının Azərbaycan Respublikası DİN-ə ünvanladığı xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, o, Cavabdeh ümumilikdə ona məxsus 3 814 521 rubl məbləğində vəsaitini ələ keçirdiyini qeyd edir. - Sumqayıt RPİ-nin 4-cü PB-i tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, onun ərizəsində göstərilən xüsusatlar mülki xarakter daşıdığından Məhkəməyə müraciət etməsi tövsiyyə edirli. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh İddiaçı Azərbaycan Respublikasında təsərüffat yaradacağı adı ilə pul almış, hüquqi əsas olmadan İddiaçı hesabına əmlak əldə edərək əsassız varlanmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası MM-nin 21.1-ci maddəsinə əsasən “Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın”. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. İş materiallarına əlavə edilmiş pul köçürmə sənədlərindən göründüyü kimi, 8 dəfəlik pul köçürmələrindən 5-i Azərbaycan manatı ilə (AZN), 3-ü isə rus rublu ilə (RUB) edilmişdir. Məhkəmə rus rublu ilə köçürülən ödənişlərə dair Azərbaycan Mərkəzi Bankının elektron səhifəsindən çıxarışlar etmiş, müəyyən etmişdir ki, xx.xx.2016-cı il tarixində 1 RUB=0,287 AZN; xx.xx.2017-ci il tarixində 1 RUB=0,296 AZN; xx.xx.2019-cu il tarixində 1 RUB=0,263 AZN təşkil etmişdir. Bununla da xx.xx.2016-cı il tarixində İddiaçı Cavabdeh rus rublu ilə göndərmiş olduğu 52260 rublun manat dəyəri həmin tarixdə 1499,87 AZN, xx.xx.2017-ci il tarixdə göndərmiş olduğu 22165 rublun manat dəyəri həmin tarixdə 656,80 AZN, xx.xx.2019-cu il tarixdə göndərmiş olduğu 30000 rublun manat dəyəri həmin tarixdə 789 AZN təşkil etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iddiaçının qeyd etdiyi rus rublu ilə edilən pul köçürmələrinin Azərbaycan manatına nisbəti iddiaçının göstərdiyi kimi deyil, yuxarıda sadalanan hallara müvafiq olaraq 1499,87 AZN, 656,80 AZN və 789 AZN hesablanmalıdır. Məhkəmə cavabdehin iddia tələbinə şifahi etirazına münasibətdə bildirir ki, cavabdeh iddia tələbində qeyd edilən vəsaiti iddiaçıdan bank hesabı vasitəsilə əldə etdiyini bildirir, lakin həmin vəsaitlərin iddiaçıya məxsus olmadığını özünə məxsus pulların iddiaçı tərəfindən göndərildiyini qeyd edir. Məhkəmə hesab edir ki, cavabdehin etirazı özünü müdafiə xarakteri daşıyır. Belə ki, cavabdeh hələ Rusiya Federasiyasına getməzdən öncə burada müəyyən gəlirə malik olduğunu bildirsə də, iş materiallarında olan sms yazışmalarından müəyyən edilir ki, o, iddiaçının yanına getməzdən əvvəl ondan müəyyən bəhanələrlə pul istəmiş və əlavə edilmiş pul köçürməsindən görünür ki, iddiaçı tərəfindən xx.xx.2016-cı il tarixində cavabdehə 1499,87 AZN göndərilmişdir. Belə olan halda həmin vəsait cavabdehin Rusiya Federasiyasında qazandığı vəsait hesab edilə bilməz, habelə bu fakt cavabdehin etirazında qeyd etdiyini, yəni iddiaçının yanına getməzdən əvvəl kifayəyt qədər vəsaitə malik olduğunun əksinin göstərir. Belə ki, iddiaçı özü məhkəmənin ona verdiyi suala cavab verərək xx.xx.2017-ci ildə 3 ay müddətinə, xx.xx.2017-ci ildə 6 ay müddətinə, xx.xx.2018-ci il tarixində 4 ay müddətinə, xx.xx.2019-cu il tarixində 2 ay müddətinə iddiaçının yanına (Rusiya Federasiyasına) getdiyini bildirmişdir. Göründüyü kimi iddiaçının cavabdehə bank vasitəsilə ilk pul köçürməsi cavabdehin iddiaçının yanına getməzdən öncəki dövrə təsadüf edir. Bununla yanaşı həmin müddətlər ərzində cavabdehin həmin vəsaitləri Rusiyadan Azərbaycana gətirməsi üçün kifayət qədər vaxt olmasına və qadağa olmamasına baxmayaraq həmin pulları gətirmədən iddiaçıdan ona köçürməsini xahiş etməsi, həmçinin cavabdehin Rusiya Federasiyasında olduğunu qeyd etdiyi qısa zaman kəsiyində 32000 AZN vəsait qazana bilməsi ağlabatan deyil. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 30240 AZN maddi ziyanın əvəzi tutularaq İddiaçı verilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə də qismən təmin edilməli, iddianın qiyməti 10000 manatdan 100000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 120 manat + 10000 manatdan yuxarı iddia qiymətinin 0,3 faizi qədər olmalıdır. (“Dövlət Rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsi) Hazırda iddia tələbinin təmin edilən hissəsi 30240 manat olduğundan iddiaçı tərəfindən ödənilmiş 186 manat dövlət rüsumunun 180,72 manat əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş 5,28 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 30240 manat maddi ziyanın əvəzi və 180,72 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı verilsin. Ödənilmiş 5,28 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №e-2(060)-716/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-716/2024
19.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver