Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-7166/2023 04.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt Şəhər Məhkəməsinin hakimi Həxiyeva Şəbnəm Səlim qızı, İddiaçı ASCnin Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı ASC Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 323351-OVR-16346 saylı “Kredit xətti müqaviləsi”nə əsasən illik 25% hesablanması şərti ilə 36 ay müddətinə 3000 manat məbləğində kredit xətti açılmışdır. Həmçinin Bank ilə cavabdeh arasında bağlanılmış xx.xx.2021-ci il tarixli 323351-CNS-22586 saylı “Nəğd pul krediti müqaviləsi”nə əsasən illik 20% hesablanması şərti ilə 24 ay müddətinə 2600 manat məbləğində kredit verilmişdir. Lakin borclu şəxs öz üzərinə götürdüyü kredit öhdəliklərini icra etməmiş və nəticədə cavabdehin Banka xx.xx.2023-cü il tarixinə xx.xx.2021-ci il tarixli 323351-OVR-16346 saylı “Kredit xətti müqaviləsi” üzrə 1491,57 manat məbləğində əsas borc, 299,41 manat məbləğində faiz üzrə borcu, 488,8 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 2279,78 manat məbləğində borcu, eləcə də xx.xx.2021-ci il tarixli 323351-CNS-22586 saylı “Nəğd pul krediti müqaviləsi” üzrə 748,22 manat məbləğində əsas borc, 122,22 manat məbləğində faiz üzrə borcu, 758,2 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 1628,64 manat məbləğində borcu qalmışdır. Göstərilənlərə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 323351- OVR-16346 saylı “Kredit xətti müqaviləsi”nə əsasən xx.xx.2023-cü il tarixinə Banka borclu olduğu 1491,57 manat məbləğində əsas borc, 299,41 manat məbləğində faiz üzrə borcu, 488,8 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 2279,78 manat məbləğinin, həmçinin İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 323351-CNS-22586 saylı “Nəğd pul krediti müqaviləsi” üzrə 748,22 manat məbləğində əsas borc, 122,22 manat məbləğində faiz üzrə borcu, 758,2 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 1628,64 manat pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 59,09 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
3. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən Mülki-Prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.
5. Eyni Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər.
6. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə:
7. Belə ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 323351-CNS-22586 №-li kredit müqaviləsinə əsasən Cavabdeh 24 ay müddətinə, illik faiz dərəcəsi 20% olmaqla 2600 manat məbləğində kredit verilmişdir.
8. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021ci il tarixli, 323351-OVR-16346 №-li kredit xəttinin açılmasına dair müştəri ərizəsinə əsasən bank tərəfindən C.Cavadzadəyə illik 25% hesablanması şərti ilə 36 ay müddətinə, 3000 manat məbləğində kredit limiti açılmışdır.
9. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışlardan görünür ki, Cavabdeh Banka xx.xx.2021-ci il tarixli, 323351-CNS-22586 №-li kredit müqaviləsinə əsasən 748,22 manat əsas, 122,22 manat faiz, 758,20 manat cərimə borcu, cəmi 1628,64 manat, xx.xx.2021-ci il tarixli, 323351-OVR-16346 №-li kredit xətti müqaviləsinə əsasən 1491,57 manat əsas, 299,41 manat faiz, 488,80 manat cərimə borcu, cəmi 2279,78 manat məbləğində borcu vardır.
10. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
12. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
13. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
14. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
16. Həmçinin, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.
17. Hazırkı halda məhkəmə hesab edir ki, iddia cərimə borcu hissəsində qismən təmin edilərək cərimə borcu xx.xx.2021-ci il tarixli, 323351-CNS-22586 №-li kredit müqaviləsinə əsasən 20 manat, xx.xx.2021-ci il tarixli, 323351-OVR-16346 №-li kredit xətti müqaviləsinə ərizəsinə əsasən 30 manat məbləğində müəyyən edilməlidir.
18. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli, 323351-CNS-22586 №-li kredit müqaviləsinə əsasən 748,22 (yeddi yüz qırx səkkiz manat, iyirmi iki qəpik) manat əsas, 122,22 (bir yüz iyirmi iki manat, iyirmi iki qəpik) manat faiz, 20 (iyirmi) manat cərimə borcu, cəmi 890,44 (səkkiz yüz doxsan manat, qırx dörd qəpik) manat, xx.xx.2021-ci il tarixli, 323351-OVR-16346 №-li kredit xətti müqaviləsinə əsasən 1491,57 (bir min dörd yüz doxsan bir manat, əlli yeddi qəpik) manat əsas, 299,41 (iki yüz doxsan doqquz manat, qırx bir qəpik) manat faiz, 30 (otuz) manat cərimə borcu, cəmi 1820,98 (bir min səkkiz yüz iyirmi manat, doxsan səkkiz qəpik) manat məbləğində pul, 59,09 (əlli doqquz manat, doqquz qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ASC-yə verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
21. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
24. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Nəticə hissəsi:
26. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli, 323351-CNS-22586 №-li kredit müqaviləsinə əsasən 748,22 (yeddi yüz qırx səkkiz manat, iyirmi iki qəpik) manat əsas, 122,22 (bir yüz iyirmi iki manat, iyirmi iki qəpik) manat faiz, 20 (iyirmi) manat cərimə borcu, cəmi 890,44 (səkkiz yüz doxsan manat, qırx dörd qəpik) manat, xx.xx.2021-ci il tarixli, 323351-OVR- 16346 №-li kredit xətti müqaviləsinə əsasən 1491,57 (bir min dörd yüz doxsan bir manat, əlli yeddi qəpik) manat əsas, 299,41 (iki yüz doxsan doqquz manat, qırx bir qəpik) manat faiz, 30 (otuz) manat cərimə borcu, cəmi 1820,98 (bir min səkkiz yüz iyirmi manat, doxsan səkkiz qəpik) manat məbləğində pul, 59,09 (əlli doqquz manat, doqquz qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Şəbnəm Həxiyeva