Məhkəmə qərarları › İş №e-2(060)-7178/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-7178/2025

23.02.2026 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-7178/2025 23.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X25 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı mənzilə istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı mənzilə istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, o, X10 ilə 2005-ci il tarixdə faktiki, xx.xx.2008-cu il tarixdə isə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşdur. Birgə nikahdan xx.xx.2006-cı il təvəllüdlü X19 və xx.xx.2009-cu il təvəllüdlü X12 adlı iki övladları var. 1993-cü il tarixdən mərhum qaynatası X14 ailə üzvləri yəni həyat yoldaşı qaynanası X11 və iki övladı mərhum həyat yoldaşı X10 və X20 ilə birlikdə ünvan 1 ünvanında yerləşən 17 saylı mənzildə məskunlaşmışdırlar. 2005-ci il tarixdə isə ünvan 2 ünvanında yerləşən 17 saylı mənzilinə gəlin köçmüş və hal-hazırda da uşaqları ilə birlikdə sözügedən mənzildə yaşayır. Mərhum qaynatası X14 xx.xx.2016-cı ildə, həyat yoldaşı X10 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Hal-hazırda mənzil qaynanası, o və övladları (xx.xx.2006-cı il təvəllüdlü X19 və xx.xx.2009-cu il təvəllüdlü X12) yaşayırlar. Artıq 20 ildən çoxdur ki, bu mənzil onların daimi yaşayış yerləridir. Mərhum həyat yoldaşı ailəsi ilə birlikdə isə artıq 33 ildir ki məskunlaşmışdırlar. Ona görə də hesab edir ki, onun mübahisəli mənzilə istifadə hüququ tanınmalıdır. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur.Qeyd olunanlara əsasən məhkəmədən ünvan 1 ünvanında yerləşən 17 saylı mənzilə istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanında yerləşən 17 saylı mənzilinə istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2026-cı il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ünvan 4 ünvanında yerləşən 17 saylı mənzilinə istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Azərbaycan Respublikası MPM-in 185.2-ci maddəsinə əsasən məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdırıb, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan AZ-İİ seriyalı, 133965 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 08 dekabr 2020-ci ildə Sumqayıt şəhərində vəfat etmişdir.Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2020 ilin 12 ayının 16 günündə 1965 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi 14 saylı Mənzil Kommunal sahəsinin xx.xx.2025-ci il tarixli, 672 nömrəli ətraflı arayışından görünür ki, Sumqayıt şəhər 9 mkr,ev 73a mənzil 17, 3 otaqlı, sahəsi 39,60 kv.m olan mənzilə İddiaçı 2005-ci ildə bu ünvana gəlin gəlmiş və halhazırda uşaqları ilə bu ünvanda yaşayır.Qayınatası - X14 - xx.xx.2016-cı ildə vəfat etmişdir.Qayınanası - X6 – 1939.Həyat yoldaşı - X10 - 2000-ci ildə vəfat etmişdir.Qaynı - X21 – 1968 vəfat etmişdir. Qızı - X19 – 2006. Oğlu - X28 - 2009 İş materiallarında olan xx.xx.2025-ci il tarixli aktdan görünür ki, 9 mik, ev 73a-da mən 13-də yaşayan qonşu X15, mənzil 16-da yaşayan X13 və 14 saylı MKS-da uzun müddətli mühəndis işləyən X16 bu aktı tərtib etmişdirlər ki, ondan ötrü ki, həqiqətən mərhum X14 1993-cü ildən ailə üzvləri ilə birlikdə 9 mik ev 73a mən 17-də məskunlaşmışdırlar.2005-ci ildən İddiaçı Məmməd qızı bu ailəyə gəlin gəlmiş öladları X19, X12 ilə birlikdə yaşamış və hal-hazırda bu ünvanda yaşayır. İş materiallarında olan AZ-İ seriyalı, 404502 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki,X10 və İddiaçı xx.xx.2008-ci ildə nikahlarını bağlamışdırlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2008 ilin may ayının 08 günündə 459 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan AZ-İ seriyalı, 910323 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 24 sentyabr 2006-cı il təvəllüdlü X19 Bakı şəhərində doğulmuşdur.X1, anası İddiaçıdır. İş materiallarında olan AZ-İİ seriyalı, 381326 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 12 dekabr 2009-cu il təvəllüdlü X12 Bakı şəhərində doğulmuşdur.X1, anası İddiaçıdır. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyətinin 16 dekabr 2025-ci il tarixli sorğuya cavabından görünür ki, ərazi üzrə 14 saylı MKS-nin 693 saylı, 1693 saylı, xx.xx.2025-ci il tarixli arayışına əsasən 3 otaqlı ünvan 5, mənzil 17, Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansındadır və mənzilə dair hər hansı hüquqmüəyyənedici sənəd (order, sərəncam və protokol) mövcud deyildir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyətinin 16 dekabr 2025-ci il tarixli rəyindən görünür ki, İddiaçı iddia ərizəsində Ağdam rayonundan məcburi köçkün olan X10 ilə 2005-ci il tarixdə faktiki, xx.xx.2008-ci il tarixdə isə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurduğunu və 2005-ci ildə Ağdam rayonundan məcburi köçkün olan qaynatası X7 məskunlaşdığı ünvan 5 ünvanında yerləşən 17 saylı mənzilə gəlin köçdüyünü bildirmişdir. Ərazi üzrə 14 saylı Mənzil Kommunal Sahəsi tərəfindən verilmiş 679 saylı xx.xx.2025-ci il tarixli ətraflı arayışa əsasən məlum olmuşdur ki, iddiaçının Ağdam rayonundan məcburi köçkün olan qaynatası X14 1993-ci ildən 4 nəfər (özü, arvadı-X6, oğlu - X10, digər oğlu X21) ailə tərkibi ilə yaşayış sahəsi 39,60 kvadratmetrdən ibarət 3 otaqlı ünvan 5, mənzil 17-də (qonaq evi) məskunlaşmış, İddiaçı isə 2005-ci ildə həmin ünvana gəlin köçmüş və hazırki vaxta kimi 2 övladı ilə birgə qeyd edilən ünvanda yaşayır.İddiaçı qaynatası X14 2016-cı ildə, həyat yoldaşı X10 2020-ci ildə vəfat etmişdir. Ərazi üzrə 14 saylı MKS-nin 693 saylı, xx.xx.2025-ci il tarixli arayışına əsasən 3 otaqlı ünvan 5, mənzil 17 Mənzil Kommunal Təsərrüftatı İstehsalat Birliyinin balansındadır və mənzilə dair hər hansı hüquqmüəyyənedici sənəd (order, sərəncam və protokol) mövcud deyildir.14 saylı Mənzil Kommunal Sahəsinin 02 dekabr 2025-ci il tarixli aktına əsasən İddiaçı hazırda 3 nəfər (özü, qızı və oğlu) ailə tərkibi ilə mübahisələndirilən ünvan 5, mənzil 17-də yaşayır.İddiaçı Bakı şəhəri Suraxanı rayonu, Zığ qəsəbəsi, Rövşən Göyüşov küçəsi, ev 183-də, 2016-cı il təvəllüdlü qızı Əsədli sədli Arzu Bəxtiyar qızı və 2009-cu il təvəllüdlü oğlu X12 isə ünvan 6 ünvanında qeydiyyatdadırlar. Qeyd edilənlər nəzərə alınaraq, İddiaçı ünvan 5, mənzil 17-ə istifadə hüququnun tanınması tələbinə dair iddiasına baxılmasını məhkəmə mülahizəsinə təqdim edirlər. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi 14 saylı Mənzil Kommunal sahəsinin xx.xx.2025-ci il tarixli, 674 nömrəli arayışdan görünür ki, İddiaçı ünvan 5, mənzil 17 ünvanına 1993-cü ildə ailəsi ilə məskunlaşmışlar və 2005-ci ildən qeydiyyatsız yaşayır. İş materiallarında olan Daxili İşlər Nazirliyinin ******* nömrəli, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı 04 aprel 2023-cü il tarixdən Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Rövşən Göyüşöv küçəsi, ev 183-də qeydiyyatdadır. İş materiallarında olan Daxili İşlər Nazirliyinin ******* nömrəli, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X19 22 aprel 2016-cı il tarixdən Ağdam rayonu, ünvan 6-də qeydiyyatdadır. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi 14 saylı Mənzil Kommunal sahəsinin xx.xx.2025-ci il tarixli, 687 nömrəli arayışdan görünür ki, İddiaçı ünvan 5, mənzil 17-də yaşayır və məcburi köçkün kimi məskunlaşmışdırlar. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi 14 saylı Mənzil Kommunal sahəsinin xx.xx.2025-ci il tarixli, 693 nömrəli arayışdan görünür ki, ünvan 5, mənzil 17 Sumqayıt şəhər İcra Hakimiyyəti yanında MKTBİ balansındadır və 17 saylı mənzilə dair hər hansı bir sənəd (order,çıxarış,protokol)mövcud deyil. İş materiallarında olan AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 5, mənzil 17 X2 adına qeydiyyata alınmışdır. İş materiallarında olan 2013-cü il tarixli ərizələrdən görünür ki, X3,X8,X4,Niftəliyev Şahzadə Həzərəli oğlu ünvan 5, mənzil 17-nin X2 adına özəlləşdirilməsinə razı olmuşdurlar. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi 14 saylı Mənzil Kommunal sahəsinin xx.xx.2026-cı il tarixli, 89 nömrəli arayışından görünür ki,bina Ü.Hacıbəyov küçəsinin 1-ci girişində yerləşir və özəlləşməmişdir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi 14 saylı Mənzil Kommunal sahəsinin xx.xx.2026-cı il tarixli, 90 nömrəli arayışından görünür ki, X5 Z.Hacıyev küçəsinin 2-ci girişində yaşayır. ünvan 5, mənzil 17 özəlləşdirilmişdir. İş materiallarında olan AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2026-cı il tarixli daşınmaz əmlakın hüquqi rejimi barədə məlumatdan görünür ki, ünvan 5 ünvanında yerləşən 17 saylı mənzil Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Mənzillərin qeydiyyatı, dəyişdirilməsi və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş xx.xx.1986-ci il tarixli 14/974 nömrəli order, Sumqayıt Şəhər İcra Hakimiyyəti MTİİB 14 saylı Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli 2070 nömrəli mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) əsasında X2 adına qeydiyyata alınaraq qeydiyyat vəsiqəsi verilmiş, sonradan xx.xx.2014-cü il tarixində **********83-05101-093015 reyestr və ********** qeydiyyat nömrəli çıxarışla dəyişdirilmişdir. İş materiallarında olan AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2026-cı il tarixli məktuba cavabdan görünür ki, ünvan 4 ünvanında yerləşən 17 nömrəli mənzil daşınmaz əmlakır il daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyətinin 12 fevral 2026-cı il tarixli yaşayış binasının sıra nömrəsinə düzəliş edilməsi barədə sərəncamdan görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon, Ü.Hacıbəyov küçəsində yerləşən 9 mərtəbəli, 1 girişli, 18 mənzilli yaşayış binası "73 A" kimi deyil, "73 B" kimi hesab edilməsi qərara alınmışdır. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi 14 saylı Mənzil Kommunal sahəsinin xx.xx.2026-cı il tarixli, 123 nömrəli arayışından görünür ki, Ü.Hacıbəyov küçəsində yerləşən 9-cu mikrorayon ev 73 B saylı binanın 17-ci mənzilində X22 2005-ci il tarixindən yaşayır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı 2005-ci ildən indiyədək faktiki olaraq həmin mənzildə digər ailə üzvləri ilə birlikdə yaşayır və onlarla birgə təsərrüfat aparır. Qeyd edilən halları iş üzrə nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı ünvan 3 ünvanında yerləşən 17 saylı mənzilinə gəlin köçərkən mənzilin mülkiyyətçisinin ailə üzvü hesab edilməklə, həmin mənzilə münasibətdə digər ailə üzvləri ilə birlikdə eyni hüquqlara və vəzifələrə malikdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Mülki Prosessual Məcəllənin 76, 77, 88 və 89-cu maddələrinə uyğun olaraq, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Bütün bunları nəzərə alan məhkəmə iddia tələbinin təmin olunmasına maneçilik görmür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2026-cı il tarixli məktuba cavabdan görünür ki, ünvan 4 ünvanında yerləşən 17 nömrəli mənzil daşınmaz əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 73B, 17 saylı mənzili dövlət mənzil fondu olmaqla, cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətina məxsusdur. Cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinin iddia tələbinə münasibətdə etirazı olmamaqla, iddia tələbini qəbul etməsinə dair məhkəməyə rəsmi qaydada məktub göndərilmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi digər şəxslər hüquqlarını pozmayaraq, iddia tələbinin əsaslı olması qənaətinə gəlməsinə əsas vermişdir. Mülki Məcəllənin 228.2-ci maddəsindən irəli gələn tələblərin mahiyyəti ondan ibarətdir ki, o, ailə üzvlərinin və digər şəxslərin mənzildən istifadə etmək və mülkiyyət məsələlərinin hüquqi cəhətdən hərtərəfli həllinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Kozacıoğlu Türkiyəyə qarşı” işi üzrə Böyük Palatanın 19 fevral 2009-cu il tarixli qərarında qeyd olunur ki, mülkiyyətə hörmət hüququna müdaxilə ümumi ictimai maraq tələbləri və şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” təşkil etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində təsbit edilmişdir ki, şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. Məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, həmçinin cavabdehin iddiaçının sözügedən mənzilə isifadə hüququnun tanınmasına razılığını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilərək İddiaçı ünvan 9 ünvanında yerləşən 17 saylı mənzilinə istifadə hüququ tanınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbində dövlət rüsumu ilə bağlı hər hansı tələb olmadığından ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı ünvan 4 ünvanında yerləşən 17 saylı mənzilinə istifadə hüququ tanınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar