Məhkəmə qərarları › İş №e-2(060)-723/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-723/2023

19.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-723/2023 19.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X1 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı müqavilənin ləğvi və kredit borcunun tutulması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, İK № 046/İK-21 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, həmin kredit müqaviləsi üzrə cavabdehin iddiaçıya olan 1857,35 manat əsas, 232,76 manat faiz, 483,49 manat cərimə borcu olmaqla, cəmi borcu 2573,6 manat məbləğində borcun və ödənilmiş 45,51 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının “Sumqayıt” filialı ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-cu il tarixli, İK № 046/İK-21 saylı kredit müqaviləsi üzrə illik faiz dərəcəsi 21%, olmaqla 24 ay müddətinə 2500 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərə və müqavilənin şərtlərinə riayət etməmiş, müqavilə üzrə tələbləri davamlı şəkildə pozmuşdur. Cavabdehin xx.xx.2022-ci il tarixinə iddiaçıya 1857,35 manat əsas, 232,76 manat faiz, 483,49 manat cərimə borcu olmaqla, cəmi borcu 2573,60 manat təşkil edir. Bununla əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş və cavabdehə göndərilmiş pretenziya məktubu da cavabsız qalmışdır. Odur ki, kredit borcu və kredit borcuna hesablanmış faiz borcu cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və iş üzrə icraat ekspertin rəyi alınanadək dayandırılmışdır. xx.xx.2023-cü il tarixində iş üzrə ekspertin rəyi məhkəməyə daxil olmuş və iş üzrə icraat təzələnmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında bildirdi ki, banka yaxınlaşmış, lakin aralarında razılıq əldə olunmamışdır. O, faiz borcu ilə razı deyil. Faiz borcu həddən artıq şişirdilib. Qeyd edilənlərə əsasən cavabdeh iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, cavabdeh xx.xx.1989-cu ildə, ünvan 1 ünvanında qeydiyyatdadır. Tərəflər arasında bağlanmış xx.xx.2021-cu il tarixli, İK № 046/İK-21 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə illik faiz dərəcəsi 21%, olmaqla 24 ay müddətinə 2500 manat məbləğində kredit verilmişdir. Həmin məbləğdə kreditin cavabdehə verilməsini eyni tarixli kassa məxaric orderi də təsdiq edir. xx.xx.2021-ci il tarixli ödəniş qrafikinə əsasən cavabdeh hər ay 128,46 manat, sonuncu ay isə 128,57 manat ödəniş etməli idi. İşdən görünür ki, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə cavabdehə xəbərdarlıq (pretenziya) göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/1934 saylı ekspert rəyində göstərilmişdir ki, cavabdehin məhkəməyə müraciət olunduğu xx.xx.2022-ci il tarixinə əsas borc üzrə 1958,09 manat, faiz borcu üzrə 73,10 manat borcu mövcuddur. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 45,51 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). İşdən göründüyü kimi tərəflər arasında kredit müqaviləsi bağlanmış və iddiaçı tərəfindən cavabdehə 2500 manat məbləğində kredit verilmişdir. Mülki Məcəllədə göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Göründüyü kimi cavabdeh iddiaçıkredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və kredit müqaviləsi üzrə borcunu müqaviləyə əsasən ödəməmişdir. Cavabdehin banka olan borcunun dəqiq müəyyənləşdirilməsi üçün iş üzrə ekspertiza təyin edilmiş və ekspert rəyində rəyində cavabdehin məhkəməyə müraciət olunduğu xx.xx.2022-ci il tarixinə 1958,09 manat əsas və 73,10 manat faiz borcunun olduğu göstərilmişdir. İş üzrə verilmiş ekspert rəyində cavabdehin əsas borcu iddia ərizəsində göstərilən məbləğdən çox, faiz borcu isə bir qədər az göstərilmişdir. Bu səbəbdən iddia ərizəsində göstərilən məbləğdə əsas və ekspert rəyində göstərilən faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Məcəllədə həmçinin göstərilmişdir ki, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür (421.1.). Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur (421.2.). İşdən göründüyü kimi cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş və müqavilənin şərtlərini pozmuşdur. Bu səbəbdən tərəflər arasında bağlanmış kredit müqaviləsi ləğv edilməlidir. Məhkəmə dəbbə pulu ilə bağlı aşağıdakıları qeyd edir. Mülki Məcəlləyə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (462.1.). Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir (467). Məhkəmə hesab edir ki, 1857,35 manat əsas borc məbləğinə 483,49 manat cərimənin hesablanaraq cavabdehdən tələb edilməsi zamanı iddiaçı tərəfindən əsas borcla cərimə məbləği arasında tənasüb gözlənməmişdir. Bu səbəbdən məhkəmə cərimə məbləğinin azaldılaraq 100 manat məbləğində müəyyən edilməsini daha ədalətli hesab edir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyi üçün iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 45,51 manat dövlət rüsumunun 30 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda iş üzrə təyin edilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir ki, həmin məbləğ cavabdehdən dövlət büdcəsinin xeyrinə tutulmalıdır. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, İK№ 046/İK- 21 saylı kredit müqaviləsi ləğv edilsin. Əsas borc üzrə 1857,35 manat, faiz borcu üzrə 73,10 manat, cərimə üzrə 100 manat olmaqla, cəmi 2030 (iki min otuz) manat 45 (qırx beş) qəpik məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar