Məhkəmə qərarları › İş №e-2(060)-7230/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-7230/2023

04.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-7230/2023 04.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X2 Fikrət qızının sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı X1-Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc tələbi” iddiasına dair sadələşdirilmiş icraat üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X1-Bank Kredit Təşkilatı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 1391.61 manat, faiz borcuna görə 191.00 manat, cərimə borcuna görə 156.86 manat, cəmi 1739.47 (min yeddi yüz otuz doqquz manat, qırx yeddi qəpik) manat məbləğində borcun və 37.4 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı MMM QBKT-nın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMM QBKT ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli **********1385 saylı kredit müqaviləsinə əsasən borcluya ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 28.00% faiz dərəcəsi olmaqla 18 ay müddətinə 2000 (iki min manat) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 138 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği Kredit Alana nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard” adı qeyd edilmiş, kredit kartında təqdim edilir. Həmçinin, kredit müqaviləsinə üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********1385 - 594807 saylı Zaminlik müqaviləsi ilə Cavabdeh2 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən, Zamin, Kredit Alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh, Cavabdeh1 oğlu üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2023-cü il tarixinə olan Maliyyə arayışına əsasən Cavabdeh1 oğlunın əsas borc üzrə 1391.61 manat, faiz borcuna görə 191.00 manat, cərimə borcuna görə 156.86 AZN, cəmi 1739.47 (min yeddi yüz otuz doqquz manat, qırx yeddi qəpik) manat təşkil edir. Kredit Müqaviləsinin 6.2ci bəndinə əsasən Kredit verən tərəindən kreditin vaxtından əvvəl ödənilməsi haqqında tələbin verilməsindən sonra Kredit alan 10 iş günü ərzində krediti və ona aid digər ödənişləri ödəmədikdə, Kredit verən məhkəmə orqanlarına müraciət edəcəkdir. Lakin bu tələbin Kredit alana təqdim edilməməsi Kredit verənin dərhal və birbaşa məhkəməyə müraciət etmək hüququnu heç bir halda məhdudlaşdıra bilməz. Müqavilənin bu müddəası heç bir halda tərəflər arasında məhkəməyə qədər mübahisələrin həlli qaydasının razılaşdırılması kimi təfsir edilə bilməz. Odur ki, İddiaçı X1-Bank Kredit Təşkilatı məhkəmədən iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Barəsində sadələşdirilmiş qaydada kiçik iddia daxil olmuş Cavabdeh1 və N.Nümayəndə iddia tələbi barədə bildiriş göndərilmiş, lakin onlar tərəfindən həmin iddia ilə bağlı nəzərdə tutulmuş müddət ərzində etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, № **********1385 saylı “Kredit Müqaviləsin”dən görünür ki, Bank tərəfindən Cavabdeh1 18 ay müddətinə, illik 28% dərəcəsi ilə 2000 (iki min) manat məbləğində kredit verilmişdir. xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən öhdəliyin icrasının əsas təminatı kimi cavabdeh (zamin) Cavabdeh2 ilə İddiaçı X1 Bank Kredit Təşkilatı arasında xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsi imzalanmışdır. Zaminlik müqaviləsinin 2.1-ci bəndinə görə zamin kreditor qarşısında borcalan tərəfindən xx.xx.2022-ci il tarixli, № **********1385 saylı kredit müqaviləsinin şərtlərinin yerinə yetirilməsinə görə borcalanla eyni dərəcədə cavabdehlik daşıyır. İşdə olan İddiaçı MM QBKT-nin xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı MM QBKT-yə xx.xx.2022-ci il tarixli, **********1385 saylı kredit müqaviləsi üzrə 1391,61 manat əsas, faiz borcu üzrə 191 manat, cərimə borcuna görə 156,86 manat olmaqla, cəmi 1739,47 (bir min yeddi yüz otuz doqquz manat 47 qəpik) manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, lakin cavabdehlər kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmişdir və nəticədə onun iddiaçının qarşısında əsas borc üzrə 1391,61 manat, kredit müqaviləsinə əsasən hesablanmış 191 manat faiz borcu üzrə edilməmiş pul öhdəliyi yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Azərbaycan Respublikası Mülki Məcəllənin 448-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanılması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə onların vəziyyətini daha ağırlaşdırdığını, habelə iddiaçının əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, 156,86 manat məbləğində dəbbə pulu (penya) tənasübsüz surətdə yüksəkdir, odur ki, cərimə pulu (penya) azaldılaraq 15 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 1391,61 (bir min üç yüz doxsan bir manat 61 qəpik) manat, faiz borcu üzrə 191 (bir yüz doxsan bir) manat, cərimə borcu üzrə 15 (on beş) manat, cəmi 1597,61 (bir min beş yüz doxsan yeddi manat 61 qəpik) manat məbləğində borcun və 37,4 (otuz yeddi manat 40 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı MM QBKT-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar