Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-724/2025 10.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1 Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 19630.75 manat əsas və 2635.38 manat faiz borcu olmaqla, cəmi 22266.13 manat borcun və ödənilmiş 157.20 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanılmış xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 59 ay müddətinə, illik 25.9% faizlə, 19800 manat məbləğində kredit verilmişdir. Cavabdeh həmin məbləği ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini vaxtlı vaxtında yerinə yetirməmiş, ona edilən xəbərdarlıqlara baxmayaraq borcunu gecikdirmiş, ödəniş etməmiş və beləliklə, müqavilənin şərtlərini pozmuşdur. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək, ərizə ilə eyni məzmunlu izahat verdi və tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, tələbin dəqiqləşdirilməsi barədə ərizə vermişlər. Çünki məhkəməyə verildikdən sonra cavabdeh tərəfindən 100 manat, 80 manat və 80 manat ödənişlər edilmişdir. Ona görə də iddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin ödədiyi məbləğlər faizlərdən silinmişdir. Aylar ərzində ödənişlər olmamışdır. Ödənilən məbləğlər isə faizlərə silinmişdir. Məhkəməyə müraciət etdikdən sonra faizlərin hesablanması dayanmır. Keçən iclasda iştirak edən nümayəndələri bildirmişdir ki, faizlər artacaqdır. Çünki hər ay faiz hesablanır. Faizlərin hesablanması məhkəmə qətnaməsindən sonra hesablanmır. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddia tələbini qəbul edərək bildirdi ki, onda aylıq 80 manat müavinətdir. 7 və yaxud 8 ay olar ki, həy ay ödənişlər çıxılmışdır. Hazırda işi də yoxdur. 11 aydır ki, işləmir. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Tərəflər arasında bağlanılmış xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 59 ay müddətinə, illik 25.9% faizlə, 19800 manat məbləğində kredit verilmişdir və cavabdeh öz öhdəliyini tam şəkildə yerinə yetirməyi öhdəsinə götürmüşdür. - Ödəniş cədvəlindən görünür ki, cavabdeh hər ay 596.61 manat, sonuncu ay isə 595.16 manat ödəniş etməlidir. - xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 19630.75 manat əsas borc, 2635.38 manat faiz borcu, cəmi 22266.13 manat borcu vardır. - Xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdeh borcun qaytarılmasına dair xəbərdar edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında bağlanılmış xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 59 ay müddətinə, illik 25.9% faizlə, 19800 manat məbləğində kredit verilmişdir. Cavabdeh həmin məbləği ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini vaxtlı vaxtında yerinə yetirməmiş, ona edilən xəbərdarlıqlara baxmayaraq borcunu gecikdirmiş, ödəniş etməmiş və beləliklə, müqavilənin şərtlərini pozmuşdur. Nəticədə cavabdehin iddiaçıya 19630.75 manat əsas və 2635.38 manat faiz borcu yaranmışdır. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh iddiaçıdan aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini icra etməmişdir. Ona görə də iddiaçının kredit müqaviləsi üzrə əsas və faiz borcunun cavabdehdən tutulması hissədə iddia tələbi təmin edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməli, cavabdehdən ödənilmiş 157.20 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 19630.75 manat əsas və 2635.38 manat faiz borcu olmaqla, cəmi 22266.13 manat borc və ödənilmiş 157.20 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №e-2(060)-724/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-724/2025
10.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver