Məhkəmə qərarları › İş №e-2(060)-726/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-726/2024

05.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-726/2024 05.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı X1 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi vəkil Nümayəndə, Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil2 iştirakı ilə İddiaçı X1 Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X4 Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan olan uşaqları xx.xx.2021-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh alınıb ona verilməli olan aliment məbləğinin artırılaraq hər ay sabit pul məbləğində 235 (iki yüz otuz beş) manat müəyyən edilməsi və tərəfindən təktərəfli qaydada ödənilmiş 60 (altmış) manat mediasiyaya dair xərcin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X4 iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-2686/2021 nömrəli qətnaməsinə əsasən, onunla Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə Sumqayıt “Asan Xidmət” Mərkəzi Qeydiyyat şöbəsində bağlanmış 2946 akt qeydli nikahın pozulması, tərəflərin birgə nikahlarından olan xx.xx.2021-ci il təvəllüdlü X5 boşanmadan sonra iddiaçı – X3 yanında qalması, Cavabdeh iddiaçı X3 xeyrinə xx.xx.2021-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay 100 (yüz) manat və xx.xx.2021-ci il təvəllüdlü X5 03 (üç) yaşı tamam olanadək hər ay 30 (otuz) manat sabit pul məbləğində alimentin tutulması, Cavabdeh iddiaçı X3 hamiləliyi dövrü üçün, yəni xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək hər ay 100 manat məbləğində alimentin tutulması qət edilmişdir. Bildirir ki, uşağın aylıq aliment məbləği çox aşağıdır və uşağın qida, geyim, məktəbəqədər hazırlıq və digər tələbatlarını ödəmir. Belə ki, oğlum uşaq bağçasına gedir. Qidaların bir qismi dövlət tərəfindən verilsə də, digər qismi valideynlər tərəfindən təmin edilməlidir. Lakin, cavabdeh bu təminatlardan kənarda qalmışdır. Eyni zamanda uşaq böyüdükcə onun saxlanılması xərcləri də artır. Bura qidalanma, geyim, uşağın bağçaya aparılıb-gətirilməsi üçün nəqliyyat xərcləri və s. daxildir. Cavabdehə çəkilməsi zəruri olan xərclərdə könüllü olaraq iştirak etməsi barədə dəfələrlə bildirsə də, o buna əhəmiyyət verməmiş və çəkilməsi zəruri olan xərclərdə könüllü olaraq iştirak etməyəcəyini bildirmiş və ancaq aliment məbləğini ödəməklə kifayətlənmişdir. Özü ailəni dolandırmaq üçün tibb bacısı işləyir. Anası rəhmətə gedib. Atası şəkərli diabet xəstəsi olsa da, uşağın saxlanılması xərclərinin bir hissəsinə kömək edir. Qeyd edir ki, görmə məhdudiyyətli nənəsi də onun himayəsindədir. Artıq uşağın minimum tələbatlarının təmin edilməsinə maddi imkanı yol vermir. Həmin minimum tələbatlar isə həm uşağın böyüməsi, həm də qida, geyim, nəqliyyat və s. xərclərin artması səbəbindən artır. Bu isə onun üçün hər gün daha böyük çətinliklər yaradır. Nəticədə azyaşlı X8 uşaqlar üçün “Azərbaycan Respublikası 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununda göstərilən təminatlardan məhrum olur. Yuxarıda qeyd etdiyi kimi, özü halhazırda tibb bacısı işləyir, xəstə valideyninin köməkliyi ilə uşağın sağlamlığı və təhsili ilə bağlı çəkilən bütün xərcləri bu günə kimi o qarşlayır. Cavabdehin verdiyi aliment isə indiki vaxtda uşağın sağlamlığı, təhsili və digər tələbatlarını qismən də olsa ödəmir. Cavabdeh özü könüllü olaraq uşağın sağlamlığı, təhsili üçün çəkilən xərclər ilə bağlı ona əlavə olaraq köməklik etmir. Bundan əlavə verilən aliment hazırki bazar qiymətləri ilə uyğun gəlmir. Təsadüfi deyil ki, 2024-cü ilin yanvar ayının 1-dən etibarən uşaq üçün yaşayış minimumu 235 manat müəyyən edilmişdir. Odur ki, azyaşlı X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh ona könüllü olaraq köməklik etmədiyindən, o, alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı X1 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi vəkil Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, tərəflərin nikahı 2021-ci ildə pozulub. Birgə nikahlarından 2021-ci il təvəllüdlü bir uşaqları var. Həmin uşağın saxlanması üçün cavabdeh cəmi 100 manat aliment ödəyir. Hesab edir ki, bu məbləğ bir uşağın saxlanılması üçün çox aşağıdır. İddiaçı kredit götürərək uşağın təlabatlarını ödəyir, bütün tədbirlərə və əyləncə mərkəzlərinə aparır. Cavabdeh də bu prosesdə iştirak etməlidir. İddiaçı həmçinin cavabdehin uşaqla görüşməsinə də mane olmur. İstənilən vaxt uşağını görə biləcəyini bildirmişdir. İddiaçı uşağına yaxşı baxa bilməsi üçün cavabdehin heç olmasa 200 manat aliment ödəməsini istəyir. Onu da məhkəmənin nəzərinə çatdırır ki, cavabdhein işləməməsi və ya əmək haqqının az olması onu bir valideyn kimi uşağın xərclərində iştirak etmək vəzifəsindən azad etmir. Nümayəndə qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil2 iddia tələbinə dair izahat verərək bildirdi ki, cavabdehin başqa nikahdan daha iki övladı var. Cavabdah aldığı əmak haqqı hesabına çətinliklə özünü və 3 övladını saxlayır. Cavabdeh bu övladı üçün 130 manat məbləğində aliment ödəyə bilər. Eyni zamanda bildirir ki, mediasiya xərcinin yarısını ödəməyə razıdırlar. Nümayəndə qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını, cavabdehin digər övladları üçün aliment ödəməsini və maddi vəziyyətinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur. İşdə olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, ilkin məcburi mediasiya sessiyası üçün 60 (altmış) manat məbləğində mediasiya xərci iddiaçı X4 tərəfindən ödənilmişdir. İşdə olan Sumqayıt şəhər Məhkəməsinin 2(060)-2686/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə Cavabdeh ilə X6 arasında xx.xx.2019-cu il tarixdə Sumqayıt “Asan Xidmət” Mərkəzi Qeydiyyat şöbəsində bağlanmış 2946 akt qeydli nikahın pozulması, tərəflərin birgə nikahlarından olan xx.xx.2021-ci il təvəllüdlü X5 boşanmadan sonra iddiaçı – X3 yanında qalması, Cavabdeh iddiaçı X3 xeyrinə xx.xx.2021-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay 100 (yüz) manat və xx.xx.2021-ci il təvəllüdlü X5 03 (üç) yaşı tamam olanadək hər ay 30 (otuz) manat sabit pul məbləğində alimentin tutulması, Cavabdeh iddiaçı X3 hamiləliyi dövrü üçün, yəni xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək hər ay 100 manat məbləğində alimentin tutulması qət edilmişdir. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş qohumluq məlumatlarından görünür ki, Cavabdeh X9 və X7 adlı daha iki övladı var. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş gəlir məlumatlarından görünür ki, Cavabdeh “Sumqayıt Telekommunikasiya Qovşağında” kabel lehimləyicisi işləyir və 504 manat əmək haqqı alır. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş gəlir məlumatlarından görünür ki, X4 “Milli Hematologiya və Transfuziologiya” X16 Şəxsdə tibb bacısı işləyir və 970.6 manat əmək haqqı alır. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş digər icra işləri barədə məlumatlardan görünür ki, Cavabdeh hər ay 200 manat aliment öhdəliyi barədə icraatda olan icra işi vardır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. - 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. - 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa…habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Göründüyü kimi, qanunverici uşaqların saxlanmasını, onların maddi-məişət tələbatının ödənilməsini uşaqla birgə yaşayıb-yaşamamasından asılı olmayaraq uşağın hər iki valideyninin üzərinə bir vəzifə olaraq qoymuşdur. Uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: tərəflərin maddi və ailə vəziyyəti; diqqətəlayiq digər hallar; uşağın əvvəlki təminatının səviyyəsi. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir (“Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarı). “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə qeyd edir ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-2686/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə alimentin miqdarı müəyyən edildikdən sonra yaşayış minimumu haqqında qanunvericiliyin tələbləri dəyişmiş və uşaqların saxlanılması üçün tələb olunan məbləğ artmışdır. Lakin məhkəmə cavabdehin əmək haqqının məbləğini, başqa nikahdan daha iki övladının olmasını və onların saxlanılması üçün də aliment öhdəliyinin olduğunu nəzərə alaraq hesab edir ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)- 2686/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək, hər ay 150 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarında həmçinin göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırki iş üzrə alimentin artırılmış məbləğinin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarında həmçinin göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırki iş üzrə alimentin artırılmış məbləğinin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. İş materiallarında olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2023-ci il tarixli arayışdan görünür ki, iddiaçı X4 və Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmişlər, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 (50+10) manat məbləğində mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 60 manat mediasiya xərcinin yarısı olan 30 manat Cavabdeh tutularaq iddiaçı X2 ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-2686/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2021-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X2 ödənilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 30 (otuz) manat mediasiya xərci tutularaq iddiaçı X2 ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar