Məhkəmə qərarları › İş №e-2(060)-728/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-728/2024

01.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-728/2024 01.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı əmlaka vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki işə 01 aprel 2024-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçıya vurulmuş maddi ziyanın əvəzi olaraq Cavabdeh 2226 (iki min iki yüz iyirmi altı) manat məbləğində pul vəsaitinin, mediasiya üçün ödənilmiş 60 manat pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2020-ci il tarixli X1 əsasən administrator vəzifəsinə keçirilmiş, onunla həmin tarixdə “Tam maddi məsuliyyət haqqında” Müqavilə bağlanmışdır. Cəmiyyətin xx.xx.2020-ci il tarixli 317 saylı Əmri ilə cavabdeh işdən azad edilmişdir. Cavabdehin administrator (maddi məsul şəxs) olduğu “Oba – Keşlə 4” mağazasında xx.xx.2020-ci il - xx.xx.2020-ci il tarixləri üzrə aparılmış inventarizasiya nəticəsində tərtib edilmiş xx.xx.2020-ci il tarixli “İnventarizasiya nəticələrinə dair Akt”a əsasən cavabdehin Cəmiyyətə 3413,95 manat məbləğində maddi ziyan vurması (çatışmazlıq) aşkar edilmişdir. Həmin inventarizasiya zamanı tərtib edilmiş “İnventarizasiya Siyahısı” və “İnventarizasiya nəticələrinə dair Akt” cavabdeh tərəfindən imzalanmaqla, onun iştirakı ilə aparılmış inventarizasiya prosedurunun və əldə edilmiş nəticələrin, inventarizasiya zamanı tərtib edilmiş rəsmi sənədlərin düzgünlüyünü təsdiq etmiş, habelə qeyd edilən yoxlama ilə bağlı inventarizasiya komissiyasına heç bir iradının olmadığını ifadə etmişdir. Cəmiyyətin xx.xx.2023-cü il tarixli Maliyyə Arayışından və xx.xx.2023-cü il tarixli, 186 saylı “Təbii itki normalarının tətbiqi haqqında” Əmrindən göründüyü kimi, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra Cavabdeh yekun olaraq qalıq borcu 2226 manat təşkil edir. Qalıq borcunun ödənilməsi barədə cavabdehə dəfələrlə müraciətlər edilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəm iclasında iştirak edən İddiaçı MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, cavabdeh dəymiş ziyanla bağlı akt imzalamışdır. Nümayəndə qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildirişə və sənədin elektron kabinetə yerləşdirilməsinə dair çıxarışa əsasən) bildiriş göndərilsə də, o məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci və 185.6-cı maddələrinə əsasən məhkəmə işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarına əlavə olunmuş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 (əlli) manat məbləğində mediasiya xərci İddiaçı MMC-nin nümayəndəsi tərəfindən ödənilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixindən etibarən Cəmiyyətin Satış Departamentinin Satış şöbəsinə satıcı-kassir vəzifəsinə işə qəbul edilməsini xahiş etmişdir. İşdə olan xx.xx.2020-ci il tarixil 021-K saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh Cəmiyyətin Satış Departamentinin Satış şöbəsinə xx.xx.2020-ci il tarixindən etibarən satıcıkassir vəzifəsinə keçirilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdən etibarən Satış 4 Şöbəsinə Administrator vəzifəsinə keçməyinə etiraz etmədiyini bildirmişdir. İşdə olan xx.xx.2020-ci il tarixil 039-K saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh Cəmiyyətin Satış Departamentinin Satış şöbəsinə xx.xx.2020-ci il tarixindən Administrator vəzifəsinə keçirilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli, 317 saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) xitam verilmişdir. İşdə olan İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İmaməli oğlu ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında, xx.xx.2020-ci il tarixində 3413.66 (üç min dörd yüz on üç manat, 66 qəpik) AZN kənarlaşma müəyyən edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdə qalıq kənarlaşma məbləği əskikgəlmələrə görə Ümumi olaraq 2226 (iki min iki yüz iyirmi altı m anat, 0 qəpik) AZN borc qalmışdır. Beləliklə, Cavabdeh İmaməli oğlunun 08 oktyabr 2023-cü il tarixinə "xxxx" MMC-ə olan ümumi 2226 (iki min iki yüz iyirmi altı m anat, 0 qəpik) AZN təşkil edir. İşdə olan xx.xx.2023-cü il tarixli, 186 nömrəli əmrdən görünür ki, həmin əmrlə "xxxx" MMC-nin mağazalarında keçirilən inventarizasiya yoxlamalarının sonunda aşkarlanan yekun nəticələrin "Təbii itki normaları" çıxıldıqdan sonra yerdə qalan kənarlaşma hissəsi maddi məsul şəxs administrator Cavabdeh İmaməli oğlundan tələb olunması, "Təbii itki norması" satış dövriyyəsinin 0.45 faizi müəyyən edilməsi, Daxili Nəzarət Departamenti və Ümumi işlər şöbəsinin bu əmrdən irəli gələn məsələlərin həll edilməsini təmin etməsi əmr edilmişdir. İş materialarında olan xx.xx.2020-ci il tarixdə təsdiq edilmiş “Aktivlər üzrə İnventarizasiya Nəticələrinə” dair Oba Keşlə 4 mağazasında xx.xx.2020-ci tarixl inventarizasiya siyahısı ilə aparılmış yoxlamanın nəticələri barədə aktdan görünür ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 79 günü əhatə edən yoxlama dövrü üçün 3413,66 manat çatışmazlıq müəyyən edilmişdir. Akt maddi-məsul şəxs kimi Cavabdeh tərəfindən imzalanmışdır. Məhkəmə iş materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı MMC-də tam maddi məsul şəxs kimi işə qəbul olunmuşdur. Onun tam maddi məsul şəxs olduğu dövrdə təftiş yoxlaması həyata keçirilmiş, nəticədə çatışmazlıq müəyyən edilmişdir. İddiaçı tərəfindən cavabdehə müvafiq güzəşt olunaraq dəymiş ziyanın əvəzində ondan 2226 manat pul tələb olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (21.1). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci və 1096.2-ci maddələrinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iş materialları, Cavabdeh özü tərəfindən imzalanmış sənədlərlə, o cümlədən xx.xx.2020-ci il tarixli aktla Cavabdeh İddiaçı MMC-yə 2226 manat məbləğində ziyan vurduğu öz təsdiqini tapdığından Cavabdeh iddiaçıya vurduğu ziyana görə 2226 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı iddia tələbinin əsası kimi istinad edən halları sübut edə bildiyindən iddia tələbi təmin edilməli, Cavabdeh 2226 manat məbləğində pul tutularaq iddiaçıya verilməlidir. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı tərəfindən ödənilən 60 (50+10) manat mediasiya xərci də cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə 2226 (iki min iki yüz iyirmi altı) manat borc və ödənilmiş 60 (altmış) manat mediasiya xərci tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar