Məhkəmə qərarları › İş №e-2(060)-7284/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-7284/2025

28.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-7284/2025 28.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iş üzrə (açar sözlər: borcun tutulması) Giriş hissə: Hakim İmamverdiyeva Pərvin Arif qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: a) iddia tələbi

1. İddiaçı cavabdehə qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 41010AZNFK********** saylı kredit kartı hesabı üzrə overdraft əməliyyatına əsasən 420.88 (dörd yüz iyirmi manat səksən səkkiz qəpik) manat əsas borc olmaqla, cəmi 420.88 (dörd yüz iyirmi manat səksən səkkiz qəpik) manat məbləğində borcun və iddia verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun İddiaçı ASCnin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC (bundan sonra “Bank”) ilə Cavabdeh (bundan sonra “Borclu”) arasında xx.xx.2021-ci il tarixində Bank xidmətlərinin göstərilməsinə dair X1 xx.xx.2020-ci il tarixli 1.1.3 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə GTC-27530İB/2021 saylı Razılıq ərizəsi imzalanmışdır. X2 ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş Ümumi Şərtlər toplusunda qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Ümumi şərtlər toplusu çərçivəsində Bank tərəfindən Cavabdeh 41010AZNFK********** saylı kart hesabı açılmışdır. Sonradan müştəri tərəfindən həyata keçirilmiş overdraft əməliyyatlarına əsasən aşağıda qeyd olunan əsaslarla cavabdehin borcu yaranmışdır. Belə ki, overdraftın yaranması ilə bağlı bildirilir ki, Müştəri tərəfindən xx.xx.2022-ci il tarixində 610 azn vəsait C2C (card to card) vasitəsilə köçürülmüşdür. Lakin, Milli kart tərəfində yaşanan texniki xəta nəticəsində vəsait müştərinin hesabından silinməmiş, qarşı tərəfin hesabına mədaxil olunmuşdur. Daha sonra Milli kart tərəfindən xx.xx.2022-ci il tarixində silinmə faylı göndərilmiş, lakin vəsait silinmə əvəzinə müştərinin hesabına mədaxil olunmuşdur. Daha sonra xx.xx.2022-ci il tarixində düzgün fayl göndərilmiş və vəsaitlər müştərinin hesabından silinmişdir. Lakin müştəri vəsaiti artıq istifadə etdiyindən, hesab mənfiyə enmiş və overdraft borcu formalaşmışdır. Qeyd edilən əməliyyatların aparılması cavabdehin bank hesabında öz əksini tapmışdır. Belə ki, X1 Ödəniş Kartı bölməsi üzrə Karta dair ümumi məlumatlarının 2.11-ci bəndinə əsasən, Kart üzrə texniki overdraft, yəni məzənnə fərqi, üçüncü tərəflərə gələcəkdə ödəniş edilməsi üçün Müştəri tərəfindən kart məlumatları daxil edildikdə, lakin ödəniş vaxtı hesabda vəsait olmadıqda və ya digər səbəblərdən mənfi balansa keçməsi halı baş verərsə, bu zaman, bu növdən olan kart üzrə Bankın mövcud cərimə faizləri tətbiq olunacaq. Cərimə faizləri möhlət müddəti tətbiq olunmadan, texniki overdraft halının baş verdiyi gündən hesablanmağa başlayır. Texniki overdraft nəticəsində yaranmış borcun (əsas, faiz, cərimə və s.) ödənilməsinə görə məsuliyyəti Müştəri daşıyır. Bank tərəfindən Borcalana xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Borcalan Cavabdeh xx.xx.2025-ci il tarixə İddiaçı ASC qarşısında öhdəlikləri aşağıdakı kimidir: - 41010AZNFK********** saylı kart hesabına əsasən 420.88 (dörd yüz iyirmi manat səksən səkkiz qəpik) manat əsas borc olmaqla, cəmi 420.88 (dörd yüz iyirmi manat səksən səkkiz qəpik) manat təşkil edir, gecikmə günlərinin sayı – 912 gündür.

b) iddiaya etiraz

3. Cavabdeh tərəfindən iddia tələbinə etiraz daxil olmamışdır.

c) məhkəmə icraatı iştirakçılarının izahatları

4. Məhkəmə iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və iddia tələbinin təmin edilməsini xahiş etdi.

5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (sənədin elektron kabinetə yerləşdirilməsinə dair çıxarışa əsasən) xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Əsaslandırıcı hissə:

a) mülki işin materialları

6. xx.xx.2021-ci il tarixli, GTC-27530İB/2021 saylı Razılıq ərizəsindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixində Bank xidmətlərinin göstərilməsinə dair X1 xx.xx.2020ci il tarixli, 1.1.3 nömrəli versiyasının şərtlərini qəbul etmişdir.

7. xx.xx.2021-xx.xx.2025-ci illəri əhatə edən hesabdan çıxarışdan görünür ki, müştəri Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixində 610 Azn vəsait C2C (card to card) vasitəsilə köçürülmüş, Milli kartda yaranmış texniki xəta nəticəsində vəsait müştərinin hesabından silinməmiş, qarşı tərəfin hesabına mədaxil olunmuş, Milli kart tərəfindən xx.xx.2022-ci il tarixində silinmə faylı göndərilmiş, lakin vəsait silinmə əvəzinə müştərinin hesabına mədaxil olunmuş, daha sonra xx.xx.2022-ci il tarixində düzgün fayl göndərilmiş və vəsaitlər müştərinin hesabından silinmiş, lakin müştəri vəsaiti artıq istifadə etdiyindən, hesab mənfiyə enmiş, nəticədə qalıq 420.88 manat məbləğində overdraft borcu yaranmışdır.

8. xx.xx.2025-ci il tarixli, xəbərdarlıq məktubundan görünür ki, yaranmış borcu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh yazılı bildiriş ünvanlanmışdır.

9. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2025-ci il tarixə cəmi 420.88 manat borcu mövcuddur.

b) mülki iş üzrə tətbiq edilən hüquq

10. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır;

Məhkəmənin mövqeyi

12. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, kart hesabı müqaviləsi ilə bağlı öhdəliyi pozaraq, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə iddiaçıya olan borcunu ödəməlidir.

13. Bu mənada məhkəmə iddiaçı tərəfin dəlilləri ilə razılaşır.

14. Belə ki, işin hallarından görünür ki, müştəri Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixində 610 manat məbləğində vəsait C2C (card to card) vasitəsilə köçürülmüş, lakin texniki xəta nəticəsində vəsait müştərinin hesabından silinməmiş, qarşı tərəfin hesabına mədaxil olunmuşdur. xx.xx.2022-ci il tarixdə silinmə faylı göndərilmiş, lakin vəsait silinmə əvəzinə müştərinin hesabına mədaxil olunmuş, daha sonra xx.xx.2022-ci il tarixində düzgün fayl göndərilmiş və vəsaitlər müştərinin hesabından silinmişdir. Lakin müştəri vəsaiti artıq istifadə etdiyindən, hesab mənfiyə enmiş, xx.xx.2025-ci il tarixə qalıq 420.88 manat məbləğində overdraft borcu yaranmışdır.

15. Odur ki, iddiaçının tələb etdiyi 420.88 manat overdraft borcu cavabdehdən tutulmalıdır.

16. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

17. Göstərilənləri nəzərə alan məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehin iddiaçıya ödənilməmiş qalan borc məbləği, ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Nəticə hissəsi:

18. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia təmin edilsin. 420.88 manat overdraft borcu, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat olmaqla, cəmi 450.88 manat məbləğində pul Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Pərvin İmamverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar