Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-729/2025 21.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi:
1. İddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC (indiki İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC) Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə arasında bağlanmış 05 mart 2021-ci il tarixli 1505/2 nömrəli kredit müqaviləsi üzrə kredit borcukredit üzrə əsas borcun məbləği 8303,46 manat, kredit üzrə faiz borcunun məbləği 6715,26 manat, kredit üzrə hesablanmış cərimə məbləği 318,45 manat olmaqla,cəmi 15337,17 məbləğdə kredit borcunun və iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 136,01 manat məbləğdə dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı BOKT MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar:
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı BOKT MMC ilə Cavabdeh arasında 05 mart 2021-ci il tarixli 1505/2 nömrəli kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, cavabdehə 36 (otuz altı) ay müddətinə, illik 24% (iyirmi dörd faiz) olmaqla, 76000 (yetmiş altı min) MANAT məbləğdə kredit verilib. 05 mart 2021- ci il tarixli 1505/2 nömrəli Kredit Müqaviləsi üzrə öhdəliyin təminatı qismində, iddiaçı - İddiaçı BOKT MMC ilə Cavabdeh arasında 05 mart 2021-ci il tarixli 1505/2 nömrəli girov müqaviləsi bağlanıb. Həmin müqaviləyə əsasən, Cavabdeh ona məxsus olan 1013.43 qram qızılzinət əşyalarını girov saxlayanın (iddiaçının) xeyrinə girov qoyub. Cavabdeh uzun müddət kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün iddiaçı - "xxxx" MMC tərəfindən cavabdehə dəfələrlə yazılı və şifahi müraciət etmişdir. Müqavilə üzrə öhdəliklərinin təmin edilməsi üçün 05 mart 2021-ci il tarixli 1505/2 nömrəli girov müqaviləsinin 4-cü maddəsinə əsasən girov predmetinə yönələrək satılmış və hesaba mədaxil edilmişdir. Lakin buna baxmayaraq kredit müqaviləsi üzrə borc öhdəliyi tam bağlanmamışdır. İddiaçı tərəfindən tərtib edilmiş maliyyə arayışına əsasən, borc alan Cavabdeh 05 mart 2021-ci il tarixli 1505/2 nömrəli kredit müqaviləsi üzrə kredit borcu - kredit üzrə əsas borcun məbləği 8303,46 (səkkiz min üç yüz üç manat qırx altı qəpik) manat, kredit üzrə faiz borcunun məbləği 6715,26 (altı min yeddi yüz on beş manat iyirmi altı qəpik) manat, kredit üzrə hesablanmış cərimə məbləği 318,45 (üç yüz on səkkiz manat qırx beş qəpik) manat olmaqla, cəmi 15337,17(on beş min üç yüz otuz yeddi manat on yeddi qəpik) manat təşkil edir. İddiaçı tərəfindən cavabdehə kredit öhdəliyinin icra edilməsinə dair bildiriş məktubu ünvanlanıb. Buna baxmayaraq cavabdeh hələ də öz öhdəliklərini icra etməyib. Beləliklə, iddiaçının cavabdehə qarşı müvafiq tələblər üzrə məhkəməyə müraciət etməkdən başqa çıxış yolunun qalmadığını qeyd etmişdir.
İş materialları:
3. "PSG X2 Kredit Təşkilatı” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, cəmiyyət tərəfindən Cavabdeh 36 ay müddətinə, illik 24 faiz ödəmək şərti ilə 76000 manat məbləğində nağd kredit verilmişdir. Cavabdeh həmin müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürüb.
4. İddiaçı "PSG X2 Kredit Təşkilatı” MMC tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə 8303,46 manat əsas, 6368,89 manat faiz borcu, 318,45 manat cərimə borcu olmaqla, cəmi 15337,17 manat borcu vardır.
5. "PSG X2 Kredit Təşkilatı” MMC-nin xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, cavabdeh, 14672,37 manat borcun 5 gün müddətinə ödənilməsi, əks halda borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı ilə bağlı iddiaçı tərəfindən xəbərdar olunub;
6. 15.11.2024-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, iddiaçı "PSG X2 Kredit Təşkilatı” MMC tərəfindən məhkəməyə müraciət etmək üçün 136.01 manat dövlət rüsumu ödənilmişdir.
7. Məhkəmənin qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2025-ci il tarixli 9/1917 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan ödənişləri özündə əks etdirən çıxarış məlumatları, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 1505/2 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh xx.xx.2024-cü il tarixinə banka olan borcu aşağıdakı kimi, müəyyən olunur: o cümlədən əsas borc üzrə 7989,98 manat, faiz borcu üzrə 3568,86 manat.
8. "xxxx" BOKT MMC-nin xx.xx.2021-ci il tarixli qiymətli əşyaların qiymətləndirilməsi və BOKT-a girov qoyulması üzrə aktından görünür ki, ümumi çəkisi 1013,43 qram olan qızıl girov qoyulmuş və ümumi dəyəri 89308 (səksən doqquz min üç yüz səkkiz) manat məbləğində qiymətləndirilmişdir.
Tərəflərin izahatları:
9. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddianın dəlillərinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, ekspert rəyi ilə razıdır.
10. Cavabdehə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır.
İşin faktiki halı:
11. Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC ilə Cavabdeh arasında kredit müqaviləsinin bağlanması və həmin kredit müqaviləsi üzrə cavabdehin iddiaçıya əsas, faiz və cərimə borcunun olması hazırki mülki işin mübahisəsiz halıdır. Məhkəmə baxışının hədləri:
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq:
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. 460.2. Öhdəliyin icrasının təmin edilməsi barədə razılaşmanın etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. 468.1. Borcluya və ya borclunun göstərdiyi şəxsə verilməli əmlak kreditorda olduqda, əgər borclu həmin əmlakı ödəmək və ya kreditora bununla bağlı xərclərin və digər zərərin əvəzini ödəmək öhdəliyini vaxtında icra etməzsə, kreditorun həmin əmlakı müvafiq öhdəlik icra edilənədək saxlamaq ixtiyarı vardır. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 741.1. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi və ya borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağı açıq-aşkar bəlli olduqda, yaxud borcalan borcun verilməsi üçün borc müqaviləsində nəzərdə tutulmuş öhdəliyini icra etmədikdə, o cümlədən təminat təqdim etmədikdə, borcverən borc vermək öhdəliyini tam və ya qismən icra etməkdən birtərəfli qaydada imtina edə bilər. 746.1. İstehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür.
Məhkəmənin mövqeyi:
15. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia qismən təmin edilməlidir.
16. İş materiallarından (müqavilə, ödəniş qrafiki) müəyyən olunur ki, İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh 36 ay müddətinə, illik 24 faiz ödəmək şərti ilə 76000 manat məbləğində nağd kredit verilib, iş materialları ilə müəyyən edilir ki, Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca, yəni vaxtında, ödəniş qrafikinə uyğun yerinə yetirməyib.
17. Məhkəmə qeyd edir ki, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditiora zərər dəyir. Mülki qanunvericiliyə əsasən öhdəliyin vaxtında icra edilməməsi hüquqi nəticələrə səbəb olan öhdəliyin pozulması hallarından biridir. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
18. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC ilə bağladığı xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl edib, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
19. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və müqavilə üzrə onların risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış əsas borc məbləğini, ona hesablanmış faizləri və digər xərcləri ödəməlidir.
20. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə 8303,46 manat əsas, 6715,26 manat faiz borcu, 318,45 manat cərimə borcu olmaqla, cəmi 15337,17 manat borcu vardır.
21. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
22. Qanunun qeyd edilən tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 100 manat məbləğində dəbbə pulunun tutulması tərəflərin maraqlarına uyğun və qanunamüvafiq hesab edilməlidir.
23. Məhkəmə araşdırması zamanı iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və xx.xx.2025-ci il tarixli 9/1917 nömrəli rəydən görünür ki, ödənişləri özündə əks etdirən çıxarış məlumatları, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 1505/2 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh xx.xx.2024-cü il tarixinə banka əsas borcu 7989,98 manat, faiz borcu 3568,86 manat məbləğində müəyyən edilmişdir.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
25. Məhkəmə ekspert rəyini nəzərə alaraq hesab edir ki, Cavabdeh 7989,98 manat əsas, 3568,86 manat (müqavilə müddətinin sonuna olan) faiz borcu, 100 manat cərimə borcu tutularaq iddiaçıya ödənilməli, qalan hissədə iddia tələbi təmin edilməməlidir.
Məhkəmə xərcləri:
26. İş materiallarında olan qəbzdən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən 136,01 manat dövlət rüsumu ödənilmişdir.
27. Bundan əlavə, işdə olan xx.xx.2025-ci il tarixli 9/1917 saylı ekspert rəyindən aydın olur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir.
28. İddiaçının tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 136,01 manat dövlət rüsumunun 11.04 manatı iddiaçıya, 124.97 manatı Cavabdeh aid edilməli, keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 100 manatın 24 manatı iddiaçıdan, 76 manatı Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.
Nəticə:
29. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verərək qeyd edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-nin xeyrinə 7989,98 manat əsas, 3568,86 manat faiz borcu, 100 manat cərimə borcu olmaqla, cəmi 11658,84 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 124,97 manat məbləğində pul vəsaiti tutulmalı, iddia qalan hissədə təmin edilməməli, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumunun 11,04 manatı İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-yə aid edilməli, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun 76 manatı Cavabdeh və 24 manatı İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, Kod 210005, Müxbir hesab AZ41NABZ********************, S.F.İ.F.T. Bik: CTREAZ22) ödənilməlidir.
30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-nin xeyrinə 7989,98 manat əsas, 3568,86 manat faiz borcu, 100 manat cərimə borcu olmaqla, cəmi 11658,84 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 124,97 manat məbləğində pul vəsaiti tutulsun. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumunun 11.04 manatı İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-yə aid edilsin. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun 76 manatı Cavabdeh və 24 manatı İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, Kod 210005, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədirlik edən Aynur Behbudova