Məhkəmə qərarları › İş №e-2(060)-731/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-731/2025

11.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-731/2025 11.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərər tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona borclu olduğu 1500 manat məbləğində pulun və 8000 manat məbləğində dəymiş mənəvi ziyanın alınaraq tam şəkildə ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının tanışı X3 ilə uzun illər çox yaxın mehriban ailə dostu, yaxın rəfiqə olmuşlar, imkanı daxilində ona maddi və mənəvi dəstək olmuşdur. 2018-ci ilin noyabr ayının əvvəlində Sədaqət onun öncə şəxsi mobil nömrəsinə zəng edib axşam onlara gələcəyini bildirdi. Lakin o tək yox (özünün dediyinə görə yaxın rəfiqəsi) Cavabdeh adlı bir qadınla birlikdə, məcburi köçkün kimi məskunlaşdıqları Bakı şəhəri, Nəsimi rayon, Asif Məhərrəmov küçəsi, ev 26, mənzil 50-yə gəldilər. Sədaqət ona rəfiqəsi Cavabdeh borc pul lazım olduğunu bildirdi, iddiaçı isə olmadığını bildirmişdir. Həmin an İlhamə ona yalvararaq dekabrın 21-i yaxın qohumlarının Rusiyadan 4000 dollar pul göndərəcəyini bildirmişdir. Lakin anasının təcili əməliyyat olacağı və övladının ciddi bir probleminin həlli üçün bu an mənə 3200 manat məbləğində pul lazım olduğunu, 21-dekabr 2018-ci il tarixdə 4000 dollar alacağını alan kimi elə həmin an bankda milli valyutaya çevirib, gecə də olsa borcunuzu mütləq geri qaytarcağını dedi. Əvvəl iddiaçı qətiyyətlə buna etiraz etsə də, lakin Sədaqətlə aralarında möhkəm inam, güvənin olduğu üçün, sonradan Sədaqətin, iddiaçının bacısı İsbəndiyarova Zəminə və qardaşı İsbəndiyarov Səməndərin iştirakı ilə sayaraq 3200 manat məbləğində pulu (İlhamənin öz təklifi ilə 21-i dekabr ayında qaytarmasına dair aralarında şəxsi əlyazması və imzası ilə şərti müqavilə əsasında əlbəəl) ona borc vermişdir. İddiaçı dekabr ayının sonuna kimi gözləmiş və Cavabdeh pulu qaytarmamışdır. Dəfələrlə iddiaçı onun şəxsi mobil nömrəsinə zəng edib tələb etdikcə hər dəfə eyni sözü təkrar edib, bir az səbr etməsini və qaytaracağını deyərək pulunu qaytarmamışdır. Sonralar zəng edib pulu istədikdə isə əvvəl özü nalayiq sözlərlə təhqir edib, sonra da telefonu “ərimdi” dediyi yanındakı kişiyə verib iddiaçını bir də zəng edib pulunu tələb edərsə öldürəcəyi ilə təhdid edərək, təhqiramiz sözlər işlətməklə telefonu söndürürmüşlər. Bir müddət keçdikdən sonra Sədaqətin qızı Nabat və Nabatın tanışı Fazil xx.xx.2019-cu il tarixdə iddiaçının yaşadığı mənzilə gələrək həmin puldan 900 manat iddiaçıya qaytarıb bildirmişlər ki, Cavabdeh borc aldığı puldandı. Mən həmin pulu götürərək bu qismi aldığına dair qəbz yazıb onlara vermişdir. 29 avqust 2020-ci il tarixdə 300 manatı Fazil iddiaçıya zəng edib kart hesabını istəyərək kart hesabına ödəyib, qəbzin şəklini çəkib, iddiaçıya göndərmişdir. Növbəti dəfə isə 2022-ci il fevral ayının təxminən 17si Fazil iddiaçının şəxsi mobil nömrəsinə zəng edib həmin borcun 500 manatını çatdırmaq istədiyini bildirmişdir. İddiaçı ona əvvəlki ünvandan köçdüyünü, yeni ünvanı söyləyədikdəisə həmin ünvana gələ bilməyəcəyini, əvvəlki ünvana yaxın yerdə görüşmələrini istədi. Beləliklə Fazillə razılaşıb, vaxtı təyin edib, pulu götürmək üçün iddiaçının bacısı Zəminə İsbəndiyarovanı göndərmişdir. Fazil “ Memar Əcəmi” metrostansiyasının Moskva Univermağı çıxışında iddiaçının bacısı ilə görüşərək 500 manatı ona verdi. O vaxtdan bu vaxta kimi isə zəng edib pulunu istədikcə İlhamənin özü və “ərim” dediyi kişi, hər ikisi də iddiaçını təhqir və təhdid etdikdən sonra isə telefonu söndürməkdə davam etmişlər. Bir dəfə iddiaçı təkrar zəng edib pulunu istəyəndə bildirmişdir ki, borcunu ona geri qaytarmadıqlarına görə və üstəlik ədəbsizlik edib “ərim” dediyi adamla birlikdə onu təhqir və təhdid etdiklərinə görə məhkəməyə rəsmi müraciət edəcək. İlhamə cavabında isə ona iddiaçıdan borc pul almadığını bildirəcəyini demişdir. Sübutu göstərəcəyini dedikdə isə qarşılığında onu evində zorla saxladığını, əlini tutub imzalatdırdığını deyəcəyini bildirmişdir. Onların hər ikisinin də illərdir təhdid və təhqirlərinə dözməyib , bu barədə məcbur qalıb, DİŞ-in 102 xidmətinə zəng edib məlumat vermişdir, daha sonra isə aidiyyatı üzrə 19-cu Polis bölməsinə dəvət olunaraq ərizə və izahatını yazıb vermişdir. Cavabdeh iddia ərizəsinə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək iş üzrə iddia müddətinin tətbiq olunmasını və İddiaçı cavabdehə qarşı pul tələbinə dair iddia ərizəsini tam şəkildə rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı tanışı olan Sədaqət adlı şəxsin vasitəsilə tanımışdır. Həmin şəxs özü faizə pul verməklə məşğul olur. Cavabdeh özü də 2016-cı il tarixdə hissə-hissə Sədaqət vasitəsilə həmin şəxsdən pul almış və faizi ilə birlikdə 2018-ci ilədək tam qaytarmışdır. Bu faktı təsdiq edə biləcək şəxslər də olduğunu bildirmişdir. Halbuki ilk məhkəmə prosesində iddiaçı faizə pul vermədiyini demişdir. Lakin o, elə bu işlə məşğul olur. Cavabdeh Sədaqət vasitəsilə həmin şəxsdən aldığı pul məbləğini tam şəkildə faizi ilə birlikdə artıqlaması ilə qaytarsa da, o bununla razılaşmamışdır. Bundan sonra iddiaçı cavabdehdən daha artıq pul verməsini istəmişdir. Bunun üçün Sədaqəti cavabdehin evinə göndərmiş, Sədaqət xəstə və yaşlı anasının yanında hay-küy salaraq ondan artıq pul istəmişdir. Cavabdeh isə bunu qəbul etmədiyini və onu sıxışdırmaq üçün məhkəməyədək heç vaxt görmədiyi Cəmilənin cavabdehin evinə gələcəyini bildirmişdir. Lakin cavabdehin anası xəstə olduğu üçün o özü 2018-ci il tarixdə Cəmilənin evinə getmişdir. İddiaçının iddia ərizəsinin tək doğru faktı da məhz cavabdehin onun evinə getməsidir. Lakin digər qeyd edilən hər şey yalandır. Cavbdeh həmin şəxsin evinə getdikdə İddiaçı evdə olmadığını və onun bacısını və xəstə olan qardaşını görmüşdür. Sonra isə Sədaqət də evə gəlmiş, onu təhdid etmişdir. Ondan şəxsiyyət vəsiqəsini istəsələr də, cavabdehin yanında şəxsiyyət vəsiqəsi olmadığı üçün ondan imzalı kağız almağa çalışmışlar. Cavabdeh ilk başda qəbul etməsə də onu polislə hədələdiklərini və Cəmilənin dövlət işində işlədiyini, jurnalist olduğunu deyərək onu videoya çəkib yayacaqlarını bildirdilər. Bundan sonra cavabdehi həqiqətən də videoya çəkməyə başlamış və ona kağız verərək imzalamağını istəmişlər. Cavabdeh məcburiyyət qarşısında qalaraq kağızı imzalamışdır. O, öz istəyilə heç bir sənədə imza atmamışdır. Cavabdeh bunu da bildirmişdir ki, o, iddiaçını yalnız məhkəmə iclasında görmüşdür. O günədək isə onu heç görməmişdir. İddiaçı iddia ərizəsində Fazil adlı şəxsdən danışmış, lakin cavabdeh onu heç zaman görməmiş və tanımamışdır. Bütün bu uydurmalar da onu sübut edir ki, iddiaçı məhkəməyə yalan məlumatlar vermişdir. Beləliklə cavabdeh iddiaçıdan borca pul götürmüş və faizi ilə birlikdə artıqlaması ilə qaytarmışdır. İddiaçı tərəf borc müqaviləsi ilə öhdəliyinin olduğunu vurğulamışdır. Lakin ortada məcburi qaydada imzalatdırılmış vərəqdən başqa bir sübut yoxdur. Cavabdehin məcburən basqı altında imzaladığı heç bir sənədin hüquqi qüvvəsi yoxdur. Bundan əlavə verilən iddia tələbi üzrə iddia müddəti də pozulmuşdur. Belə ki, iddiaçının özünün də qeyd etdiyi kimi o, 2018-ci ilin sonunda onun təqdim etdiyi vərəqi imzalamışdır. Əgər iddiaçı bu sənədi borc müqaviləsi kimi qəbul edirsə, o zaman bu məsələyə borc müqaviləsinin müddəaları tətbiq olunacaqdır. Müqavilələr üzrə iddia müddəti 3 il hesab edilir. İddia müddətlərinin axımı ilə bağlı normaları nəzərə alaraq iddia müddəti ötürülmüş hesab edilməlidir. İddia ərizəsi həm faktiki, həm də hüquqi cəhətdən əsassızdır. İddia müddətinin keçməsi də bu məsələnin qanunsuz olduğunu təsdiq edir. İstənilən mənəvi zərər məsələsinə gəldikdə isə bu məbləğ tamamilə absurd və əsası olmayan məbləğdir. Belə ki, cavabdeh heç zaman iddiaçını təhqir etməmişdir. Əksinə o, öz hərəkətləri və ifadələri ilə onlarda qorxu yaratmışdır. İddiaçının bu məsələyə dair iddiası əsassızdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh 2016-cı ildə Sədaqət xanımdan anasının xəstəliyi ilə əlaqədar müxtəlif vaxtlarda 100 manat və 200 manat pul aldığını və qaytardığını, qəbzi ona zorla imzalatdırdıqlarını bildirmişdir. İddia tələbini qəbul etməyərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - Yazılı iltizamdan görünür ki, Cavabdeh İddiaçı 3200 manat borc almış, 21 dekabr 2018-ci il tarixinədək borcu qaytarmağı öhdəsinə götürmüş və imzası ilə təsdiq etmişdir. - xx.xx.2019-cu il tarixli yazılı iltizamdan görünür ki, Sədaqət Həsənzadə İddiaçı borclu olduğu puldan 900 manatını xx.xx.2019-cu il tarixdə Cavabdeh qızı Nabat vasitəsilə göndərmiş, qalan borc isə qüvvəsində qalmışdır. İddiaçı həmin iltizamı öz imzası ilə təsdiq etmişdir. - İddiaçı xx.xx.2024-cü il tarixində Nəsimi RPİ 19-cu PŞ-nə ərizə ilə müraciət edərək Cavabdeh barəsində qanuna müvafiq tədbir görülməsini xahiş etmişdir. - İddiaçı Nəsimi RPİ 19-cu PŞ-də verdiyi xx.xx.2024-cü il tarixli izahatından görünür ki, İddiaçı 2018-ci ilin noyabr ayının əvvələrində rəfiqəsi olan Sədaqət vasitəsilə Cavabdeh 3200 manat borca pul vermiş, lakin Cavabdeh borc aldığı məbləğin 1500 manatını ona geri qaytarmamışdır. - Cavabdeh Nəsimi RPİ 19-cu PŞ-də verdiyi xx.xx.2024-cü il tarixli izahatından görünür ki, 2016-cı il tarixdə hissə-hissə olaraq , hər ay aldığı pulun 15 faizini qaytarmaq şərtilə ümumilikdə 2000 manat borc pul almışdır. 2018-ci ildə Sədaqət Həsənzadədən aldığı borcu faizi ilə birgə, cəmi 2200 manat pulu geri qaytarmışdır. İddiaçı isə ümumiyyətlə tanımadığını bildirmişdir. - Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinin xx.xx.2024-cü il tarixli İddiaçı ünvanlanmış məktubdan görünür ki, İddiaçı tərəfindən Cavabdeh borc olaraq verdiyi 3200 manat məbləğində pulu geri qaytarmaması ilə bağlı müraciəti mülki xarakterli məsələ olmasını nəzərə alaraq, ona dəymiş maddi-mənəvi ziyanla bağlı mülki iddia formasında aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etməsi tövsiyə olunmuşdur. - Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, yazılı iltizamla Cavabdeh İddiaçı 3200 manat pul almış, 21 dekabr 2018-ci il tarixinədək pulu qaytarmağı öhdəsinə götürmüşdür. Daha sonra İddiaçı ərizə ilə Nəsimi RPİ 19-cu PŞ-nə müraciət edərək Cavabdeh barəsində qanuna müvafiq tədbir görülməsini xahiş etmişdir. Lakin, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinin xx.xx.2024-cü il tarixli İddiaçı ünvanlanmış məktubu ilə ona dəymiş maddi-mənəvi ziyanla bağlı mülki iddia formasında aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etməsi tövsiyə olunmuşdur. İddiaçı iddia tələbini müdafiə edir. Cavabdeh iddia tələbini qəbul etmir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən - Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Həmin Məcəllənin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-ci maddəsinə əsasən iddia müddəti, 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir ; 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinə əsasən iddia müddətləri, 373.1. Ümumi iddia müddəti on il təşkil edir; 373.2. müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir; 373.3. vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir; 373.4. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər; 373.5. Bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir. Həmin Məcəllənin 375-ci maddəsinə əsasən iddia müddətinin tətbiqi, 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir; 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377-ci maddəsinə əsasən iddia müddətinin başlanması, 377.1. iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380-ci maddəsinə əsasən iddia müddəti axımının kəsilməsi, 380.1. müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir; 380.2. fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Həmin Məcəllənin 381-ci maddəsinə əsasən iddianın baxılmamış saxlandığı halda iddia müddətinin axımı; 381.1. əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia müddəti ötürüldüyündən iddia tələbi rədd edilməlidir. Belə ki, yazılı iltizamdan görünür ki, Cavabdeh İddiaçı 3200 manat borc almış, 21 dekabr 2018-ci il tarixinədək borcu qaytarmağı öhdəsinə götürmüş və imzası ilə təsdiq etmişdir. İddiaçının dediyinə görə bundan sonra cavabdeh xx.xx.2019-cu il tarixdə Sədaqət Həsənzadə adlı şəxs vasitəsi ilə 900 manat, xx.xx.2020-ci il tarixdə Fazil adlı şəxs vasitəsi ilə 300 manat və xx.xx.2022-ci il tarixdə isə yenə də Fazil adlı şəxs vasitəsi ilə 500 manat ödəmişdir. Qeyd edilənlərə dair iddiaçı sübut təqdim edə bilmir. Məhkəmə hesab edir ki, hətta iddiaçı qeyd etdiklərini sübut edə biləcəyi halda da Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1095-ci maddəsinə nəzərdə tutulan iki illik müddət ötürülmüşdür (iddia Məhkəməyə xx.xx.2024-cü il tarixdə verilmişdir). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsrinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə, şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) başa düşülür. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli qərarının 2-ci bəndində göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirilməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin qərarının 8-ci bəndində göstərilir ki, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Həmin qərarının 10-cu bəndində göstərilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 aprel 2020-ci il tarixli qərarında göstərilir ki, Avropa Məhkəməsi Maksimov Rusiyaya qarşı iş üzrə 2010-cu il 18 mart tarixli Qərarında qeyd etmişdir ki, kompensasiyanın hesablanması qaydası mürəkkəbdir. Fiziki və ya mənəvi iztirablara dair işlərə baxılarkən bu proses daha da çətinləşir. Ağrı və əzab, fiziki narahatlıq və əqli sıxıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Məhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdiyi kompensasiyanın həcmini qərarlarında kifayət qədər əsaslandırmalıdırlar. Əsaslandırmanın olmaması ərizəçiyə qeyri-mütənasib, az kompensasiyanın təyin edilməsi, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə, keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. Hazırki halda iddiaçı cavabdehin hərəkəti nəticəsində mənəvi ziyana düşməsini göstərsə də, həmin zərərin real olduğunu təsdiq edən mötəbər, inandırıcı və təkzibolunmaz sübutları məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı iddiasının maddi-mənəvi ziyanın ödənilməsinə dair iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı 1500 manat məbləğində borcun və 8000 manat məbləğində dəymiş mənəvi ziyanın alınaraq ona ödənilməsi barədə iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar