Məhkəmə qərarları › İş №e-2(060)-734/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-734/2024

06.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-734/2024 06.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, Cavabdeh vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Sumqayıt Şəhər Məhkəməsinin 28 sentyabr 2018-ci il tarixli, 2(060)-7921/2018 saylı qətnaməsi ilə 23 yanvar 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh tutulması müəyyən olunmuş aliment məbləğinin dəyişdirilərək artırılması və hər ay 300 (üç yüz) manat sabit pul məbləğində müəyyən edilməsi, vəkil xidmətinə görə ödənilmiş 200 (iki yüz) manat, mediasiya xərci olaraq ödənilmiş 60 (altmış) manatın Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının keçmiş əri Cavabdeh qarşı “nikahın pozulması” tələbinə dair iddia ərizəsi əsasında Sumqayıt Şəhər Məhkəməsinin 28 sentyabr 2018-ci il tarixli,2(060)-7921/2018 saylı qətnaməsi ilə iddia tələbləri qismən təmin olunmuş, onunla cavabdeh arasında bağlanmış 28 aprel 2017-ci il tarixli nikah pozulmuş, 23 yanvar 2018ci il təvəllüdlü X2 iddiaçının yanında qalması müəyyən edilmiş, X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 06 avqust 2017-ci il tarixdən başlayaraq hər ay qazancın (başqa gəlirlərin) ¼ hissəsi miqdarında və hər aya 45 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Adı çəkilən məhkəmə qətnaməsi qanuni qüvvəyə minmişdir. Lakin cavabdeh məhkəmə qətnaməsinin bu şəkildə çıxarılmasından istifadə edərək tələb olunan aliment məbləğinin ödənilməsindən yayınmışdır. Belə ki,hər ay cəmi 100 manat aliment ödəyən cavabdeh həmin məbləği də müntəzəm şəkildə ödəməməkdədir. Cavabdehlə nikahının pozulduğu zaman cavabdeh Şamaxı rayonunda işləyib yaşamış, sonradan Bakı şəhərinə köçüb orada stomatoloji klinikada stomatoloq olaraq işə düzəlmiş və Bakı şəhərində yaşamağa başlamışdır. Aydındır ki, cavabdehin Bakı şəhərində işlədiyi müddətdə aylıq gəliri (qazancı) da artmışdır. Lakin buna baxmayaraq cavabdeh ödədiyi aliment məbləğini nəinki artırmamış,əksinə ödənişləri kəsinti ilə həyata keçirməyə başlamışdır. Hal-hazırda qiymətlərin artmasının, gündəlik xərclərin çoxalmasının iddiaçının maddi durumuna da mənfi təsir göstərməsi səbəbindən və övladının normal şəkildə saxlanılması üçün daha çox xərc tələb olunduğundan, iddiaçı aliment məbləğinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, övladı böyüdükcə onun saxlanılma xərcləri də artrmışdır ki, bu xərclər hal-hazırda birgə yaşadığı valideynlərinin hesabına çəkilir. Halbuki, bu xərclərdə övladının atası kimi cavabdeh iştirak etməlidir. Cavabdehin Bakı şəhərində yaşayıb işləməsi onun maddi durumunun yaxşılaşaraq kifayət qədər qənaətbəxş olduğunu və daha yüksək məbləğdə aliment pulunu ödəməyə maddi imkanının olduğunu sübuta yetirir. Cavabdehin qazancını dəqiq müəyyən etmək mümkün olmadığından, hesab edir ki, məhkəmənin təyin etdiyi qazancın (başqa gəlirlərin) ¼ hissəsi miqdarında və hər aya 45 manat sabit pul məbləğində alimentin tutulması qaydası dəyişdirilməli və cavabdehdən yalnız sabit pul məbləğində aliment tutularaq qeyd edilən aliment daha yüksək məbləğdə müəyyən edilməlidir. Hal-hazırki şəraitdə iddiaçının maddi durumu və cavabdehdən tutulan aliment miqdarı övladının normal şəkildə saxlanılmasına imkan vermir. Buna görə də belə bir şəraitdə iddiaçının bütün bu yükü daşımağı mümkünsüzdür, cavabdeh isə övladını könüllü şəkildə normal qaydada saxlamaqdan yayınır ki, bu səbəbdən iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müəyyən olunmuş aliment məbləğinin artırılmasını tələb etməyi qərara almışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdeh 400 manat əmək haqqı almasını qeyd etsə də 400 manat cavabdehin qazancı deyil, əmək haqqıdır. Belə ki, əmək müqaviləsində əmək haqqı az göstərilsə də, qazanc çox ola bilər. Hazırkı işdə də uşaqların maraqları əsas götürülməlidir. Cavabdeh 145 manat əvəzinə 100 manat aliment ödəmişdir. Uşağa baxmaq valideynlərin borcudur, nikah pozulsa belə, uşağın atası uşağın maddi tələbatını təmin etmək də valideynlərin üzərinə düşür. Uşaq hüquqları haqqında Azərbaycan Respublikası Qanununda da göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ vardır. Cavabdehin 2018-ci ildə qətnamə qəbul edilən zaman olan maaşı ilə indiki maaşı arasında fərq olaraq artım var. Cavabdeh əvvəl Şamaxıda yaşamış, indi isə Bakıda yaşayır. Əgər cavabdehin adına əmlak yoxdursa, o, kirayədə qalır, bununla da ən azı 300-400 manat kirayə haqqı verir. Qeyd edilən bu hallar cavabdehin maddi vəziyyətində yaxşılaşma olduğu təsdiq edir. Odur ki, qeyd olunanlar əsasında hesab edirlər ki, iddia tələbi əsaslıdır və qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, stomatoloq işləyir, 400 manat əmək haqqı alır. 2018-ci ildə qətnamə qəbul edilən zaman dövlət poliklinikasında işləmiş, aylıq maaşı da 158 manat olmuşdur. Hazırda 100 manat aliment ödəyir. Qarşı tərəf 400 manatdan çox gəlir əldə etdiyini bildirsə də, bunu sübut edə bilmir. Bu yaxınlarda bir övladı daha doğulmuşdur. Uşağın xərclərini qarşılamaq həm ananın, həm də atanın üzərinə düşür. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək bildirdi ki, Ailə Məcəlləsinin 112-ci maddəsində göstərilmişdir ki, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. İddiaçı tərəf cavabdehin əmək haqqısının artdığını deyir. Əgər cavabdehin qazancı, gəliri artıbsa, qazancdan, gəlirdən tutulan hissə də artmış olur. Cavabdeh kənar işlə məşğul olmur, həftənin beş günü məsələn saat 09:00-dan 15:00-a qədər stomatoloq işləyir və konkret əmək haqqı alır. İddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etməyə heç bir hüququ yoxdur. Qanunvericiliyə görə, alimentin miqdarı tərəfin maddi və ya ailə vəziyyətində dəyişiklik olarsa, yəni maddi və ya ailə vəziyyətində pisləşmə olarsa, iddiaçı tərəfindən alimentin miqdarının artırılması tələb oluna bilər. Lakin iddiaçı tərəfindən qeyd edilən halla bağlı heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Odur ki, qeyd olunanlar əsasında iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - AZ-İV № 267586 doğum haaqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2018-ci il təvəllüdlü X2 atası Cavabdeh, anası İddiaçıdır. - Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(060)-7921/2018 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə X5 arasında bağlanmış xx.xx.2017-ci il tarixli nikahın pozulması, xx.xx.2018-ci il təvəllüdlü X2 anası X3 yanında qalması, xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh xx.xx.2017-ci il tarixdən etibarən hər ay qazancın (başqa gəlirlərin) ¼ hissəsi miqdarında və hər ay 45 manat sabit pul məbləğində aliment tutularaq X4 verilməsi qət edilmişdir. -MŞŞ/MT030/2023-02552 saylı xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi arayışdan görünür ki, hər iki tərəf ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin prosesin davam etdirilməsi barədə qarşılıqlı razılığa glə bilməmişlər. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat rüsum İddiaçı tərəfindən ödəmişdir. Sumqayt şəhər 1 saylı vəkil bürosunun verdiyi xx.xx.2023-cü il tarixli, 774 saylı arayışdan görünür ki, xx.xx.2023-cü il tarixdə Vəkil1 ilə 1221 saylı müqavilə bağlanmış və hüquqi yardımın göstərilməsi ilə bağlı Büronun hesabına 200 manat köçürülmüşdür. Beləliklə vətəndaş İddiaçı hüquqi yardımın göstərilməsinə görə 200 manat xərcləmişdir. "xxxx" MMC-nin 372 saylı, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixindən "xxxx" MMC-nin 32 Beauty stomatoloji klinikasında aylıq vəzifə maaşı 400 manat olmaqla həkim stomatoloq vəzifəsində çalışır. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1. və 75.4. maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1.-ci maddəsinin tələbində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Şərh olunan hüquq normasının məzmunundan da göründüyü kimi qanunverici alimentin miqdarının müəyyən olunması ilə bağlı məhkəmə qərarını daimi və son olaraq qətiləşdirmir, tərəflərdən birinin ailəvə ya maddi vəziyyətində dəyişiklik olduğu hallarda alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi və tərəflərin diqqətəlayiq başqa maraqlarının nəzərə alınmasını istisna etmir. İşin məhkəmə iclasında araşdırılan hallarına əsasən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7921/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən müəyyən olunmuş aliment miqdarı hazırda xx.xx.2018-ci il təvəllüdlü X1 üçün kifayət etmir. Belə ki, onun böyüməsi ilə əlaqədar maddi tələbatları getdikcə artır, iddiaçı isə, övladının saxlanılmasında maddi baxımdan çətinlik çəkir. Bu halda məhkəmə hesab edir ki, iddiaçının marağı əhəmiyyətli dərəcədə pozulur. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə görə, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2.-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə, qanunun qeyd edilən tələblərini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, yetkinlik yaşına çatmayan uşağın mənafeyini, həmçinin onun əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, eləcə də, tərəflərin diqqətəlayiq maraqlarını nəzərə alaraq iddia tələbinin qismən təmin edilməli olması qənaətinə gəlir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Eləcə də Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarından formalaran hüquqi mövqeyə görə bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin uzərinə düşür prinsipi rəhbər tutulmalıdır. Məhkəmə tərəflərin bildirdiyi bütün faktları hərtərəfli, tam və qərəzsiz məcmu halda tədqiq edərək bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iddia tələbinin hüquqi yardımın əvəzinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi ilə bağlı hissəsində hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, hüquqi yardım üçün vəkilə ödənilmiş 150 (yüz əlli) manat Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddianın mediasiyaya dair xərcin əvəzinin cavabdehdən alınaraq iddiaçıya verilməsi ilə bağlı hissəsinə münasibətdə hesab edir ki, iddia tələbi bu hissədə də qismən təmin edilməli, ödənilmiş 50 manat mediasiya xərcinin əvəzi Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Belə ki, iddiaçı mediasiya xərcinin əvəzi kimi 60 manat tələb etsə də, ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi arayışdan görünür ki, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat rüsum İddiaçı tərəfindən ödənilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddia tələbi qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7921/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddiaçı tərəfindən mediasiya xərci kimi ödənilmiş 50 manatın və vəkilə ödənilmiş 150 manatın əvəzi Cavabdeh tutularaq İddiaçıödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar