Məhkəmə qərarları › İş №e-2(060)-7345/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-7345/2025

30.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-7345/2025 30.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ iddiaçı «X18 Azərbaycan» QSC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iş üzrə (açar sözlər: kredit müqaviləsi üzrə borcun vərəsədən tutulması) Giriş hissə: Hakim İmamverdiyeva Pərvin Arif qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, Cavabdeh iştirakı ilə iddiaçı «X18 Azərbaycan» QSC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: a) iddia tələbi

1. İddiaçı cavabdehə qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vərəsə Cavabdeh 498.69 manat əsas, 56.35 manat hesablanmış və ödənilməmiş faiz, 38.37 manat cərimə, 4.00 manat müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc, 0 manat bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri olmaqla, cəmi 597.41 manat məbləğində kredit borcu və dövlət büdcəsinə köçürülmüş 30 manat məbləğində dövlət rüsumunun «X18 Azərbaycan» QSC-nin хeyrinə tutulması (ödənilməsi) barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2016-cı il tarixdə «X18 Azərbaycan» QSC və X12 arasında Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, Bank tərəfindən borcalan X9 istehlak yönümlü 500 manat məbləğində, 5 (beş) il müddətinə kredit kart limiti (kredit xətti) açılmışdır. “Kart/əlavə kart sahibi” həmin kredit kart limiti (kredit xətti) üzrə istifadə etmiş olduğu vəsaiti (krediti) və ona hesablanmış faizləri, komisyonları və həmçinin nəzərdə tutulmuş digər ödənişləri (bütün borcları) bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə “Bank”a qaytarmağı (ödəməyi) öhdəsinə götürmüşdür. Araşdırma zamanı məlum olmuşdur ki, X12 xx.xx.2025-ci il tarixində vəfat etmişdir. 1 saylı Sumqayıt “ASAN” xidmət mərkəzinə ünvanlanan vəkil sorğusuna cavab olaraq Banka təqdim edilmiş xx.xx.2025-ci il tarixli, 2828 nömrəli məktubundan müəyyən olunmuşdur ki, vərəsəlik işi açılmış və onun vərəsəsi Cavabdehdır. O, mirası qəbul etmiş vərəsədir. Vərəsəyə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Vərəsə Cavabdeh rəhmətə getmiş X5 banka olan borcu barədə məlumatlı olmuşdur. Lakin üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. X5 vərəsəsi Cavabdeh tərəfindən Bank ilə X12 arasında imzalanmış Qarışıq müqavilə üzrə Bank qarşısında olan öhdəliklərini lazımınca icra edilməmişdir ki, kredit üzrə borc qalmışdır. Müqavilənin 4.21.3-cü bəndinə əsasən “Kart/əlavə kart sahibi” kredit kartından istifadə nəticəsində yaranmış borcunu(larını) və/və ya borcu üzrə faizləri, komissiya və digər nəzərdə tutulmuş ödənişləri vaxtında və müqavilə ilə müəyyən edilmiş şərtlərlə ödəmək (qaytarmaq). Bu müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədikdə yaranmış borclarıın geri qaytarılması ilə bağlı “Bank”ın çəkdiyi (çəkməli olduğu) bütün xərclərin əvəzini, habelə əldən çıxmış faydasını “Bank”a ödəmək vəzifəsini daşıyır. «X18 Azərbaycan» QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, bоrcalanın vərəsəsi Cavabdeh kredit müqaviləsi üzrətam ödəməyə borclu olduğu halda, müqavilə şərtlərini pоzaraq kreditin əsas məbləğini və оna hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaхtdan mütəmadi оlaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı хəbərdarlıq edilməsinə baхmayaraq, öhdəliyi icra etməmiş və bu günədək bоrcu ödəməmişdir. Cavabdehin kredit müqaviləsinə əsasən «X18 Azərbaycan» QSC-yə 498.69 manat əsas, 56.35 manat hesablanmış və ödənilməmiş faiz, 38.37 manat cərimə, 4.00 manat müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc, 0 manat bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri olmaqla, cəmi 597.41 manat məbləğində borcu vardır.

b) iddiaya etiraz

3. Cavabdeh məhkəməyə xx.xx.2026-cı il tarixdə etiraz təqdim edərək bildirmişdir ki, qeyd edilən işlə bağlı məlum borcu ödəmək imkanı yoxdur. Əri vəfat etmişdir. Onun digər borclarını ödəyir. İşsizdir, xəstədir, digər kreditləri var, yaşadığı ev girovdadır. Mövcud vəziyyəti nəzərə alaraq iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

c) məhkəmə icraatı iştirakçılarının izahatları

4. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə dair izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir. X3 ilə bank arasında bağlnamış kredit müqaviləsindən xəbəri olmamışdır. Mərhumun digər banklara olan borcunu da o ödəyir. Ona vərəsəlik qaydasında heç bir əmlak keçməmişdir. Sadəcə 5070 manat pul keçmişdir ki, həmin pul da mərhumun digər kreditlərini ödəməyə belə kifayət etməmişdir. Cavabdeh qeyd edilənlərin nəzərə alınmasını və iddianın təmin edilməməsini xahiş etdi.

5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (sənədin elektron kabinetə yerləşdirilməsinə dair çıxarışa əsasən) xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, lakin iddiaçı xx.xx.2026-cı il tarixdə elektron ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini müdafiə etdiklərini, işə nümayəndələrinin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Əsaslandırıcı hissə:

a) mülki işin materialları

6. «X18 Azərbaycan» QSC ilə X12 arasında bağlanmış xx.xx.2016-cı il tarixli Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsindən görünür ki, X9 bank tərəfindən 5 il müddətinə illik 28 faiz dərəcəsi ilə 500 manat məbləğində krеdit vеrilmişdir.

7. AZ-İİ seriyalı, 498772 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2025-ci il tarixdə vəfat etmişdir və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2025-ci il tarixdə 668 nömrə ilə qeyd edilmişdir.

8. xx.xx.2025-ci il tarixli, 8İ-13954 reyestr nömrəli ərizənin surətindən görünür ki, Cavabdeh əri X4 irs qalmış mirası qəbul etmişdir. Mərhumun digər vərəsələri X10, X6, X2r.

9. xx.xx.2025-ci il tarixli ərizələrin surətlərindən görünür ki, X10, X6 və X1 Sahib Nəci oğlundan miras qalmış əmlakın onlara çatan hissəsindən anaları Cavabdeh xeyrinə imtina etmişlər.

10. xx.xx.2025-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X5 vərəsəsi Cavabdeh mirasdan tam hissədə pay almışdır. Şəhadətnamə ilə verilən miras əmlak 5070.19 manat pul vəsaitindən ibarətdir.

11. Xəbərdarlıq məktubundan görünür ki, «X18 Azərbaycan» QSC tərəfindən X5 vərəsəsi Cavabdeh 498.69 manat əsas, 56.35 manat hesablanmış və ödənilməmiş faiz, 38.37 manat cərimə, 4.00 manat müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc, 0 manat bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri olmaqla, cəmi 597.41 manat məbləğində kredit bоrcunun ödənilməsi barədə bildiriş ünvanlanmışdır.

12. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, X5 «X18 Azərbaycan» QSC-yə xx.xx.2016-cı il tarixli Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsinə əsasən 498.69 manat əsas, 56.35 manat hesablanmış və ödənilməmiş faiz, 38.37 manat cərimə, 4.00 manat müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc, 0 manat bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri olmaqla, cəmi 597.41 manat əsas borcu mövcuddur.

b) mülki iş üzrə tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir; Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; (əvvəlki redaksiyada) Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (əvvəlki redaksiyada) Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər); Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır; Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar; Maddə 1307. Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir.

14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli Qərarı: “Borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Mülki Məcəllənin 558-ci maddəsinə əsasən, əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Həmin Məcəllənin 1153cü maddəsinə görə, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Beləliklə, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Belə ki, Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Göstərilən normaların məzmunundan çıxış edərək Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən öhdəliyin icrasına görə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mərkəzi X11 2008-ci il 18 noyabr tarixli 34 nömrəli Protokolu ilə təsdiq edilmiş “Banklarda kreditlərin verilməsi” Qaydalarına uyğun olaraq hər bir bank kredit riski və kreditlərin verilməsi üzrə bankların daxili strategiya və qaydalarına dair minimum tələbləri müəyyən edən bankdaxili qaydalarında kreditlərin verilməsi meyarları, onların ödəniş müddətləri və şərtləri, borcun tutulması, ayrı-ayrı kreditlər və onların müxtəlif növləri üzrə faiz dərəcələrinin hesablanması, güzəştlər, kreditlərin növlərindən və gecikdirilmə müddətindən asılı olaraq faizləri hesablanmayan statusa keçirilməsi halları və s. məsələləri tənzimləyən müddəalar nəzərdə tutmalıdır. Göründüyü kimi, borclunun ölümündən sonra faizlərin hesablanmasının davam etməsi və ya dayandırılması, yəni güzəştlərin tətbiqi məsələsi bankdaxili qaydalara uyğun olaraq müəyyənləşdirilə bilər. Lakin o da nəzərə alınmalıdır ki, mülki hüququn mühüm prinsiplərindən biri də vicdanlılıq prinsipidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Yəni kreditorlar borclu öldüyü halda faizlərin hesablanmasının davam edib-etməməsi məsələsinə baxarkən vicdanlılıq prinsipindən çıxış etməli, miras qalmış əmlakın həcmi, vərəsələrin maddi durumu və s. kimi halları nəzərə almalıdırlar. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, Mülki Məcəllənin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır.”

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 13.7. Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun; Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır;

c) məhkəmənin mövqeyi

16. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslıdır.

17. Belə ki, iddia tələbi ilə əlaqədar məhkəmə qeyd edir ki, iddiaçı ilə X12 arasında kredit müqaviləsindən irəli gələn hüquq münasibətlərinin yaranması, iddiaçının müqavilə üzrə öhdəliyini yerinə yetirərək, Sahib Qasımova müəyyən müddətə qaytarılmaq və faiz ödəmək şərtilə müəyyən məbləğdə kredit verməsi, Sahib Qasımovun borcunu tam ödəyə bilmədən müqavilə qüvvədə olduğu müddət ərzində vəfat etməsi, onun vəfatından sonra vərəsəsi kimi arvadı Cavabdeh oğlunun ərizə ilə notariat ofisinə müraciət etməsi, Cavabdeh adına vərəsəlik işinin açılması, miras əmlakın 5070.19 manat pul məbləğindən ibarət olması, həmçinin mərhumun banka olan qalıq borcunu ödəməməsi hazırkı iş üzrə məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallardır.

18. Məhkəmə qeyd edir ki, cavabdeh mərhumun digər banklara da borcunun olmasını, cari borcların miras əmlakdan çox olduğunu bildirsə də, borcun mirasdan çox olması barədə sübutlar iş materiallarında mövcud deyildir. Həmçinin, hazırkı iş üzrə sübutetmə yükü cavabdehin üzərinə düşür.

19. Belə ki, bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsini müəyyən edən xx.xx.2024-cü il tarixli, 2(102)-900/2024 nömrəli qərarında göstərilmişdir ki, mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. Vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquq təsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Bu baxımdan kreditorların mirası faktiki qəbul etmiş vərəsələrə qarşı məhkəmədə öhdəliyin miras qalmış əmlak hesabına icrası barədə iddia icraatı qaydasında tələb irəli sürməsi yolveriləndir. Kreditorun bu cür tələb irəli sürmək hüququnun formal mülahizələrlə inkar edilməsi əsas məqsədi və hüquqi funksiyası mülki dövriyyədə hüquqi müəyyənliyin və hüquqi etimadın davamlılığını təmin etmək olan vərəsəlik hüququnun mahiyyətinə zidd olmaqla, kreditorun məhkəmə müdafiəsi, ədalətli məhkəmə araşdırması hüquqlarının, bu isə öz növbəsində mülkiyyət hüququnun və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olar.

20. Mülki məhkəmə icraatında sübutetmə institutu və sübutetmə yükünə dair qeyd olunmalıdır ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Mülki işlər üzrə icraatda çəkişmə prinsipi isə tərəflərin öz hüquqi mövqeyini müdafiə etməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır.

21. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını MPM-nin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız MPM-nin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. MPM-in 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edibetməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.

22. Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar).

23. Mülki Məcəllənin “Vərəsələr tərəfindən kreditorların təmin edilməsi zamanı sübutetmə yükü” adlanan 1307-ci maddəsində təsbit edilmişdir ki, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun daha sonra, yəni 26 dekabr 2023-cü il tarixdə qəbul etdiyi Qərarda isə məsələyə dair birmənalı hüquqi qiymət verilərək göstərilmişdir ki, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş sayılır.

24. Beləliklə də göründüyü kimi yuxarıda qeyd edilən hüquqi mövqeyə əsasən sübutetmə yükü cavabdehin üzərinə düşməsinə baxmayaraq miras əmlakın tələb edilən borcdan az olması və ya mirasın notarius tərəfindən siyahıya alınması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Nəticədə, qeyd edilən hallar cavabdehin vərəsə kimi mərhum borclunun miras əmlakını tam həcmdə qəbul etməsini ifadə edir.

25. Odur ki, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, müqavilə üzrə tərəf X12 üzərinə düşən öhdəliyi icra etmədiyindən, hazırkı iş üzrə cavabdeh onun qanuni vərəsəsi olduğundan və mirasını qəbul etdiyindən, iddiaçı mövcud iddia tələbi ilə məhkəmədə iddia qaldırmaqda haqlı olmuş və bu səbəbdən iddia tələbi qismən təmin edilməli, Cavabdeh 498.69 manat məbləğində əsas borc və 56.35 manat faiz borcu alınaraq iddiaçıya verilməlidir.

26. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı tərəfindən müqavilə üzrə 38.37 manat cərimə borcu hesablanmışdır.

27. Məhkəmə cərimə məbləğinə münasibətdə qeyd edir ki, bu hissədə iddia tələbi qismən əsaslıdır.

28. Belə ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir. Bununla belə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (MM 467).

29. Hazırkı işin halları baxımından da əsas borc və dəbbə pulunun nisbəti nəzərə alan məhkəmə xx.xx.2016-cı il tarixli müqavilə üzrə hesablanmış 38.37 manat dəbbə pulunun məbləğinin azaldılaraq 5 manat müəyyən edilməsini ədalətli və məqsədəmüvafiq sayır.

30. Həmçinin, iddiaçı cavabdehdən 4 manat müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borcun tutulmasını xahiş edir.

31. Məhkəmə qeyd edir ki, iddiaçı tələbi qeyd olunan hissədə formal şəkildə əsaslandırmaqla kifayətlənmiş və bu hissə ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir, sözügedən xərc və komissiyaların hansı qaydada hesablandığı iş materialları ilə müəyyən olunmur.

32. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

33. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Nəticə hissəsi:

34. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:

İddia qismən təmin edilsin. Cavabdeh 498.69 manat əsas, 56.35 manat faiz, 5 manat cərimə borcu və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 590.04 manat məbləğində pul tutularaq «X18 Azərbaycan» QSC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Pərvin İmamverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar