Məhkəmə qərarları › İş №e-2(060)-7357/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-7357/2025

05.02.2026 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-7357/2025 05.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun tanınması və mənzildən istifadə hüququna maneələrin aradan qaldırılması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkməyə müraciət edərək, İddiaçı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Ş.Qurbanov küçəsi, ev 17, 1 saylı mənzilə istifadə hüququnun tanınması və Cavabdeh oğıu tərəfindən mənzildən istifadə hüququna yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçının doğma atasıdır. Cavabdeh onu məhkəməyə verərək fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmə işə baxaraq onun iddiasını rədd etmişdir. Bir neçə dəfə məhkəməyə iddia ərizələri ilə müraciət edərək iddiaçını evdən qovmuşdur. Məqsədi onu mülkiyyətdən məhrum etməkdir. Hətta o, dostu ilə danışarkən cavabdehin onu dəlixanaya qoyacağı, evi və bağı satacağı, məhkəmənin onun xeyrinə qətnamə qəbul etməsi üçün köməklik göstərilməsi barədə xahiş etdiyini eşitmişdir. Ancaq iddiaçı ekspertizadan keçərək həqiqətən xəstə olmadığını sübut etmiş və məhkəmə ədalətli olaraq onun xeyrinə qətnamə qəbul etmişdir. Cavabdeh etriazla məhkəməyə müraciət edərək İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdehə qarşı mənzilə istifadə hüququnun tanınması və mənzildən istifadə hüququna maneələrin aradan qaldırılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Ş.Qurbanov küçəsi, 17 saylı evin 1-ci mənzilinə istifadə hüququnun tanınması və mənzildən istifadə hüququna yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə qət edilməsini xahiş etmişdir. Cavabdeh iddia ərizəsini əsassız hesab edirvə etirazını bildirir. Belə ki, iddiaçı cavabdehin doğma qızıdır. O yaşadıqları evdə qeydiyyatdadır və onun həmin evə istifadə hüququ vardır. Lakin iddiaçı xəstədir. O, xəstəliyi ilə əlaqədar olaraq son zamanlar öz hərəkətlərinin mənasını dərk etmir, əksər hallarda özünü idarə edə bilmir. Gündəlik davranışında cavabdehə qarşı çox aqressivdir. O heç bir səbəb olmadan cavabdehi nalayiq küçə söyüşləri ilə söyüb təhqir edir, ona əl qaldırır, hədə-qorxu gəlir. Birlikdə yaşadıqları evdə cavabdehə əzab verir və mütəmadi olaraq birgə yaşayış qaydalarını pozur. Bu barədə cavabdeh dəfələrlə aidiyyəti qurumlara ərizə ilə müraciət etmişdir. O, Şəhlanın Sumqayıt şəhər ruhi-əsəb xəstəlikləri dispanserinə yerləşdirilib müalicə olunmasına çalışmış, lakin heç nəyə nail ola bilməmişdir. Aidiyyəti qurumlara çağırılıb onunla profilaktik söhbət aparılmasına və cavabdehə qarşı qanunsuz hərəkətlər elməkdən çəkinməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq Şəhla heç bir nəticə çıxarmamış və yenə də ona qarşı zorakı hərəkətlərini davam etdirmişdir. Bu səbəbdən iddiaçının aidiyyəti üzrə AR Səhiyyə Nazirliyi Kliniki Psixiatriya Xəstəxanasına müayinəyə göndərilməsi və nəticədən asılı olaraq məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmamasının müəyyən edilməsi zəruridir. Ona görə də cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, lakin məhkəmə iddianı təmin elməmişdir. Cavabdeh Şəhlanın birlikdə yaşadıqları mənzildən istifadə hüququna heç bir maneçilik yaratmır. Şəhlanın, qeyd olunan fərdi yaşayış evinə istifadə hüququnun məhkəmə qaydasında tanınmasına heç bir ehtiyac yoxdur və mənzildən istifadə hüququna maneə yaradılmasının da heç bir əsası yoxdur. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək işi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyini bildirərək işə onun iştirakı olmadan baxılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. O, cavabdehin onun evi təmir etdirməsinə mane olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi rədd olunmalıdır. Belə ki, iş materiallarında olan: - Tibbi-Sosial Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi haqqında Forma 88 nömrəli arayışdan görünür ki, Cavabdeh “sağ bud çanağının oynağının postravmatik ankilozu şanağın deformasiyası” diaqnozu ilə müddətsiz 3-cü dərəcəli əlil olması müəyyən edilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh adına tam payda ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2011-ci il tarixində rəsmiləşdirilmişdir. - Məhkəmə sorğusu əsasında alınaraq iş materiallarına əlavə edilmiş şəxsiyyəti təsdiq edən çıxarışdan görünür ki, xx.xx.1988-ci il təvəllüdlü İddiaçı xx.xx.1955-ci il təvəllüdlü Cavabdeh qızıdır və ünvan 1 ünvanında yerləşən mənzildə qeydiyyatdadır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ünvan 1 ünvanında yerləşən mənzil xx.xx.2011-ci il tarixdən Cavabdeh xüsusi mülkiyyətindədir. İddiaçı Cavabdeh qızıdır. İddiaçı cavabdehlə ünvan 1 ünvanında birgə yaşayırlar. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın əsassız olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü və 29-cu maddələrinin tələblərinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi mülkiyyət hüququna verilən təminat mülki hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2014-cü il 15 sentyabr tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 11 iyul 2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 8.0. maddəsinə əsasən mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsasları aşağıdakılardır: 8.0.1. qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlər; Həmin Məcələnnin 9.1. maddəsinə əsasən mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 9.2. maddəsinə əsasən mənzil hüquqlarının müdafiəsi aşağıdakı üsullarla həyata keçirilir: 9.2.2. mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması. Həmin Məcəllənin 30.1. maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2. maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Məhkəmə hesab edir ki, İddiaçı mənzilin mülkiyyətçisi, eləcə də atası olan Cavabdeh ilə birlikdə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Ç.Qurbanov küçəsi, ev 17, 1 saylı mənzildə yaşadığından mənzildən istifadə hüququnun məhkəmə qaydasında ayrıca tanınmasına ehtiyac yoxdur. Bu hüquq, notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma tələb olunmadan, birgə yaşayış faktı və ailə üzvlüyü əsasında yaranır və həyata keçirilir. Yalnız mübahisə və ya hüquq pozulması hallarında məhkəməyə müraciət zəruri hesab edilir. Məhkəmə araşdırılması zamanı iddiaçının Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Ç.Qurbanov küçəsi, ev 17, 1 saylı mənzildən istifadə hüququna maneələrin yaradılması ilə bağlı hal aşkar edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Ç.Qurbanov küçəsi, ev 17, 1 saylı mənzilə istifadə hüququnun tanınması və Cavabdeh tərəfindən mənzildən istifadə hüququna yaradılan maneələrin aradan qaldırılmasına dair iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Ç.Qurbanov küçəsi, ev 17, 1 saylı mənzilə istifadə hüququnun tanınması və Cavabdeh tərəfindən mənzildən istifadə hüququna yaradılan maneələrin aradan qaldırılmasına dair iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elçin Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar