Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-738/2022 24.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Rasim qızının Cavabdeh qarşı aliment miqdarının artırılması tələbi barədə iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Rasim qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9697/2016 saylı, 20.10.2016-cı il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilməsi, Cavabdeh birgə nikahlarından olan 16.11.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 175 manat alimentin tutulub, ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi dəqiqləşmə verərək, Cavabdeh birgə nikahlarından olan 16.11.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 200 manat alimentin tutulub, iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlə 12.02.2012-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Birgə nikahdan 16.11.2012-ci il təvəllüdlü X4 adlı övladları vardır. Bir müddət mehriban yaşasalar da ailə münasibətləri pozulmuşdur. O, nikahın pozulması məqsədi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9697/2016 saylı, 20.10.2016-cı il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış 12.02.2006-cı il nikahın pozulması, nikah pozulduqdan sonra 16.11.2012-ci il təvəllüdlü X1 onun yanında qalması və övladının yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən hər ay 117 manat məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Bildirir ki, oğlunun tələbatı günü-gündən artır. Maddi imkanı çox acınacaqlı vəziyyətdədir. Övladı artıq böyümüş və onun xərcləri artmışdır. Bu səbəbdən iddiaçı iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianı qəbul etmədiyini, cavabdehin 2-ci ailəsinin olduğunu və aylıq əmək haqqının 380 manat olduğunu bildirdi. Müstəqil tələb irəli sürməyən İİİ şəxs X2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, o və ya onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən məhkəmə hazırki mülki işə müstəqil tələb irəli sürməyən İİİ şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, tərəflərin nümayəndələrinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından 16.11.2012-ci il təvəllüdlü X4 adlı övladları vardır. - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9697/2016 saylı, 20.10.2016-cı il tarixli qətnaməsindən görünür ki, İddiaçı Rasim qızı ilə Cavabdeh arasında 12.02.2012-ci il tarixdə bağlanmış nikah pozulmuş, 16.11.2012-ci il təvəllüdlü X4 iddiaçının himayəsinə verilmiş və cavabdehdən övladının yetkinlik yaşına çatana kimi saxlanılması 117 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. - Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasında olan nikah 24.11.2016-cı ildə ləğv edilmiş və nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 256 nömrəsi ilə qeyd edilmişdir. - Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan və Sumqayıt şəhər “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsinin verdiyi nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X3 arasında 11.07.2019-cu il tarixdə rəsmi nikah bağlanmışdır və bu barədə nikah haqqında akt qeydləri kitabında həmin tarixdə 1902 nömrəsi ilə qeydiyyat aparılmışdır. Nikahdan sonra arvada Adıgözəlova soyadı verilmişdir. - Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Cavabdeh "xxxx" MMC-də menecer vəzifəsində çalışır, aylıq əmək haqqı 444.69 manat təşkil edir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər 12.02.2012-ci il ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Birgə nikahdan 16.11.2012-ci il təvəllüdlü X4 adlı övladları vardır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9697/2016 saylı 20.10.2016-cı il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış 12.02.2012-ci il tarixli nikah pozulmuş, cavabdehdən iddiaçının xeyrinə 16.11.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 117 manat sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır. Hazırda iddiaçının nümayəndəsi aliment məbləğinin artırılaraq hər ay 200 manat ödənilməsini xahiş edir. Cavabdeh "xxxx" MMC-də menecer vəzifəsində çalışır və aylıq əmək haqqı 444.69 manat təşkil edir. Cavabdeh hazırda Süleymanova (Adıgözəlova) Aynur Surxay qızı ilə evlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinin tələbində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. İşin məhkəmə iclasında araşdırılan hallarına əsasən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9697/2016 saylı, 20.10.2016-cı il tarixli qətnaməsinə əsasən müəyyən olunmuş aliment miqdarı hazırda uşağın saxlanılması üçün kifayət etmir. Belə ki, uşağın böyüməsi ilə əlaqədar onun maddi tələbatları getdikcə artır, iddiaçı isə, övladının saxlamaqda maddi baxımdan çətinlik çəkir. Bu halda məhkəmə hesab edir ki, iddiaçının marağı əhəmiyyətli dərəcədə pozulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə görə, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2. maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasının müvafiq qanunları ilə 2021-ci il uşaqlar üçün yaşayış minimumu 175 manat, 2022-ci il uşaqlar üçün yaşayış minimumu isə 193 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərindən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi yaşayış minimumunun müəyyən edən qanunvercilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatını ödəmək vəzifəsindən azad etmir. Qeyd olunan qərarında məhkəmə sonda belə nəticəyə gəlmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2-ci və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə da qiymət verilməlidir. Bu qərarın birinci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə hesab edir ki, iddia qismən təmin olunmalı, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9697/2016 saylı, 20.10.2016-cı il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməli, Cavabdeh hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay 175 manat məbləğində aliment tutulub 16.11.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı Rasim qızına verilməlidir. Belə ki, məhkəmə cavabdehin hazırda nikahda olduğunu, əmək haqqının miqdarını, qanunun qeyd edilən tələblərini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, yetkinlik yaşına çatmayan uşağın mənafeyini, həmçinin onun əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini eləcə də, tərəflərin diqqətəlayiq maraqlarını nəzərə alaraq, 16.11.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay 175 manat sabit pul məbləğində aliment tutulmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dövlət rüsumu ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə qeyd edir ki, bir il ərzində alimentin artırılmış hissənin ödənilməli məcmu məbləği 1000 manatdan az olduğu üçün qanunvericiliyin tələbinə əsasən 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9697/2016 saylı, 20.10.2016-cı il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin, Cavabdeh hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay 175 manat məbləğində aliment tutulub 16.11.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı Rasim qızına verilsin. İddia qalan hissədə təmin olunmasın. İddianın verilməsinə görə 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №e-2(060)-738/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-738/2022
24.02.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver