Məhkəmə qərarları › İş №e-2(060)-7481/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-7481/2025

10.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-7481/2025 10.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlu, Tərəflərin iştirakı olmadan, İddiaçı “X2 Azərbaycan” QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı borcun tutulmasına dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “X2 Azərbaycan” QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək vərəsələr Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada əsas məbləğ üzrə 700 manat borc və ödənilməmiş 132,85 manat faiz borcu, 549,96 manat cərimə borcu, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə 17 manat borc, ümumilikdə 1399,81 manat borc və dövlət büdcəsinə köçürülmüş 33,99 manat məbləğində dövlət rüsumunun “X2 Azərbaycan” QSC-nin хeyrinə tutulması (ödənilməsi) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2013-cü il tarixdə “X2 Azərbaycan” QSC və Fərhadov Fərhad Balşevik oğlu arasında Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq (Worldcard kredit kartı) müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə bank tərəfindən borcalan Fərhadov Fərhad Balşevik oğluna istehlak yönümlü 700 manat məbləğində, 5 (beş) il müddətinə kredit kart limiti (kredit xətti) açılmışdır. “Kart/əlavə kart sahibi” həmin kredit kart limiti (kredit xətti) üzrə istifadə etmiş olduğu vəsaiti (krediti) və ona hesablanmış faizləri, komisyonları və həmçinin nəzərdə tutulmuş digər ödənişləri (bütün borcları) bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə “Bank”a qaytarmağı (ödəməyi) öhdəsinə götürmüşdür. Araşdırma zamanı məlum olmuşdur ki, Fərhadov Fərhad Balşevik oğlu xx.xx.2023-cü il tarixində vəfat etmişdir. Ordubad rayon notariat ofisinə ünvanlanan vəkil sorğusuna cavab olaraq Culfa rayon notariat ofisindən banka təqdim edilmiş xx.xx.2025-ci il tarixli 72 nömrəli məktubundan müəyyən olunmuşdur ki, vərəsəlik işi açılmış və onun vərəsə(lər)i Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4dur. Onlar mirası qəbul etmiş vərəsədir. Vərəsəyə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Vərəsə(lər) Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 rəhmətə getmiş Fərhadov Fərhad Balşevik oğlunun banka olan borcu barədə məlumatlı olmuşdur. Lakin üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Fərhadov Fərhad Balşevik oğlunun vərəsəsi(ləri) Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 tərəfindən Bank ilə Fərhadov Fərhad Balşevik oğlu arasında imzalanmış Qarışıq(Worldcard kredit kartı) müqavilə üzrə Bank qarşısında olan öhdəliklərini lazımınca icra edilməmişdir ki, kredit üzrə borc qalmışdır. Odur ki, “X2 Azərbaycan” QSC məhkəmədən iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 iddia barədə bildiriş göndərilmiş, lakin onun tərəfindən həmin tələblə bağlı nəzərdə tutulmuş müddət ərzində etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan; - “X2 Azərbaycan” QSC ilə Fərhadov Fərhad Balşevik oğlu arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilədən görünür ki, borcluya 5 il müddətinə, 700 manat məbləğində kredit xətti açılmışdır. - “X2 Azərbaycan” QSC-nin xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Fərhadov Fərhad Balşevik oğlunun 700 manat əsas, 132,85 manat faiz, 549,96 manat cərimə borcu və müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc 17 manat borcu vardır. - AZ-İİ № 672169 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Fərhadov Fərhad Balşevik oğlu xx.xx.2023-cü ildə ölmüşdür. - xx.xx.2025-ci il tarixli qanunun üzrə vərəsəlik şəhadətnaməsindən görünür ki, Fərhadov Fərhad Balşevik oğlunun vərəsəsi Cavabdeh1dır və miras əmlakının 1/1 hissəsində pay almalıdır. - Ordubad rayon notariat ofisi tərəfindən təsdiqlənmiş xx.xx.2025-ci il tarixli ərizədən (**********756) görünür ki, Cavabdeh2, Cavabdeh3, Cavabdeh2 (Cavabdeh4 əvəzinə) bildirmişdirlər ki, mərhum ataları Fərhadov Fərhad Balşevik oğlu xx.xx.2023-cü il tarixdə vəfat etmiş, onun ölümündən sonra miras qalmış vərəsəlik yolu ilə onlara çatan payı qəbul etməmişlər və etmək niyyətində olmamışlar, gələcəkdə heç bir mülki iddia və tələbləri olmayacaqdır. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, “X2 Azərbaycan” QSC ilə Fərhadov Fərhad Balşevik oğlu arasında xx.xx.2013-cü il tarixli bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq (Worldcard kredit kartı) müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Fərhadov Fərhad Balşevik oğluna 5 il müddətinə 700 manat məbləğində kredit xətti açılmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan həmin kredit kart limiti (kredit xətti) üzrə istifadə etmiş olduğu vəsaiti (krediti) və ona hesablanmış faizləri, komisyonları və həmçinin nəzərdə tutulmuş digər ödənişləri (bütün borcları) bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə banka qaytarmağı (ödəməyi) öhdəsinə götürmüşdür. AZ-İİ № 672169 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən, Fərhadov Fərhad Balşevik oğlu xx.xx.2023-cü ildə ölmüşdür. xx.xx.2025-ci il tarixli qanunun üzrə vərəsəlik şəhadətnaməsindən görünür ki, Fərhadov Fərhad Balşevik oğlunun vərəsəsi Cavabdeh1dır və miras əmlakının 1/1 hissəsində pay almalıdır. Ordubad rayon notariat ofisi tərəfindən təsdiqlənmiş xx.xx.2025ci il tarixli ərizədən (**********756) görünür ki, Cavabdeh2, Cavabdeh3, Cavabdeh2 (Cavabdeh4 əvəzinə) bildirmişdirlər ki, mərhum ataları Fərhadov Fərhad Balşevik oğlu xx.xx.2023-cü il tarixdə vəfat etmiş, onun ölümündən sonra miras qalmış vərəsəlik yolu ilə onlara çatan payı qəbul etməmişlər və etmək niyyətində olmamışlar, gələcəkdə heç bir mülki iddia və tələbləri olmayacaqdır. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Fərhadov Fərhad Balşevik oğlunun 700 manat əsas, 132,85 manat faiz, 549,96 manat cərimə borcu və müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc 17 manat borcu vardır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Müqavilə öhdəlik hüquq münasibətlərinin yaranmasını şərtləndirən mühüm hüquqi faktlardan biridir. Həmin Məcəllənin 389.1-ci maddəsinə görə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Beləliklə, tərəflər müqavilə bağlamaqla maraqlarına, mənafelərinə uyğun hüquq və vəzifələr müəyyən edirlər. Müqavilənin məqsədini isə tərəflərin öz vəzifəsini, yəni öhdəliyini icra etməsi təşkil edir. Həmin Məcəllənin 399.3-cü maddəsinə əsasən, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Həmin Məcəllənin462.1-ci maddəsinə müvafiq olaraq, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilədən yaranan öhdəliklərin növlərindən biri borc müqaviləsindən əmələ gələn öhdəliklərdir. Mülki Məcəllənin 739-cu maddəsinə müvafiq olaraq, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Kredit müqaviləsinə əsasən, kreditor müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Mülki Məcəllənin 1306-cı maddəsinə əsasən, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki,Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Fərhadov Fərhad Balşevik oğlu kredit kart limiti (kredit xətti) üzrə istifadə etmiş olduğu vəsaiti (krediti) və ona hesablanmış faizləri, komisyonları və həmçinin nəzərdə tutulmuş digər ödənişləri (bütün borcları) bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə banka qaytarmağı (ödəməyi) öhdəsinə götürmüşdür. X1 Balşevik oğlu xx.xx.2023-cü ildə ölmüşdür. xx.xx.2025-ci il tarixli qanunun üzrə vərəsəlik şəhadətnaməsindən görünür ki, Fərhadov Fərhad Balşevik oğlunun vərəsəsi Cavabdeh1dır və o, miras əmlakının 1/1 hissəsində pay almalıdır. Ordubad rayon notariat ofisi tərəfindən təsdiqlənmiş xx.xx.2025-ci il tarixli ərizədən (**********756) görünür ki, Cavabdeh2, Cavabdeh3, Cavabdeh2 (Cavabdeh4 əvəzinə) bildirmişdirlər ki, Fərhadov Fərhad Balşevik oğlunun ölümündən sonra miras qalmış vərəsəlik yolu ilə onlara çatan payı qəbul etməmişlər və etmək niyyətində olmamışlar, gələcəkdə heç bir mülki iddia və tələbləri olmayacaqdır. Bununla da sözügdən cavabdehlərin miras qalmış əmlakdan imtina etdikləri görünür. Ona görə də iddiaçının xx.xx.2013-cü il tarixli müqavilə üzrə əsas, faiz borcunun və müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə 17 manat borcun Cavabdeh1 tutulması hissədə iddia tələbi təmin edilməlidir. İddia tələbindən göründüyü kimi cavabdehlərdən eyni zamanda hesablanmış 549,96 manat dəbbə pulunun tutulması tələb olunur. Məhkəmə, işin hallarını nəzərə alaraq hesab edir ki, dəbbə pulu tənasübsüz surətdə yüksək miqdarda müəyyən edilmişdir və tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, cavabdehdən 35 manat dəbbə pulunun tutulması tərəflərin maraqlarına uyğun hesab edilməlidir. Ona görə də iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə də qismən təmin edilməli, iddianın qiyməti 1000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat olmalıdır. (“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsi) Hazırda iddia tələbinin təmin edilən hissəsi 884,85 manat olduğundan iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh1 tutularaq iddiaçıya ödənilməli, ödənilmiş 3,99 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 284- 6-cı və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Fərhadov Fərhad Balşevik oğlunun vərəsəsi Cavabdeh1 700 manat əsas borc, 132,85 manat faiz borcu, 35 manat cərimə borcu, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə 17 manat borc olmaqla, ümumilikdə 884,85 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçı “X2 Azərbaycan” QSC-nin xeyrinə tutulsun. Ödənilmiş 3,99 manat dövlət rüsumu iddiaçıya aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elçin Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar