Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-7492/2025 03.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia qaldıraraq Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında “Bank Xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtlərinə” əsasən xx.xx.2023-cü il tarixli, 141257-CNS-49021 saylı “Nağd pul kreditinin əsas şərtlərinə dair müştəri Ərizə- Razılaşması” əsasında oferta aksept qaydalarına uyğun olaraq bağlanılmış müqaviləyə əsasən xx.xx.2025-ci il tarixinə banka borclu olduğu 11632.97 manat məbləğində əsas borc, 717.40 manat məbləğində faiz borcu, 536.95 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 12887.32 manat pul məbləğini və məhkəməyə müraciət etmək üçün ödənilmiş 128.66 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia onunla əsaslandırılmışdır ki, bank ilə Cavabdeh arasında (https://vtb.az/about-bank/documents/ saytına yerləşdirilmiş) “Bank Xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtlərinə” əsasən xx.xx.2023-cü il tarixli, 141257-CNS-49021 saylı “Nağd pul kreditinin əsas şərtlərinə dair müştəri Ərizə- Razılaşması” əsasında oferta aksept qaydalarına uyğun olaraq bağlanılmış müqavilə üzrə illik 17.5 faiz hesablanması şərti ilə 48 ay müddətinə 17480 manat məbləğində kredit (“Bank Xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”nin 7.25.3-cü bəndinə əsasən kredit alanın “cari hesabın”dan “kart hesabı”na köçürülməklə) ona verilmişdir. Lakin borclu şəxs Cavabdeh üzərinə götürdüyü kredit öhdəliyini xx.xx.2025-ci il tarixdən lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin banka ümumilikdə 12887.32 manat məbləğində borcu yaranmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “Kredit alan”ın vəzifəsidir və bank borcludan vəzifəsinin icrasını (“Bank Xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”nin 11.1.3-cü bəndinə əsasən “Ödəniş cədvəli” ilə müəyyən edilən müddətlər “Kredit alan” tərəfindən 2 aydan artıq müddətə gecikdirildikdə, habelə ardıcıl olaraq 2 dəfə pozulduqda, həmin şərtlərin 11.1-ci bəndə əsasən öhdəliyin icra edilməsini tələb etmək hüququna malikdir”) tələb etmək hüququ vardır. Tərəflərin mövqeləri:
3. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək hazırki işə iştirakları olmadan baxaraq iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, borcu qəbul edir.
Tədqiq olunan sübutlar:
5. xx.xx.2023-cü il tarixli Bank VTB (Azərbaycan) ASC-də 141257-CNS-49021 nömrəli «Nağd pul kreditinin əsas şərtlərinə dair müştəri ərizəs razılaşmasından» görünür ki, Cavabdeh bankın rəsmi internet səhifəsində (www.vtb.az) yerləşdirilmiş «Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri», tariflər, valyuta məzənnəsi və aparılan bütün bank əməliyyatları üzrə məhdudiyyətlər ilə tanış olmuş, onları qəbul etmiş və ona illik 17,5% ödəmək şərti ilə, 48 ay müddətinə 17480 manat məbləğində kreditin verilməsini xahiş etmiş, bank tərəfindən hesabın açılmasına və ona dair xidmətlərin göstərilməsinə razılıq verilmişdir.
6. İddiaçı ASC tərəfindən tərtib edilmiş 14 oktyabr 2025-ci il tarixli arayışda qeyd olunmuşdur ki, Cavabdeh İddiaçı ASC-yə xx.xx.2025-ci il tarixinə 11632,97 manat əsas borc, 717,40 manat faiz borcu, 536,95 manat cərimə borcu olmaqla, cəmi 12887,32 manat borcu vardır.
7. "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, cavabdehdən 12887,32 manat məbləğində borcun 3 iş günü ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə qanunvericiliyin tələbinə uyğun olaraq müvafiq tədbirlərin görüləcəyi barədə xəbərdar edilmişdir.
Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Tətbiq edilən hüquq:
9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
- 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. -743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. -743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. -467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
10. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək, cavabdehi dinləyərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.
11. Belə ki, mülki qanunvericiliyə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
12. İş materialarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, Cavabdeh bankın rəsmi internet səhifəsində (www.vtb.az) yerləşdirilmiş «Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri», tariflər, valyuta məzənnəsi və aparılan bütün bank əməliyyatları üzrə məhdudiyyətlər ilə tanış olmuş, onları qəbul etmiş və ona illik 17,5% ödəmək şərti ilə, 48 ay müddətinə 17480 manat məbləğində kreditin verilməsini xahiş etmiş, bank tərəfindən hesabın açılmasına və ona dair xidmətlərin göstərilməsinə razılıq verilmişdir.
13. Cavabdeh tərəfindən müqavilə üzrə borcun ödənilməsi tam təmin edilmədiyindən iddiaçı tərəfindən ona bildiriş göndərilərək borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
14. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. İddiaçı qeyd olunan müqavilə üzrə üzərinə düşən vəzifəni yerinə yetirərək pul vəsaitini cavabdehin hesabına köçürmüş və onlar ödənişlərin müddəti və məbləği barədə razılığa gəlmişlər. Lakin Cavabdeh müqavilədən irəli gələn öhdəliyini icra etməyərək kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş öhdəliyi yaranmışdır.
15. Məhkəmə iclasında iştirak edən cavabdeh borc məbləğini qəbul etdiyini bildirmişdir.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.
17. Məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf etməsi qanunazidd deyil və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Ona görə də, cavabdeh tərəfindən iddianın etiraf edilməsi məhkəmə tərəfindən təsdiq edilməlidir.
18. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsas borcun və faiz borcun ödənilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir.
19. Məhkəmə işin hallarını, o cümlədən kreditorun və borclunun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, 536,95 manat təşkil edən cərimə məbləğinin 100 (yüz) manat məbləğinə qədər azaldılmasını məqsədəmüvafiq hesab edir.
20. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 11632,97 manat əsas borc, 717,40 manat faiz borcu, 100 manat cərimə borcu olmaqla, cəmi 12450 (on iki min dörd yüz əlli) manat, 37 (otuz yeddi) qəpik məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 127 (yüz iyirmi yeddi) manat, 35 (otuz beş) qəpik hissəsi tutularaq İddiaçı ASCyə ödənilməlidir.
Nəticə:
21. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh 11632,97 manat əsas borc, 717,40 manat faiz borcu, 100 manat cərimə borcu olmaqla, cəmi 12450 (on iki min dörd yüz əlli) manat, 37 (otuz yeddi) qəpik məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 127 (yüz iyirmi yeddi) manat, 35 (otuz beş) qəpik hissəsi tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva