Məhkəmə qərarları › İş №e-2(060)-7609/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-7609/2025

12.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-7609/2025 12.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş üzrə (açar sözlər: borcun tutulması) Giriş hissə: Hakim İmamverdiyeva Pərvin Arif qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: a) iddia tələbi

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 18500 manat məbləğində borcun, 146 manat köçürdüyü dövlət rüsumunun və hüquqi yardımla bağlı köçürülən 325 manat pulun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onun tanışıdır, o 2024cü il ərzində müxtəlif vaxtlarda ona ümumilikdə 18500 (on səkkiz min beş yüz) manat məbləğində pul vermiş, lakin cavabdeh həmin pulları ondan alsa da, sonradan qaytarmamışdır. Həmin pulların çox hissəsi onun adına olan kart hesabına köçürməklə verilmişdir. Cavabdehin ondan qeyd olunan məbləğdə pulları alması və qaytarmaması aralarında aparılan votsap danışıqları və karta edilən ödəniş qəbzləri ilə də təsdiq olunur.

b) iddiaya etiraz

3. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır.

c) məhkəmə icraatı iştirakçılarının izahatları

4. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə dair izahat verərək bildirdi ki, o, iddiaçıdan faizə pul götürmüşdür. Lakin o, iddiaçıya dəfələrlə ödəniş etmişdir. Lakin həmin məbləğlər onun əsas borcundan silinməmişdir. Bununla bağlı səs yazıları da var. O, iddiaçıdan aldığı məbləğləri qaytara bilmədiyi üçün faizlər şişmişdir. O, əvvəllər iki işdə işləmiş, ödəniş qabiliyyəti yaxşı olmuşdur. Daha sonra işdən çıxdığı üçün ödəniş edə bilməmişdir. O, iddiaçıdan şəxsi istifadəsi üçün 12000 manat borc aldığını qəbul edir. İddiaçı həmin pulu ona məxsus karta hissə-hissə göndərmişdir. Lakin lombarddan götürülən məbləğin dəqiq məbləğini xatırlamır. Onu da qeyd edir ki, o, iddiaçıdan əlbəəl pul almamışdır. Məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirdi ki, dərman işinə girməklə bağlı iddiaçının bildirdikləri tamamilə yalandır. Təqdim edilmiş yazışmalarda 18500 manatla bağlı iddiaçının yazısına borcun bu qədər olmaması ilə bağlı cavab yazmışdır. Lakin iddiaçı özünə “sərf” edən hissələri saxlamış, qalan hissələri silərək məhkəməyə təqdim etmişdir. Səs yazılarındakı kredit söhbətinə gəldikdə bu tamamilə yalandır. Guya iddiaçı onun borcunu ödəmək üçün anasının adına kredit götürmüşdür. Digər səs yazısındakı 20000 manat məbləğdə notarial etiraf müqaviləsi bağlanmasını isə iddiaçı təklif etmiş, o, qəti şəkildə etiraz etmişdir. Bu söz-söhbətlərdən sonra ailəsində ciddi problemlər yaranmış, intihar etmək həddinə çatmışdır. Ona görə qızı onun bu vəziyyətini görüb qorxmuş, telefonundan bütün yazışmaları, səsləri silmişdir. Cavabdeh qeyd edilənlərin nəzərə alınmasını xahiş etdi.

5. Cavabdeh xx.xx.2026-cı il tarixdə məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, iddiaçı ona kart vasitəsi ilə 12000 manat pul atmışdır. Həmin puldan hər ay 1200 manat kökündən getməyən faiz ödəmişdir. Bundan başqa iddiaçı lombarda qızıl qoyub ona pul vermişdir. Həmin pul 2400 manat məbləğində deyildi. İddiaçı puldan özünə götürüb bir hissəsini ona vermişdir. Hal-hazırda pulun məbləğini xatırlamır. Bundan başqa ödənişlərlə bağlı çeklər və yazışmalar silindiyindən hazırda təqdim edə bilmir. Rüsum və vəkil xərcini də qəbul etmir. Hesablamasına görə iddiaçıya borcu yoxdur. Yalnız lombarddan götürdüyü məbləği dəqiqləşdirdikdən sonra hər ay hissə-hissə ödəyə bilər.

6. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (məhkəmə bildirişinə imza etməklə) xəbərdar edilməsinə baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmiş, lakin iddiaçının etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə xx.xx.2026cı il tarixdə məhkəməyə elektron kabinet vasitəsi ilə ərizə təqdim edərək, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.

7. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə iddia tələbinə dair izahat verərək bildirmişdir ki, iddia tələbini müdafiə edir. İddiaçı 2024-cü il ərzində müxtəlif vaxtlarda cavabdehə ümumilikdə 18500 manat məbləğində pul vermiş, lakin cavabdeh həmin pulları alsa da sonradan qaytarmamışdır. İddiaçı həmin pulların çox hissəsini onun adına olan kart hesabına köçürməklə vermişdir. Cavabdehin ondan qeyd olunan məbləğdə pulları alması və qaytarmaması aralarında aparılan whatsApp danışıqları və karta edilən ödəniş qəbzləri ilə də təsdiq olunur. Eyni zamanda bununla bağlı səs yazıları da var.

8. Həmçinin, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə xx.xx.2026cı il tarixdə məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, iddiaçı iddia tələbində cavabdehə 18500 manat məbləğində pul verdiyini bildirmişdir. İddia olunan vəsaitin 12080 manatı cavabdehə kart vasitəsi ilə verilmiş, 2400 manatı xx.xx.2025-ci ildə qızıllarını lombarda girov qoymaqla götürərək nağd şəkildə vermiş, xx.xx.2024-cü ildə 2500 manat, xx.xx.2024-cü ildə isə 1520 manat pulu nağd olaraq cavabdehə vermişdir. Ümumilikdə, nağd olaraq cavabdehə 6400 (altı min dörd yüz) manat məbləğində borc pul vermişdir. Cavabdehin iddiaçıya təqdim etdiyi kart hesabına edilmiş ödənişlər isə aşağıdakı kimi olmuşdur: Cavabdehə məxsus olan **********933382 saylı kart hesabına aparılan ödənişlər: xx.xx.2024-cü ildə e-manat vasitəsi ilə 1000 manat, xx.xx.2024-cü ildə 1000 manat, xx.xx.2024-cü ildə 200 manat, xx.xx.2024-cü ildə 100 manat, xx.xx.2024-cü ildə e-manat vasitəsi ilə 2490 manat, xx.xx.2024-cü ildə e-manatla 10 manat, xx.xx.2024cü ildə 100 manat, xx.xx.2024-cü ildə 100 manat, xx.xx.2024-cü ildə e-manatla 2000 manat, xx.xx.2024-cü ildə Mpayla 1000 manat, xx.xx.2024-cü ildə 1900 manat, xx.xx.2024-cü ildə 1500 manat, xx.xx.2024-cü ildə 680 manat, cəmi 12080 (on iki min səksən) manat.

Əsaslandırıcı hissə:

a) mülki işin materialları

9. İddiaçı tərəfindən cavabdehə ödənişlərin edilməsi ilə bağlı təqdim edilmiş qəbzlərdən görünür ki; xx.xx.2024-cü il tarixli, 47078 nömrəli ödəniş qəbzinə əsasən B** R** S** qızı adlı müştəriyə məxsus **** **** **** 3382 nömrəli kart hesabına 1000 manat; xx.xx.2024-cü il tarixli, 1-47341768 nömrəli qəbzə əsasən, RE** B** adlı müştəriyə məxsus **** **** **** 3382 nömrəli kart hesabına 1000 manat; xx.xx.2024-cü il tarixli, 1-48868646 nömrəli qəbzə əsasən, RE** B** adlı müştəriyə məxsus **** **** **** 3382 nömrəli kart hesabına 200 manat; xx.xx.2024-cü il tarixli ödəniş qəbzinə əsasən RE** B** adlı müştəriyə məxsus **** **** **** 3382 nömrəli kart hesabına 2490 manat; xx.xx.2024-cü il tarixli ödəniş qəbzinə əsasən B** R** S** qızı adlı müştəriyə məxsus **** **** **** 3382 nömrəli kart hesabına 10 manat; xx.xx.2024-cü il tarixli, 53929 nömrəli ödəniş qəbzinə əsasən **** **** **** 3382 nömrəli kart hesabına 2000 manat; xx.xx.2024-cü il tarixli, 1217 nömrəli ödəniş qəbzinə əsasən B** R** S** qızı adlı müştəriyə məxsus **** **** **** 3382 nömrəli kart hesabına 1000 manat; xx.xx.2024-cü il tarixli, 1-125363193 nömrəli qəbzə əsasən **** **** **** 3382 nömrəli kart hesabına 1900 manat; xx.xx.2024-cü il tarixli, **********0 nömrəli qəbzə əsasən **** **** **** 3382 nömrəli kart hesabına 1500 manat; xx.xx.2024-cü il tarixli, 1-183062317 nömrəli qəbzə əsasən RE** B** adlı müştəriyə məxsus **** **** **** 3382 nömrəli kart hesabına 680 manat məbləğində pullar köçürülmüşdür.

10. xx.xx.2025-ci il tarixli, 128024 nömrəli girov biletindən görünür ki, İddiaçı tərəfindən 2508 manat dəyərində qızıl-zinət əşyalarının xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək girov qoyulması nəticəsində 2400 manat kredit əldə edilmişdir.

11. xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 325 manat ödəniş edilmişdir.

b) tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.7. Əsassız varlanma. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; Maddə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Maddə 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; c) məhkəmə baxışının hədləri

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

d) məhkəmənin mövqeyi

15. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslıdır.

16. Qeyd edilməlidir ki, iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.

17. İş üzrə cavabdehin iddiaçıdan şəxsi istehlak məqsədi üçün 2024-cü ildə müxtəlif vaxtlarda qaytarmaq şərtilə pul istəməsi, iddiaçının həmin pulu cavabdehə verməsi işin mübahisəsiz halıdır.

18. İddiaçı cavabdehə 12080 manat kart vasitəsilə, 6420 manat isə nağd şəkildə olmaqla, ümumilikdə 18500 manat məbləğində borc verdiyini, lakin pulun bugünə kimi qaytarılmadığını əsas gətirərək iddiasının təmin edilməsini xahiş etmişdir.

19. Cavabdeh iddiaçıdan şəxsi istehlak məqsədi üçün pul istədiyini, pulun 12000 manatını kart vasitəsilə aldığını, həmçinin, lombarda qızıl qoyaraq ondan hazırda xatırlamadığı məbləğdə borc aldığını, nağd şəkildə başqa borc götürmədiyini, həmin borcu faizlə götürdüyünü, hər ay 1200 manat kökündən getməyən faizlər ödədiyini, hesablamasına görə hazırda həmin 12000 manat borcu qaytardığını, lombarddan alınan borcu isə dəqiqləşdirdikdən sonra hissə-hissə qaytarmağa razı olduğunu bildirmişdir.

20. Qeyd olunmalıdır ki, tərəflər arasında yaranmış münasibətlərə dair vahid bir hüquqi çərçivədə qiymət verilməsi zəruridir. Belə ki, iddiaçı tərəfindən müxtəlif tarixlərdə cavabdehin bank hesabına kart vasitəsilə ödəniş edilməsinin, lombarda qızıl qoyulması müqabilində kredit götürülüb pulun cavabdehə verilməsinin vahid bir niyyətə – yəni cavabdehin maliyyə ehtiyaclarını qarşılamaq məqsədinə xidmət etdiyini göstərir. Bu səbəbdən, məbləğlərin hissə-hissə verilməsi onları müstəqil əqdlər kimi deyil, vahid bir iqtisadi əməliyyatın tərkib hissələri kimi xarakterizə edir.

21. İddiaçı cavabdehə borc şəklində vahid niyyətlə 18500 manat pul verdiyini iddia etsə də, tərəflər arasında yazılı formada hər hansı borc müqaviləsi bağlanmamışdır. Halbuki, Mülki Məcəllənin 740.2-ci maddəsinin mənasına görə borc müqaviləsinin predmetinin üç min manatdan çoxdursa borc müqaviləsi yazılı formada bağlanır.

22. Göründüyü kimi tərəflər arasında yazılı borc müqaviləsi bağlanmadığından, mövcud mübahisəyə Mülki Məcəllənin 739-cu maddəsinin tətbiqi yolverilməzdir.

23. Nəzərə alınmalıdır ki, iddianın faktiki əsaslarını göstərmək iddiaçının vəzifəsi olduğu kimi, iddianın qanuni əsasını müəyyən etmək isə məhkəmənin vəzifəsidir. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin iddia ərizəsində və ya apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından, tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil.

24. Baxılan iş üzrə iddia tələbi cavabdehin əsassız əldə etdiyi pulun qaytarılması təşkil etdiyindən, iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 1091.1, 1092.1-ci maddələri nəzərdən keçirilə bilər.

25. Bu institutun tətbiqi üçün iki əsas şərt kifayətdir: a) bir şəxsin digərinin hesabına əmlak əldə etməsi; b) bu əldə etmənin qanuni və ya müqavilə əsasının olmaması.

26. Göründüyü kimi cavabdeh əslində hüquqi əsas olmadan iddiaçının hesabına əldə etdiyi pulu qaytarmamaqla bu cür varlanmaya haqq qazandıran qanuni və ya müqavilə əsası olmadan varlanmışdır. Belə olan halda əsassız varlanmış şəxs kimi cavabdeh əldə etdiyi həmin vəsaiti məhrum olanın, yəni iddiaçının mövcud tələbi ilə ona qaytarmalıdır.

27. Hazırda mübahisə predmeti öhdəliyin həcmi, onun nə qədər hissəsinin ödənildiyi və yekun borcun məbləği ilə bağlıdır.

28. İddiaçı tərəf ərizəsində və məhkəmə iclaslarındakı izahatlarında cavabdehə kart vasitəsilə 12080 manat məbləğində pul verdiyini bildirmiş, cavabdeh isə iddiaçıdan 12000 manat məbləğdə pulu kart vasitəsilə aldığını etiraf etmişdir.

29. İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallar qismində ödəniş qəbzləri təqdim edilmiş, həmin ödəniş qəbzlərinə əsasən cavabdehə 11780 manat verildiyi öz təsdiqini tapır. İddiaçı ərizəsində xx.xx.2024-cü ildə 100 manat, xx.xx.2024-cü ildə 100 manat və xx.xx.2024-cü ildə 100 manat ödəniş etdiyini bildirsə də, bu halları təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir.

30. Odur ki, məhkəmə cavabdehin iddiaçı qarşısında nağdsız öhdəliyinin həcminin cavabdehin etirafı həcmində, yəni 12000 manat olmasını əsaslı hesab edir.

31. İddiaçı lombarda girov qoyaraq cavabdehə 2400 manat məbləğində pul verdiyini bildirmiş, cavabdeh bu cür faktın mövcudluğunu etiraf etmiş, lakin məbləğin o qədər olmadığını və iddiaçının özünə də pul götürdüyünü bildirmişdir.

32. xx.xx.2025-ci il tarixli girov biletindəki məbləğin “kredit” adlı bölməsində “2400” göstərilməsi işin mübahisəsiz halıdır. Lakin cavabdeh həmin məbləğin ona tam şəkildə verilmədiyini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.

33. İddiaçı, həmçinin, pulun bir hissəsini (4020 manat) cavabdehə əlbəəl verdiyini iddia etsə də, bu hallara dair məhkəməyə sübut təqdim edə bilməmişdir.

34. Beləliklə, məhkəmə öhdəliyin həcminin 14400 manat (12000+2400) olması qənaətinə gəlir.

35. İddiaçı həmin məbləğdən heç bir ödəniş edilmədiyini, cavabdeh isə hər ay 1200 manat olmaqla, kökündən getməyən faizlər ödədiyini bildirmişdir. Lakin bununla bağlı cavabdeh tərəfindən hər hansı sübut təqdim edilməmişdir.

36. Mülki məhkəmə icraatında sübutetmə institutu və sübutetmə yükünə dair qeyd olunmalıdır ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Mülki işlər üzrə icraatda çəkişmə prinsipi isə tərəflərin öz hüquqi mövqeyini müdafiə etməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır.

37. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını MPM-nin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız MPM-nin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. MPM-in 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edibetməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.

38. Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar).

39. İddiaçı nağd ödənişlərlə bağlı cavabdehlə aralarında olan yazışmaları və səs yazılarını təqdim etsə də, həmin sübutların tədqiqi zamanı cavabdehin bu məbləğdə borcla razılaşması öz təsdiqini tapmamışdır.

40. Cavabdeh isə sübut təqdim edə bilməməsini telefondan mesajların və səs yazılarının silinməsi ilə əlaqələndirmişdir. Bu isə cavabdehin subyektiv riski olmaqla, onu sübutetmə vəzifəsindən azad etmir. Belə ki, cavabdehin məhkəməyə sübutlar təqdim etmək üçün kifayət qədər vaxtı olmuşdur.

41. Göründüyü kimi sübutetmə yükünü daşımasına baxmayaraq, iddiaçı öhdəliyin həcminin 18500 manat olduğunu, cavabdeh isə yalnız girov bileti üzrə az məbləğdə borcunun qalmasını təsdiq edə biləcək sübutları (qəbz, bank çıxarışı, köçürmələri təsdiq edən sənəd, ödənişlə bağlı aralarında bağlanmış akt, şahid ifadələri və s.) məhkəməyə təqdim etməmişdir.

42. Beləliklə, tərəflər sübutetmə vəzifəsinin öhdəsindən qismən gəlmişlər. Sübutetmə nəzəriyyəsinə görə sübut edilməyən fakt mövcud olmayan fakt hesab olunur.

43. Odur ki, iddia qismən təmin edilərək 14400 manat (12000+2400) pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

44. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

45. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin edildiyindən iddia tələbi vəkil orderinə görə ödənilmiş 325 manat pulun iddianın təmin olunan hissəsinə uyğun olaraq 253.5 manat və iddiaçı tərəfindən ödənilmiş 146 manat məbləğdə dövlət rüsumunun iddianın təmin olunan hissəsinə uyğun olaraq 113.88 manat hissəsinin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində də əsaslıdır.

Nəticə hissəsi:

46. Göstərilənlərə əsasən və MPM-nin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia qismən təmin edilsin. 14400 manat pul, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 113.88 manat və vəkil xərcinə görə 253.5 manat olmaqla, ümumilikdə 14767.38 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Pərvin İmamverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar