Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-7656/2025 17.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ iddiaçı «X2» ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iş üzrə (açar sözlər: borcun tutulması, məhkəmə aidiyyəti) Hakim İmamverdiyeva Pərvin Arif qızının sədrliyi ilə, iddiaçı «X2» ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki işə baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Tələb
1. İddiaçı cavabdehlərə qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 2383.94 manat əsas, 362.52 manat faiz, 93.33 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 2839.79 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 48.80 manat məbləğində vəsaitin tutulması barədə qərardad çıxarılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Maddə 24.3. Məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır Maddə 25.1. sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir; Maddə 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə. Maddə 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Maddə 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.
3. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.
4. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” xx.xx.2020-ci il tarixli Qərarı: “10. ... Belə ki, MPM-nin 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur.
11. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.
28. Məhkəmələrə izah edilsin ki, fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir.”
Məhkəmənin mövqeyi
5. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.
6. Yuxarıda qeyd edilən mülki prosessual qanunvericilik normalarının məzmunundan da göründüyü kimi mübahisənin ümumi və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla mülki prosessual qanunvericiliyə uyğun olaraq müəyyən edilir.
7. Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biri olduğuna görə o, qanunla dəqiq müəyyən edilməlidir. Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır.
8. Məhkəmələr məhkəmə aidiyyətini müəyyən edərkən üç əsas xüsusiyyəti: işdə iştirak edən şəxslərin subyektiv tərkibini, mübahisənin predmetini və hüquq münasibətinin xarakterini yoxlamalıdır. Məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı hər üç xüsusiyyət yoxlanmalıdır.
9. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biri olduğuna görə o, qanunla dəqiq müəyyən edilməlidir. Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır. Məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə də mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan əhəmiyyət kəsb edir.
10. İşdən görünür ki, tərəflərdən iddiaçı "xxxx" ASC (VÖEN **********) kommersiya hüquqi şəxsi, əsas borclu olan Cavabdeh1 (VÖEN **********) isə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. Cavabdehə məxsus VÖEN-nin təyinatı şəxsi maşınların sürücü ilə icarəsi ilə bağlıdır.
11. İşdə olan xx.xx.2024-cü il tarixli, 31micSUM/24-EM saylı Əsas Kredit Müqaviləsindən görünür ki; 1.1. ... borcalan isə krediti məqsədli təyinatına uyğun istifadə etməyi öhdəsinə götürdüyü qeyd olunur. 1.3. Bu Müqavilə ... ilə kreditlər sahibkarlıq fəaliyyəti ilə bağlı verilir. 1.4. Borcalana kredit “X1” (SİF) və ya “Aqrar Kredit və İnkişaf Agentliyinin” (AKİA) vəsaitləri hesabına da verilə biləcəyi göstərilir. 2.9. ... borcun təyinatı üzrə istifadəsinə nəzarət edə bilmədikdə və ya borc təyinatı üzrə istifadə olunmadıqda krediti vaxtından əvvəl tələb edə bilər. 3.2.1. Borcalan kreditdən yalnız məqsədli təyinatına uyğun istifadə edəcəyinə təminat verir. 4.2. Borcalanın kreditdən məqsədli təyinatına uyğun istifadə edilməməsi halında ... bankın krediti dərhal geri tələb etmək və 1% cərimə tətbiq etmək hüququ var.
12. Həmçinin, xx.xx.2024-cü il tarixli, 31micSUM/24 saylı Əlavə Kredit Müqaviləsindən görünür ki; 2.2. Bank, kreditin təyinatı üzrə istifadə edilməsinə nəzarət etmək məqsədilə monitorinqlər apara, borcalanın ünvanına gedə və araşdırma apara bilər.
12. Kredit xətti və onun əsasında bağlanmış kredit müqaviləsinin yuxarıda göstərilən bəndlərinin təhlili göstərir ki, kredit sahibkarlıq məqsədilə verilmiş, bank layihənin gedişatını izləməkdə maraqlı olmuşdur.
13. Qeyd etmək lazımdır ki, həm SİF, həm də AKİA (əsas müqavilə, bənd 1.4) sahibkarlıq və aqrar (biznes) fəaliyyətini dəstəkləmək üçün fəaliyyət göstərir. Müqavilənin bu cür vəsaitlərin cəlb edilməsinə imkan verməsi kredit xəttinin özünün kommersiya və biznes məqsədləri üçün nəzərdə tutulduğunu, kreditin mahiyyətcə sahibkarlıq fəaliyyəti ilə əlaqəli olduğunu və SİF kimi birbaşa biznesi dəstəkləyən qurumun vəsaitlərinin cəlbinin nəzərdə tutulduğunu göstərir.
14. Həmçinin, digər bəndlərdə nəzərdə tutulan (kreditin məqsədli təyinatı və bankın nəzarət hüquqları) isə kredit münasibətlərinin istehlak deyil, kommersiya xarakteri daşıdığını bir daha sübut edir.
15. Göründüyü kimi tərəflər arasındakı mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranmışdır.
16. Beləliklə, məhkəmə hesab edir ki, kommersiya subyektlərinin tərəf olduğu kommersiya mübahisələri ilə bağlı ərizələrə kommersiya məhkəmələrində baxılmalı olduğundan, hazırkı ərizə məhkəmə aidiyyəti qaydalarının pozulması ilə Sumqayıt Şəhər Məhkəməsinə verildiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və iddiaçıya aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmək hüququ izah olunmalıdır.
17. Göstərilənləri və MPM-nin 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı «X2» ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi və və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmək hüququ izah olunsun. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər.
Hakim Pərvin İmamverdiyeva