Məhkəmə qərarları › İş №e-2(060)-7719/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-7719/2024

24.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-7719/2024 24.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin dəyişdirilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 3871/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) 1/4 hissə miqdarında alimentin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 3871/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9514/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin Cavabdeh X1 xeyrinə tutulması barədə qətnamə qət edilmişdir. Övladının tələbatı günü-gündən artır. Oğlunun yeyib-içmək və digər xərclərini ödəyə bilmir. Cavabdeh uşağına və ona heç bir maddi köməklik göstərmir, qazancını özünə sərf edir və cavabdeh uşağı saxlamaqda ona köməklik göstərmir. O özü Sumqayıt şəhər Polis İdarəsində polis nəfəri kimi fəaliyyət göstərir, aldığı maaş 1000 manatdan yuxarıdır. Hesab edir ki, hazırda bu məbləğ indiki reallıqda uşağın saxlanması üçün kifayət deyildir. Belə ki, təyin olunmuş məbləğ uşağın geyimi, qidalanması təhsili və s. bu kimi işlərin görülməsi üçün faktiki olaraq kifayət etmir. Hazırda təyin edilmiş aliment miqdarının artırılmasına zərurət yaranmışdır və ona görə də məhkəməyə müraciət etmək məcburiyyətindədir.

Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, hər ay qazancının 1/4 hissəsi miqdarında aliment ödəməyə razıdır. Əsas istəyi iddiaçı tərəfindən uşağa yaxşı baxılmasıdır. Tədqiq olunan sübutlar:

5. AZ-İV 154538 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2018-ci ildə anadan olmuşdur. Uşağın atası Cavabdeh, anası isə X3r.

6. Sumqayıt Şəhər Məhkəməsinin 31 avqust 2020-ci il tarixli, 2(060)-3871/2020 saylı qətnaməsindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9514/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin Cavabdeh X1 xeyrinə tutulması qət edilmişdir.

7. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci və 10 manat poçt xərci ödəmişdir.

Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Tətbiq edilən hüquq:

9. Azərbaycan Respublikası Ailə Məcəlləsinin :

75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1.1-ci maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

10. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarı : Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir.

11. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarı : 8.2-ci bəndinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. 8.13-cü bəndinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

12. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

13. “Uşaq hüquqları haqqında” Konvensiya: 27-ci maddəsinə görə, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.

14. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunu : 2024-cü il uşaqlar üçün yaşayış minimumu ölkə üzrə 235 manat məbləğində müəyyən edilmişdir.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

15. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, tərəfləri dinləyərək, işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia təmin edilməlidir.

16. Belə ki, istinad olunan qanunvericilik aktlarından göründüyü kimi həmin aktların əsas istiqaməti ona yönəlmişdir ki, heç bir əsas valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir.

17. Yuxarıda şərh olunanlara əsaslanaraq məhkəmə iddia tələbini əsaslı hesab edir. Belə ki, Ailə qanunvericiliyində məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası müəyyən edilmişdir: - aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında; - sabit pul məbləğində.

18. Hazırda iddiaçı sabit pul məbləğində təyin edilmiliş alimentin tutulması qaydasının dəyişdirilərək, cavabdehin işləməsi və gəlir əldə etməsi səbəbindən onun qazancının (başqa gəlirlərin) 1/4 hissəsi miqdarında tutulub ona ödənilməsini məhkəmədən xahiş edir.

19. Məhkəmə qeyd edir ki, ailə qanunvericiliyinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə - qazancın (başqa gəlirlərin) yarısı. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.

20. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir (“Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarı).

21. Cavabdeh tərəfindən məhkəmə iclasında təqdim edilmiş ödəniş kartı üzrə çıxarışdan görünür ki, iddiaçı işləməklə əmək haqqı alır.

22. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin daimi qazancı olduğundan iddiaçının alimentin cavabdehin qazancının müəyyən hissəsi miqdarında tutulmasına dair tələbi əsaslıdır.

23. Alimentin miqdarına gəlincə məhkəmə qeyd edir ki, iddiaçı və cavabdehin bir yetkinlik yaşına çatmayan uşaqları vardır. Qanunverilikdə bir uşağa görə qazancın 1/4 hissəsi miqdarında alimentin tutulması təsbit edilmişdir. Eyni zamanda cavabdeh izahatında alimentin gəlirlərinin ¼ hissəsi miqdarında tutulmasına etiraz etmədiyini bildirmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, alimentin miqdarı cavabdehin qazancının 1/4 hissəsi miqdarında tutulmalıdır.

24. Bundan əlavə məhkəmə qeyd edir ki, “Dövlət rüsumu haqqında” Qanunun 8-ci maddəsinə əsasən, aliment tələbi üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad edilsə də, Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

25. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehdən dövlət rüsumu qismində 50 manat məbləğində pul vəsaiti tutulmalıdır.

Nəticə:

26. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia tələbi təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 31 avqust 2020-ci il tarixli, 2(060)-3871/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment dəyişdirilərək, xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay Cavabdeh qazancının və digər gəlirlərinin 1/4 hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. Forması dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh dövlət rüsumu qismində 50 manat məbləğində pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar