Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-7769/2025 04.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Şirəliyeva Vəfa Zavrulla qızı İddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı cavabdehlər Zamin və Cavabdeh qarşı “borcun tutulması” barədə kiçik iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı cavabdehlər Zamin və Cavabdeh qarşı iddia qaldıraraq cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada, kreditin əsas borcu üzrə 958,36 manat, faiz borcu üzrə 226 manat, cərimə borcu üzrə isə 114 manat olmaqla, ümumilikdə 1298,36 manat məbləğində borc və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 33 manat məbləğində pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia onunla əsaslandırılmışdır ki, 21 avqust 2023-cü il tarixdə "xxxx" BOKT MMC ilə Cavabdeh arasında 08/621-23 nömrəli kredit müqaviləsi bağlanılmışdır. Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh iddiaçı tərəfindən istehlak mallarının alınması üçün 4800 manat məbləğində illik 35 % ilə kredit ayrılmışdır. O, 24 ay müddətində kreditin əsas məbləği müqaviləsinin 1 saylı əlavəsindəki qrafik üzrə ödəməli idi. Borclunun öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə həmçinin 21 avqust 2023-cü il tarixdə Zamin ilə zaminlik müqaviləsi bağlanmışdır. Bağlanmış zaminlik müqaviləsinin şərtlərinə görə “zamin” borcalanın təşkilata olan öhdəliklərini tam yerinə yetirənədək birlikdə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. İddiaçı kredit müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəliyini tam icra etmişdir. Lakin cavabdehlər kredit müqaviləsinin şərtlərini mütəmadi olaraq pozmuşdur. Cavahdehlərin xx.xx.2025-ci il tarixə iddiaçıya əsas borc üzrə 958,36 manat , faiz borcu üzrə 226 manat, cərimə borcu üzrə isə 114 manat olmaqla, ümumilikdə 1298,36 manat məbləğində borcu yaranmışdır.
Tədqiq olunan sübutlar:
3. Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 21 avqust 2023-cü il tarixli, 08/621-23 saylı kredit müqaviləsindən görünür ki, BOKT borcalana X1 tərəfindən satışı həyata keçirilən istehlak mallarının alınması üçün 24 ay müddətinə illik 35 faiz olmaqla 4800 manat məbləğində kredit verməyi, borcalan isə müqavilədə göstərilən qaydada ödəniş qrafiki əsasında əsas borcu və hesablanmış faizləri BOKT-a qaytarmağı öhdəsinə götürmüşdür.
4. Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə cavabdeh Zamin arasında bağlanmış 21 avqust 2023-cü il tarixli, 08/621-23 saylı zaminlik müqaviləsindən görünür ki, Zamin özünə məxsus bütün daşınar və daşınmaz əmlakları ilə BOKT-la borcalan arasında bağlanmış 21 avqust 2023-cü il tarixli, 08/621-23 saylı kredit müqaviləsi üzrə borcalanın BOKT qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür.
5. 21 avqust 2023-cü il tarixli ödəniş qrafikindən görünür ki, 21 avqust 2023-cü il tarixli, 08/621-23 saylı kredit müqaviləsi üzrə ödənişlərin icra edilməsi müddəti xx.xx.2023cü il tarixdən xx.xx.2025-ci il tarixədək müəyyənləşdirilmişdir.
6. 30.10.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyinə və kredit müqaviləsinin 2.4 və 2.5-ci bəndlərinə əsasən, yaranmış olan tam borc 2849 manat məbləğində borcun 3 gün müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə qanunamüvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir.
Tətbiq edilən hüquq:
7. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
- 739.1-ci maddəsinə əsasən (əvvəlki redaksiyada) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. -467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. -470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. -472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. -472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. -472.3-cü maddəsinə görə birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. Məhkəmə iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur.
9. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.
10. Belə ki, mülki qanunvericiliyə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
11. İş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, BOKT borcalana istehlak mallarının alınması üçün 24 ay müddətinə qaytarmaq şərti ilə 4600 manat məbləğində kredit verməyi, borcalan isə müqavilədə göstərilən qaydada ödəniş qrafiki əsasında əsas borcu və hesablanmış faizləri BOKT-a qaytarmağı öhdəsinə götürmüşdür. Qeyd edilən kredit müqaviləsinin təminatı olaraq zaminlik müqaviləsi bağlanmış və Zamin həmin müqavilə üzrə öhdəliyin icra edilmədiyi halda məsuliyyəti öz üzərlinə götürmüşdürlər.
12. Cavabdeh tərəfindən müqavilə üzrə borcun ödənilməsi tam təmin edilmədiyindən iddiaçı tərəfindən ona bildiriş göndərilərək borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
13. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. İddiaçı qeyd olunan müqavilə üzrə üzərinə düşən vəzifəni yerinə yetirərək pul vəsaitini cavabdehin hesabına köçürmüş və onlar ödənişlərin müddəti və məbləği barədə razılığa gəlmişlər. Lakin Cavabdeh müqavilədən irəli gələn kreditin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş öhdəliyi yaranmışdır.
14. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsas borcun və faiz borcunun ödənilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir.
15. Məhkəmə işin hallarını, o cümlədən tərəflərin həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, 114 manat təşkil edən cərimə məbləğinin 20 (iyirmi) manata qədər azaldılmasını məqsədəmüvafiq hesab edir.
16. Məhkəmə iddianın Zamin qarşı hissəsinə münasibətdə qeyd edir ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə cavabdeh Zamin arasında bağlanmış 21 avqust 2023-cü il tarixli, 08/621-23 saylı zaminlik müqaviləsindən görünür ki, Zamin özünə məxsus bütün daşınar və daşınmaz əmlakları ilə BOKT-la borcalan arasında bağlanmış 21 avqust 2023-cü il tarixli, 08/621-23 saylı kredit müqaviləsi üzrə borcalanın BOKT qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür.
17. Mülki qanunvericiliyə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.
18. Beləliklə, məhkəmə hesab edir ki, qeyd edilən müqavilə üzrə Zamin tərəfindən sözügedən müqavilə üzrə öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə həmin öhdəliyin icra edilməsi üçün borclu ilə birgə məsuliyyət daşıması ilə bağlı üzərinə öhdəlik götürdüyündən iddia cavabdeh Zamin dair hissədə də təmin edilməlidir.
19. Beləliklə, məhkəmə hesab edir ki, Zamin və Cavabdeh 958,36 manat əsas borc, 226 manat faiz, 20 manat cərimə borcu olmaqla, cəmi 1204 (min iki yüz dörd) manat, 36 (otuz altı) qəpik məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 32 (otuz iki) manat, 04 (dörd) qəpik hissəsi tutularaq Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-yə ödənilməlidir.
Nəticə:
20. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Zamin və Cavabdeh 958,36 manat əsas borc, 226 manat faiz, 20 manat cərimə borcu olmaqla, cəmi 1204 (min iki yüz dörd) manat, 36 (otuz altı) qəpik məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 32 (otuz iki) manat, 04 (dörd) qəpik hissəsi tutularaq Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva