Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-7947/2024 29.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Şirəliyeva Vəfa Zavrulla qızı İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” barədə kiçik iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia qaldıraraq cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 birgə qaydada iddiaçı "xxxx" MMC-nin xeyrinə 469,89 manat əsas borc, 28,61 manat faiz borcu və 10 manat dəbbə borcu olmaqla, cəmi 508,50 manat məbləğində borcun və işə məhkəmə baxılması üçün ödənilmiş 30,40 manat dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh2 arasında 18 yanvar 2023-cü il tarixli, SUMG1-7988-22003 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 39 faiz olmaqla 24 ay müddətinə 1500 manat məbləğində kredit verilmişdir. Yuxarıda qeyd olunan kredit müqaviləsindən irəli gələn öhdəliklərin lazımı qaydada icrasını təmin etmək məqsədi ilə "xxxx" MMC, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 arasında 18 yanvar 2023-cü il tarixdə SUMG1-7988- 22003+SUMG1-19383 saylı zaminlik müqaviləsi bağlanmışdır. Tərəflər arasında imzalanmış ödəniş qrafiki ilə kreditin qaytarılması günləri və annuitet məbləği müəyyən etmişdir. Borclu ödəniş qrafikinə əsasən hər ay 91 manat ödəniş etməli idi. Lakin borclu kreditor qarşısında ödəniş qrafikində nəzərdə tutulmuş ödəniş müddətlərini və məbləğlərini pozmuşdur. Həmçinin tərəflər arasında bağlanmış kredit müqaviləsinin 3.1.4.1 və 3.1.4.2-ci maddələrinə əsasən müqavilə üzrə öhdəliklərin pozulması hallarında kredit verən birtərəfli qaydada müqaviləyə vaxtından əvvəl xitam verərək hesablanmış faizi ilə birlikdə geri ödənilməsini tələb edə bilər. Beləliklə, 22 noyabr 2024-cü il tarixi üçün Cavabdeh2 verilmiş kredit üzrə 469,89 manat əsas borc, 28,61 manat faiz borcu və 10 manat dəbbə borcu olmaqla, cəmi 508,50 manat borcu mövcuddur. Kredit müqaviləsinin 3.1.4.1 və 3.1.4.2-ci maddələrinə əsasən müqavilə üzrə öhdəliklərin müəyyən edilmiş vaxtlarda yerinə yetirilmədiyi hallarında Azərbaycan Respublikası MM-nin 445.2-ci maddəsinə uyğun olaraq kredit verən birtərəfli qaydada müqaviləyə vaxtından əvvəl xitam verərək hesablanmış faizi ilə birlikdə borcun geri ödənilməsini tələb edə bilər. Həmin kredit müqaviləsinin 4.3-cü maddəsinə görə, kredit verən gecikdirilən günlər üçün də faiz hesablanmaqla birlikdə hər gecikdirilən gün üçün kreditin ödənilməli olan hissəsinin 1%-i miqdarında dəbbə pulu tətbiq edə bilər. Tədqiq olunan sübutlar:
3. "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış 18 yanvar 2023-cü il tarixli, SUMG1-7988-22003 saylı kredit müqaviləsindən görünür ki, kredit verən bu müqavilənin şərtlərinə uyğun olaraq borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək və təminatlılıq əsasında 24 ay müddətinə, illik 39 faiz dərəcəsi ilə 1500 manat məbləğində kredit verməyi, borcalan kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini bu müqavilədə göstərilmiş qaydada həyata keçirməyi öhdəsinə götürmüşdür.
4. "xxxx" MMC ilə Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 arasında bağlanmış 18 yanvar 2023-cü il tarixli, SUMG1-7988-22003+SUMG1-19383 saylı zaminlik müqaviləsindən görünür ki, zaminliklə təmin edilmiş öhdəliyin yaranma əsası 18 yanvar 2023-cü il tarixli, SUMG1-7988-22003 saylı kredit müqaviləsidir və zamin və borclu kredit müqaviləsindən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra olunmasına görə, o cümlədən, lakin bununla məhdudlaşmadan, əsas borc və onun faizi kredit müqaviləsində şərtləşdirilmiş müddətdə qaytarılmadığı, kredit müqaviləsində nəzərdə tutulmuş dəbbə borcu və ya sığorta pulu ödənilmədiyi və kredit müqaviləsində göstərilən digər şərtlər yerinə yetirilmədiyi hallarda kreditor qarşısında birgə məsuliyyət daşımağı öhdələrinə götürmüşlər.
5. 18 yanvar 2023-cü il tarixli ödəniş qrafikindən görünür ki, 18 yanvar 2023-cü il tarixli, SUMG1-7988-22003 saylı kredit müqaviləsi üzrə ödənişlərin müddəti xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək müəyyənləşdirilmişdir.
6. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, 18 yanvar 2023-cü il tarixli, SUMG1-7988-22003 saylı kredit müqaviləsi üzrə 469,89 manat əsas borc, 28,61 manat faiz borcu, 10 manat cərimə borcu, cəmi 508,50 manat borcu vardır.
7. 23.09.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən cavabdehlərdən 629,27 manat borcun beş gün ərzində qaytarılması tələb edilmiş, borc ödənilmədiyi halda qanunvericiliyin tələblərinə əsasən tərəflər arasında bağlanmış kredit müqaviləsinə xitam verilməsi və kredit borcunun cavabdehlərdən tutulması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq olunmuşdur.
Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
- 739-cu maddəsinə əsasən (əvvəlki redaksiya) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. -467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. -470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. -472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. -472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. -472.3-cü maddəsinə görə birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
9. Məhkəmə iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur.
10. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.
11. Belə ki, mülki qanunvericiliyə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
12. İş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, kredit verən bu müqavilənin şərtlərinə uyğun olaraq borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək və təminatlılıq əsasında 24 ay müddətinə, illik 39 faiz dərəcəsi ilə 1500 manat məbləğində kredit verməyi, borcalan kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini bu müqavilədə göstərilmiş qaydada həyata keçirməyi öhdəsinə götürmüşdür. Qeyd edilən kredit müqaviləsinin təminatı olaraq zaminlik müqaviləsi bağlanmış və Cavabdeh1, Cavabdeh3 həmin müqavilə üzrə öhdəliyin icra edilmədiyi halda məsuliyyəti öz üzərlinə götürmüşdürlər.
13. Cavabdeh tərəfindən müqavilə üzrə borcun ödənilməsi tam təmin edilmədiyindən iddiaçı tərəfindən ona bildiriş göndərilərək borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
14. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. İddiaçı qeyd olunan müqavilə üzrə üzərinə düşən vəzifəni yerinə yetirərək pul vəsaitini cavabdehin hesabına köçürmüş və onlar ödənişlərin müddəti və məbləği barədə razılığa gəlmişlər. Lakin Cavabdeh2 müqavilədən irəli gələn kreditin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş öhdəliyi yaranmışdır.
15. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsas borcun və faiz borcunun ödənilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir.
16. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, 10 manat təşkil edən cərimə məbləğinin 2 manata qədər azaldılmasını məqsədəmüvafiq hesab edir.
17. Məhkəmə iddianın zamin Cavabdeh1 və Cavabdeh3 qarşı hissəsinə münasibətdə qeyd edir ki, "xxxx" MMC ilə Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış 18 yanvar 2023-cü il tarixli, SUMG1-7988-22003+SUMG1-19383 saylı zaminlik müqaviləsindən göründüyü kimi zaminlər 18 yanvar 2023-cü il tarixli, SUMG1-7988-22003 saylı kredit müqaviləsindən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra olunmasına görə kreditor qarşısında birgə məsuliyyət daşımağı öhdələrinə götürmüşlər.
18. Mülki qanunvericiliyə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.
19. Beləliklə, məhkəmə hesab edir ki, qeyd edilən müqavilə üzrə zamin Cavabdeh1 və Cavabdeh3 tərəfindən sözügedən müqavilə üzrə öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə həmin öhdəliyin icra edilməsi üçün borclu ilə birgə məsuliyyət daşıması ilə bağlı üzərərinə öhdəlik götürdüklərindən iddia cavabdehlər Cavabdeh1 və Cavabdeh3 dair hissədə də təmin edilməlidir.
20. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 469,89 manat əsas borc, 28,61 manat faiz, 2 manat cərimə borcu olmaqla, cəmi 500 (beş yüz) manat, 05 (beş) qəpik məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat pul vəsaiti tutularaq "xxxx" MMC-yə ödənilməlidir.
Nəticə:
21. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 469,89 manat əsas borc, 28,61 manat faiz borcu və 2 manat cərimə borcu olmaqla, cəmi 500 (beş yüz) manat, 05 (beş) qəpik məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat pul vəsaiti tutularaq "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva